xari

200 cinayətkar xarici ölkələrdən Azərbaycana ekstradisiya olunub

KRİMİNAL
17:21 21.12.2020
382
Ötən beş il ərzində 200 nəfərədək cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub.

Bu barədə AZXEBER.COM-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Dövlətimizin daim diqqətdə saxladığı penitensiar sahədə aparılan islahatların uğurlu nəticəsidir ki, ötən dövrdə bir sıra qabaqcıl Avropa dövlətləri bu sahədə ölkəmizdəki vəziyyəti təqdir edərək ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul ediblər.

Təkcə bu il ərzində beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. ölkələrdən Ədliyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə ölkəmizə ekstradisiya edilməsi təmin olunub.

Bu günlərdə isə Cinayət Məcəlləsinin 263.3-cü (iki şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilərək beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyasına nail olunaraq, o, nazirlik tərəfindən ölkəmizə gətirilib.

Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan xüsusi qeyd olunmalıdır ki, qardaş Türkiyə tərəfindən ölkəmizə daim böyük dəstək göstərilir.

Bununla da cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR