xari

35 ilin diktoru Mədəniyyət nazirinə müraciət etdi: Heç bir fəxri adım yoxdur - VİDEO

SOSİAL
16:42 06.04.2021
957
AZXEBER.COM-un müsahibi bu günlərdə 65 illik yubileyini qeyd etməyə hazırlaşan tanınmış diktor, bəstəkar Ramiz Qafarovdur.
 
-  65 yaşınız tamam olur. Geriyə baxarkən nələri xatırlayırsınız? 
 
- Mən fəxr edirəm ki, bu günə qədər yüzdən çox prezident tədbirinin aparıcısı olmuşam. Ulu öndər Heydər Əliyev cənablarının ilk və son təqdimatçısı mən olmuşam. Xalq içində məni əsasən futbol diktoru kimi tanıyırlar. Respublika stadionunun diktoru kimi tanınıram. İndi də "Qarabağ" futbol komandasının diktoruyam. Düzgün qeyd etdiniz ki, bu il mənim 65 illik yubileyimdir. Aprelin 7-də 65 yaşım tamam olur. Həm də diktorluq fəaliyyətimin 35 ilidir. İlk dəfə 35 il əvvəl 1986-cı ildə mən respublika stadionunda "Neftçi" komandasının oyununa çıxmışam.
 
- Biz sizi həm də mədəniyyət xadimi və bəstəkar kimi tanıyırıq. Hansı mahnıları bəstələmisiniz?
 
- Vətənpərvər ruhda yazdığım "Əsgər balam” mahnısı ilə mən əsgər və vətənpərvər mahnılar müsaqibəsinin qalibi olmuşam. Daha sonra "Şəhidlər” mahnısını yazdım. Və bu mahnılar populyar olandan sonra müğənnilər mənə müraciət etməyə başladılar. Yüzdən çox mahnının müəllifiyəm, mənim vətənpərvər mahnılarımı Azərbaycan Respublikasının xalq artistləri Samir Cəfərov, Gülyaz Gülyanaq Məmmədovalar, Ağadadaş Ağayev, Nisə Qasımova daha sonra əməkdar artistlərimiz Ədalət Şükürov, Nüşabə Ələsgərova və digər müğənnilərimiz ifa ediblər. Ən populyar mahnılarım ulu öndər Əliyevin anım günlərində həm TV kanallarında, həm də keçirilən tədbirlərdə səslənir. Mənim "Əbədiyyət heykəlim” mahnım Heydər Əliyevə həsr olunub. Həmin mahnını xalq artistləri Samir Cəfərov və Gülyaz, Gülyanaq Məmmədova bacıları ifa edirlər. Bundan başqa Məmməd Arazın sözlərinə "Ağlama” mahnısını yazmışam. Bunu Ağadadaş Ağayev yüksək səviyyədə ifa edib. Daha sonra şənlik mahnısı yazdım. O mahnını da xalq artisti Nisə xanım Qasımova ifa edib. Bundan sonra mən özüm şəhidlər və Əsgər balam mahnısını ifa etmişəm. O mahnılarda 20 yanvar və digər günlərimizdə bütün radiolada səslənir.
 
- Hazırda vəziyyət necədir? Pandemiya dönəmində nə işlə məşğulsunuz?

- Hazırda vəziyyət gərgindir, mən ancaq "Qarabağ" futbol klubunda diktorluq edirəm. Azərbaycan voleybol çempionatı oyunlarında da mən daimi diktor kimi çıxış edirdim, amma bildiyiniz kimi indi voleybol çempionatı da yoxdur və nə vaxt başlanacaq bilinmir. Maddi vəziyyətim sözsüz ki, ağırdır. Nə prezident təqaüdü alıram, nə də əlavə gəlirim var. 35 il dövlət tədbirlərinin aparıcısı olsam da qəribədir ki, bu vaxta qədər heç bir nazirlik tərəfindən fəxri ada və ya təqaüdə təqdim edilməmişəm. Əminəm ki, Cənab Prezident mənim bu halımdan xəbər tutsa, mütləq dəstək göstərəcək. 
 
- Əlaqədar qurumlara müraciət etmisiniz?
 
- Bəli, bu günə qədər çox müraciətlərim olub. Fürsətdən istifadə edib, yeni mədəniyyət nazirimiz Anar Kərimova müraciət etmək istəyirəm: Anar müəllim, sızə göndərilən məktublar yəqin ki, indi də oradadır, xahiş edirəm bu işi nəzarətə götürün, mənim məsələmə baxın. Soruşun ki, 35 ilin mədəniyyət tədbirlərinin, dövlət tədbirlərinin diktoru niyə indiyə qədər bir fəxri ada və ya prezident təqaüdünə təqdim edilməyib? Xahiş edirəm bunu araşdırın və mümkünsə mənim təqdimat məsələmə baxın. Mən bilirəm ki, siz nazirliyə yeni nəfəs gətirmisiniz. Ümid edirəm ki, mənim məsələmə də ədalətli baxılacaq.
 
- Ramiz müəllim, bir daha yubileyinizi təbrik edirik...

- Mən də sizə təşəkkür edirəm və uğurlar arzulayıram.

Nərmin Məmmədli, 
Video: Rüfət Hüseyn
 


OXŞAR XƏBƏRLƏR