03:53 çərşənbə Axşamı, 15 Oktyabr 2019
Maqazin

6 saat açıq ürək əməliyyatı keçirən Arzu: "O an hər şeyin bitdiyini düşündüm" - FOTO+VİDEO

14:46, 11.09.201927305
6 saat açıq ürək əməliyyatı keçirən Arzu:

AZXEBER.COM yeni rubrikaya start verir. Rubrikamız "Sosial şəbəkə ulduzları" adlanır.

 

Müxtəlif sahələrdə çalışan və sosial şəbəkələr vasitəsilə uğur qazanan, sevilən insanlar qonağımız olacaq.

 

Rubrikamızın ilk qonağı biznesinə "instagram"da başlayan, hazırda bir neçə mağaza sahibi olan Arzu Kərimlidir.

- Arzu xanım, ilk olaraq özünüz haqda oxucularımıza məlumat verərdiz...

- Mən Kərimli Arzu Etibar qızı 1993-cü il 23 sentyabr tarixində Bakı şəhərində anadan olmuşam. 2010-cu ildə Azerbaycan Dövlət Neft Akademiyasına yüksək balla daxil olmuşam. Bakalavrdan sonra isə ali təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində magistr olaraq tamamlamışam. İxtisasım İqtisadiyyatdır.

Hazırda "Arzum Beauty" mağazalar şəbəkəsinin və eyni adlı gözəllik mərkəzinin rəhbəriyəm. Elə buna görədir ki, xanımlar məni daha çox Amerika və Avropa kosmetik brendlərini Azərbayacana ilk dəfə gətirən və hələ 20 yaşında ikən öz zəhməti ilə kosmetika mağazasın yaradan gənc biznesledi olaraq tanıyır.

 

- Gənc yaşınızda geniş biznes şəbəkəsi qurmusuz. Biznesinizi də "instagram"da qurmusuz...

- Əslində mənim bu biznesə başlamağım tamamən təsadüf nəticəsində olub. "Instagram" sosial şəbəkəsi yeni yarandığı zaman həmin platformada çox az sayda azərbaycanlı istifadəçi var idi ki, onlardan biri də mən idim. Universitetdə oxuyan bütün gənc tələbə xanımlar kimi mənim də kosmetik vasitələrə və üz qulluq məhsullarına qarşı marağım çox idi. Daima araşdırmalar edib, dünyanın bir çox ölkəsində bəyənilən, lakin şəhərimizdə satışı olmayan məhsulları Amerika, Avropa ölkələrindən sifariş verirdim.

Sifariş verib istifadə etdiyim məhsullar haqqında fikirlərimi blogumda xanımlarla paylaşırdım. Haqqında paylaşımlar etdiyim məhsullar izləyicilərimin marağına səbəb olduğundan onlar da həmin məhsulları əldə etmək istəyirdi. Bir gün bir xanım təklif etdi ki, bəlkə bizim üçün də həmin məhsullardan sifariş edəsiz. Mən də düşündüm ki, niyə də yox. Həm maraqlıdır, yeni, ferqli məhsullar görərəm, həm də bir ilkə imza atmış olaram.

Tələbə olduğum üçün əlimdə yetəri qədər sərmayə olmadığından öncələr sifariş etmək istəyən xanımlarla görüşüb ilkin ödəniş alıb, sonra sifarişləri gəldikdə təkrar görüşüb sifarişləri onlara təhvil verirdim. Beləliklə qazancımı da heç nəyə xərcləməyərək yığıb bir müddət sonra sərmayə olaraq istifadə etməyə başladım. Qısa zamanda "Arzum Beauty" adı dildən dilə dolanaraq məşhurlaşdı və 28 Mayda çox kiçik bir butik açdıq. İnanın o kiçik butikdə o qədər müştəri olurdu ki. Gələn hər kəslə şəxsən özüm maraqlanıb, onların istəklərinə uyğun məhsullar məsləhət görürdüm. Zaman keçdikdə isə müştərilərin tələblərini nəzərə alaraq daha geniş məkanlara keçdik.


Bu işə başlayanda daha öncə heç yerdə işləməyən, ilk işi elə öz qurduğu iş olan bir xanım idim. Bizneslə bağlı bütün təcrübələri də məhz işlədəyim müddətdə öyrəndim. Buna görədir ki, müştərilərimizi yaxşı tanıyır, onların zövqün və nə istədiyini, nəyi axtardığını gözəl bilirəm.

