21:38 şənbə, 20 Oktyabr 2018
MÜSAHİBƏ

“18 il sual verməklə məşğul idim, indi cavab verməklə” – Tanınmış aparıcı

14:17, 22.09.20187722
“18 il sual verməklə məşğul idim, indi cavab verməklə” – Tanınmış aparıcı

Azxeber.com saytı tanınmış telejurnalist, aparıcı Billurə Əmirova ilə müsahibəni sizə təqdim edir...


Televiziyadan getmisiniz. Niyə belə bir qərar verdiniz?

O yerdə ki, sən özünü bitmiş və yorğun hiss edirsən, mütləq mənada yerini dəyişməlisən. Mühit önəmli faktordur. Bu gün telemühit bir qədər dəyişib. Reytinq cıdırında bəzi dəyərlər itir, bəziləri ayaqlanır və.s. Televiziya mənim həyat tərzim və 18 illik yol yoldaşım oldu. Xəbərdən başlayıb, yaradıcılığa, oradan da idarəçiliyə qədər yol qət etdim. Nəhayət, yollarımızı ayırmaq zərurəti yarandı. Mən özümü kifayət qədər peşəkar kadr hesab edirəm. Peşəkarlar hər zaman dəyərləndirilməlidir.

 

Bəs sizə yeni mövsümdə təkliflər gəldimi?

Əlbəttə, təkliflər oldu. Bir yaşdan sonra insanın baxışı dəyişir. Bəlkə də 5 il əvvəl bu təkliflər mənə cazibəli görünərdi. Amma artıq...


Televiziya ilə bütün bağları qoparmısınız, deyəsən?

(Gülür) Hələlik belə görünür. Amma gələcəyin adından da danışmaq olmur. Mən bütün həmkarlarıma və yeni mövsümdə iddialı olan televiziyalara uğurlar arzulayıram.

 

 

Yeni işə başlamısınız. İndidən sonra fəaliyyətinizi PR menecer olaraq davam etdirəcəksiniz. Hansısa mənada yenə media ilə əlaqələriniz olacaq?

Bəli, tamamilə doğru deyirsiniz. Media ilə sıx əlaqələrimiz olacaq. Əvvəl iş fəaliyyətim sadəcə televiziyanı əhatə edirdisə, indi sərhədlər daha gen-boldur. Medianın bütün istiqamətlərində, KİV, ənənvi media, internet mediası, sosial media ilə daha sıx əməkdaşlıq edəcəyik. Əslində, uzun illər redaktor, layihə rəhbəri, baş redaktor olaraq televiziyada həm verilişlərin, həm də aparıcıların piarı ilə məşğul olmuşam. O da bir piardır. Lakin artıq biznesin pərakəndəçilik sektorunda piarla məşğul olacağam. Bu kifayət qədər ciddi və məsuliyyətli işdir. Televiziyada tamaşaçı zövqünü oxşamaq, informasiya təminatını qarşılamaq prioritetdirsə, pərakəndə sektorda müştərinin zövqü, tələbatı və maraqları hər şeydən öndədir.


 

İşinizlə tanışlığınız necə oldu. İlkin təəssüratlarınızı bölüşərdiniz...

"Veysəloğlu Group” bu gün ölkəmizdə nüfuzlu şirkətlər sırasındadır. Araz Supermarket MMC isə bu ailənin bir üzvüdür. Pərakəndə bazar, marketçiliq günümüzdə o qədər sürətlə inkişaf edir ki, bu sahədə rəqabətlilik qabiliyyəti, biznesin dayanıqlı olması olduqca önəmlidir. Mənim üçün FMCG sektor olaraq tamamilə yenidir. Amma deyim ki, çox maraqlıdır. Fürsətdən istifadə edib, mənə göstərilən etimada görə, xüsusilə İlham Məmmədzadəyə təşəkkürümü bildirirəm. O, ölkəmizdə PR sahəsində uzun illərin təcrübəsinə malik, peşəkar mütəxəssisdir. Kollektivimiz böyükdür. İşini bilən, peşəkar və intellektual insanlarla çalışıram.


 

Ölkəmizdə PR-a nə dərəcədə önəm verilir? Bununla bağlı nə düşünürsüz?

Əslində bu sahədə böyük təcrübəyə malik olan insanlar sualınızı daha dolğun cavablandıra bilərlər. Mənimsə fikrim belədir. PR ölkəmizdə yeni və inkişaf etməkdə olan seqmentdir. PR birbaşa nüfuz məsələsidir. Hər hansısa xidmət, məhsul və s. satmaqdan söhbət gedirsə, hər şeydən öncə o xidmətin və ya məhsulun ictimaiyyətdə nüfuzunu formalaşdırmaq lazımdır. Cəmiyyətdə etibar və etimad qazanmaq məhz düzgün qurulmuş PR-ın işindən asılıdır. Hamımızın bildiyi, ”müştəri hər zaman haqlıdır” aksiomasını yada salaq. Haqlı olan müştərini tanımadan, bizdən gözləntilərini bilmədən, tələblərini araşdırmadan heç bir xidmət və məhsul uğur qazana bilməz. Cəmiyyətdə müsbət fikir formalaşdırmaq PR-ın əsas vəzifələrindəndir. Əlbəttə, şirkətin biznes məqsədləri ilə PR arasında möhkəm bağlar olmalıdır. Boşuna demirlər ki, şirkətlərin uğuru PR-ın uğurundan asılıdır.

 

Mətbuatla əlaqələrinizi hansı şəkildə quracaqsınız?

Bizim işimizin mahiyyəti kommunakisyadır. İnformasiyanı lazımi şəkildə, lazımi auditoriyaya çatdırmaq üçün müxtəlif vasitələr var. Növündən asılı olmayaraq media çox önəmli platformadı. Başqa sözlə media PR –ın ən vacib alətidir. Mənim iş fəaliyyətim KİV-lə bağlı olub. Düşünürəm ki, media ilə sıx bağlılığı olan insanların piar fəaliyyətində mətbuatla əlaqələr daha fərqli tənzimlənir. Biz mediayaya hər zaman açığıq. Yaxşı xəbərlərimizi işıqlandıran dostlara təşəkkürümü bildirirəm. Hər hansısa nöqsanı xəbər edən media nümayəndələrindən isə, əlbəttə ki, bu hamıya aid deyil, mütləq bizim də mövqeyimizi öyrənmələrini xahiş edərdim. Ən azından jurnalistlərin peşə davranış qaydalarına əməl etsinlər. Bundan başqa, PR alətlərindən biri olan sosial media hesablarında aktivik. Sosial medianın virtual ünsiyyəti interaktiv dialoqa çevirməsi bizim üçün də fərqli platforma yaradır.

 

Müsahibə üçün təşəkkürümüzü bildiririk. Sizə işlərinizdə uğurlar arzulayırıq.

Mən təşəkkür edirəm. Azxeber.az mənim hər gün oxuduğum xəbər saytları sırasındadır. Oxucunuz və xəbəriniz bol olsun.

XƏBƏR LENTİ