05:39 çərşənbə, 19 Dekabr 2018
SİYASƏT

Onlar bir zamanlar siyasətçi idilər – Siyasətdən biznesə gedən yol...

17:30, 03.08.201812465
Onlar bir zamanlar siyasətçi idilər – Siyasətdən biznesə gedən yol...
Hər bir insanın həyatında müəyyən dəyişikliklər olur. Bəziləri var ki, bu dəyişikliyi fəaliyyət zəminində edirlər. Ömrünün əsas hissəsini ayırdıqları sahədən digər sahələrə transfer edirlər. Belə dəyişiklik edənlər arasında vaxtilə siyasi fəaliyyətlə məşğul olmuş, müxtəlif partiyalara rəhbərlik etmiş, seçkilərdə namizəd olmuş şəxslər də az deyil.

AZXEBER.COM siyasətdən biznesə transfer etmiş şəxslərlə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

Ötən əsrin 80-ci illərinin sonunda böyük siyasətə qədəm qoyan və o dövr üçün ölkənin ən böyük partiyalarından birini - Azərbaycan Milli İstiqlal Partiyasını yaradan, sonradan aktiv siyasi fəaliyyətdən imtina edən Etibar Məmmədovun hazırda bizneslə məşğul olduğu deyilir. 

"Lefortovo” zindanından millət vəkilliyinə, partiya sədrliyindən prezidentliyə namizədliyə qədər uzun siyasi yol qətən E.Məmmədovun hazırda tikinti biznesi ilə məşğul olduğu iddia olunur. Onun özü bu xəbəri heç zaman təkzib etməyib. Hətta bəzi müsahibələrində dolayı yolla təsdiq də edib. Görünən odur ki, bir zamanların alovlu siyasətçisi hazırki işindən məmnundur və çətin ki, birdə aktiv siyasi fəaliyyətə geri dönə.

Etibar Məmmədovdan fərqli olaraq Zakir Tağıyev adı cəmiyyətə bir o qədər də tanış olmasa da, "Təranə" Holdinqin sahibi olan bu biznesmen bir zamanlar "Vətən Ocağı” adlı partiyanın sədri idi. Hətta eyniadlı qəzetə də təsisçilik edirdi. Ötən əsrin 90-cə illərinin əvvəlində "Milyoner Zakir” kimi ad çıxaran Zakir Tağıyev 1993-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizəd kimi iştirak etsə də, 1995-ci ildə siyasi fəaliyyətdən rəsmən uzaqlaşdığını bəyan edib.

Hazırda ölkəmizin aparıcı banklarından olan – "GünayBank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov ötən əsrin sonlarında Azərbaycan Demokratik Sahibkarlar Partiyasına rəhbərlik edib. Bir müddət onun rəhbərliyi altında "BMT” adlı özəl telekanal fəaliyyət göstərsə də, sonradan fəaliyyəti dayanıb. Mahmud Məmmədov hazırda siyasi fəaliyyətlə məşğul deyil. Uzun illər diqqətdən kənarda qalan M.Məmmədov son illər yenidən bank sektorunda parlamağa başlayıb.

Dünyaca populyar dərgi - "Forbes”in milyarderlər siyahısında adı keçən, Rusiyanın "əmlak kralları” sayılan Qod Nisanov və Zarah İliyevlə ortaqlığı olan İlham Rəhimov də Azərbaycanda aktiv siyasi fəaliyyətlə məşğul olub. Sabiq millət vəkili İlyas İsmayılovun rəhbəri olduğu Ədalət Partiyasında sədr müavini postunu tutan İ.Rəhimov Milli Məclisə keçirilən seçkilərdə də namizəd olub. Amma nəticələr onun xeyrinə olmayıb. Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı olan İ.Rəhimovun biznesə gəlişində bu amilin müstəsna rolu olduğu şəksizdir.

Üç il öncə dünyasını dəyişmiş Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarverdiyev də uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Sumqayıt maşın bazarının sahibi olan S.Tarverdiyev digər biznes sahələrində də fəaliyyət göstərib və müəyyən paya malik olub. Hazırda ona məxsus biznesi övladlarının idarə etdiyi deyilir.

// Azər Niftiyev
AZXEBER.COM
XƏBƏR LENTİ