14:32 çərşənbə Axşamı, 17 Sentyabr 2019
MEDİA

22 iyulda hansı jurnalistlər bayram edə bilər?

23:34, 11.07.201912653
22 iyulda hansı jurnalistlər bayram edə bilər?
 Günay Arda
 
Bu yazı əvvəldən axıra kimi söz azadlığı, media, jurnalistlərin hüquqları haqda qanun və məcəllələrdən ibarət ola bilərdi. On dörd illik jurnalist təcrübəm mənə yeganə həqiqətin fakt və şəxsi təcrübə olduğunu öyrədib. Odur ki, sizə gördüklərim və yaşadıqlarımı çatdırıram.

Cəmi bir yazımı oxuyan və ya məni şəxsən tanıyan hamı təsdiqləyə bilər ki, indiyədək sifarişli yazı yazmamışam. Tərif yağdırmamışam. Hansısa oliqarxın sifarişi olaraq başqa oliqarx haqda yalan məlumat yaymaqla milyonlar əldə etməmişəm. Sözümə, yazdığıma, bir ideologiyaya, xəttə inanmışam. Dövlətin ideologiya insanına hörmət etdiyinə əmin olmuşam. 

Təhsilimin ilk illərindən peşəmlə məşğul olmuşam. İşlə təmin olunmağım üçün qohum-əqrəbaya, dosta-tanışa ehtiyacım olmayıb. Düşündüyümü yazmışam. İstədiyim mövzunu bəzən olduğu kimi, bəzən də gördüyüm kimi oxucuya ötürmüşəm. Özüm kimi yazmışam, bildiyim kimi təqdim etmişəm. Mövzuya başqasının yox, öz pəncərəmdən, doğru bildiyim baxış bucağından yanaşmışam. 

Bu illər ərzində kimsə məni "informasiya ötürmək" məqsədilə narahat etməyib. Reket gözüylə yanaşan olmayıb. Yazdıqlarım haqda "sifarişdir" kəlməsini istifadə etməyiblər. "Hakimiyyətə yaxın", "siyasi elita" dedikləri mətbu qurumlarda fəaliyyət göstərmişəm. Mənə çərçivə, sərhəd qoyulmayıb. " O olar, bu olmaz" cümləsini eşitməmişəm. Bunları yazmaqda məqsədim özümü sübut etmək, haqlı çıxartmaq deyil. Ehtiyacım yoxdur. 

Sözüm odur ki, hər şeyi qaralamaq eşqiylə yanıb-alışan adamlar var. Ümumilikdə onlara "divan tənqidçiləri" demək olar. Oturduqları rahat divandan hamıya və hər şeyə tənqidi yanaşırlar. Özlərində hamını tənqid edə bilmək haqqı görürlər. Onların nitqini dinləyəndə adama elə gəlir ki, dünyada hər şey məhv olub. Hər şey pisdir. Yalnız onlar şəffaf və safdır. Bu adamlar mütəmadi olaraq medianı keyfiyyətsizlikdə, yalan danışmaqda, tənqiddən kənarda dayanmaqda günahlandırır. Ayaqları büdrəyəndə isə üz tutduqları ilk yer məhz saytlar, qəzetlər, televiziyalar olur. 

Bu qisimdən olan insanların ən sevdikləri fəaliyyət növü yerli medianı sosial şəbəkədəki paylaşımına görə jurnalistə 4 il həbs cəzası kəsən Böyük Britaniya, Məhəmməd Peyğəmbərin karikaturasını çəkməyi "söz azadlığının təcəssümü" adlandırıb, heç bir arxiv sənədi olmayan, məhkəmə hökmü ilə təsdiqini tapmamış uydurma ermən soyqırımının təbliğina milyonlar ayırıb, Xocalı Soyqırımı haqda bir kəlmə belə yazı verməyən Fransa mətbuatı ilə müqayisə etməkdir. 

Azərbaycan KİV-i isə indiyədək dilindən, irqindən, milliyətindən asılı olmayaraq hansısa millətin haqqını tapdalamayıb. Şəxsi maraq, qarşılıqlı münasibətlər müstəvisində insanlığa ləkə olan hansısa xalqın faciəsini gizlətməyib, biganə qalmayıb. Azərbaycan mediası bütün oxuculara açıq olub. Dünyada ikinci ölkə yoxdur ki, oxucu, tamaşaçı Kütləvi İnformasiya Vasitəsinə bu qədər yaxın olsun. Azərbaycanda istənilən vətəndaş KİV-i tənqid edə bilir. Hətta düşünücələrini, fikirlərini və təkliflərini televiziya, sayt, qəzet vasitəsilə çatdıra bilir. Dünyada ikinci elə bir ölkə yoxdur ki, teleziya ziyalılardan ibarət komissiya təşkil edib, bölgələrə göndərsin. Narazılıqları, zövqü, istəkləri nəzərə alsın. Bəzən haqlı, çox vaxt da haqsız tənqid etdiyiniz Azərbaycan Televiziyası bu qədər xalqla iç-içə işləyir.


 
Hazırda redaktor-ssenarist kimi çalışdığım Azərbaycan Televiziyasında qısa müddətdə Qarabağ, İrəvan, əsirlər, erməni təcavüzü mövzusunda üç sənədli filmin ərsəyə gəlməsinə nail olmuşam. Ssenari, mövzu seçimi, siyasi istiqamət baxımından müdaxilə, maneə ilə birmənalı olaraq heç vaxt rastlaşmamışam. Di gəl ki, televiziyaları, medianı tənqid hədəfinə çevirənlər, keyfiyyət ovçularının o filmlərdən xəbəri yoxdur. Müəllifi olduğum sənədli filmlər hazırda dörd ölkədə yayımlanmaq üçün hazırlanır. 26-27 ildən sonra erməni işgəncələrini, vətən həsrətlərini tam çılpaqlığı ilə mənə etibar edən insanların xatirələrini bütün dünyaya hiss etdirmə şansım olduğu üçün ağrılı sevinc içindəyəm. Azərbaycan Televiziyasını, mediasını bəyənməyənlər isə Braziliya seriallarına baxıb kədərlənir.

Haqqında miflər yaradılan, əlçatmaz, qapalı qurum kimi təqdim edilən Azərbaycan Televiziyasında belə mən, fəaliyyətim üçün maneə, məhdudiyyət görmürəm. Demək ki, məqsədi şəxsi maraqlar yox, Azərbaycana xidmət olanların məhdudiyyəti, maneəsi olmur.

Bir neçə gün sonra jurnalistlər Milli Mətbuat və Jurnalistika gününü qeyd edəcək. Azərbaycana xidmət edən bütün həmkarlarımı təbrik edirəm.

XƏBƏR LENTİ