 

 

 

 

- Özünüzü uğurlu insan hesab edirsinizmi?

- Düzün demək gərəkirsə, bəli, özümü uğurlu qadın hesab edirəm. Çünki gənc yaşımda həm sevdiyim işi görürəm, həm sevdiyim işlə tanınıram, həm də gözəl ailəyə sahibəm.

Mənim uğurlu qadın olmağımda sözsüz ki, ailəmin-yoldaşımın çox böyük rolu olub. Həyatımda elə bir dövr oldu ki, ard-arda çox böyük itkilər yaşadım. Depressiyaya düşdüm, hamıdan, hər kəsdən küsdüm. Həmin o çətin vaxtlarda yoldaşım daima mənə dəstək olaraq o psixologiyadan çıxmağa, yenidən güc toplayıb ayağa qalxmağa, həyata, sevdiyim işə sarılmağa çox kömək oldu. Onun dəstəyi nəticəsində siz bu gün uğurlu Arzu xanımı görüb, tanıyırsız.

- Çox gözəl ailəniz var, Instagramda da ailə fotolarınıza çox böyük maraq var. Bir az həyat yoldaşınızla tanışlıq ve sevgi hekayəniz haqqda danışardız...

- Yoldaşımla Azərbaycan Dövlət İqtisad Universitetində magistraturada oxuyarkən tanış olmuşuq. Bir qrupda oxuyurduq. Bir az özünə qapalı insan olduğuma görə həmin iki ildə aramızda heç salam-sağol olmamışdı. Magistraturanı qutarana yaxın aprel ayında ilk dəfə yoldaşım "Facebook"da ortaq dostlarımız sayəsində profilimi görür və mənə yazmağa qərar verir. Beləliklə dostluğumuz başlayır. İyul ayında nişanımız, dekabr ayında isə çox möhtəşəm toyumuz oldu. Allah hamının balasın saxlasın, hazırda bir oğlum var, adı Cəlaldı. Hələ körpədi, yanvarda inşallah iki yaşı tamam olacaq.

 

 

 

- Gənc yaşda ana olmaq necə hissdir? 

- Gənc ana olmaq əslində gözəldir. Körpənlə bir yerdə böyüyürsən. Ən yorğun halında belə onun bir gülüşü insana bütün yorğunluğun unutdurur. Bu qədər işin arasında oğluma bacardığım qədər çox vaxt ayırmağa çalışıram. Elə günlər olur ki, işlə bağlı evdən səhər çıxıb axşam qayıdırıq, elə də olur bütün günümü Cəlala, onunla oynamağa ayırıram. Ümumiyyətlə, fürsət olan kimi çalışırıq birlikdə rayonlara gedək. Orda işdən, şəhərin səs-küyündən uzaq gözəl istirahət edək.

- Həyat yoldaşınız sizə qadağalar qoyurmu?

- Nişanlı vaxtı qadağalar sanki daha çox olurdu. Onda bir-birini tanımağa, uyğunlaşmağa çalışırdın. Hazırda heç bir qadağa yoxdur. Çünki artıq nələr olar, nələr olmaz bilirəm. Həm də yoldaşımla dünya görüşümüz, fikirlərimiz çox üst-üstə düşür deyə fikir ayrılığı nadir hallarda yaşayırıq.

 

 

 

- Açıq ürək əməliyyatı keçirmisiz. Palatadan videonuz sosial şəbəkədə trendə çevrilmişdi. Bir az bu haqda danışardız, həmin anlar nələr düşündünüz, necə ağrılar keçirdiz?

- Bəli, aprel ayında çox təcili bir şəkildə açıq ürək əməlliyatı keçirməli oldum. Həyatımda ilk dəfə idi ki, Türkiyəyə geri dönüşü olmayan biletlə gedirdim. Çünki nə olacağın, neçə gün orda qalacağımızı nə həkimlər, nə də biz bilmirdik.

Əlbəttə ki, ən çətin və ən ağır əməliyyatlardan biri də bu idi. Əməliyyatım 6 saat çəkdi. Düşünün ürəyi dayandırıb, ağciyərləri bir aparata qoşub ürəyə müdaxilə edirlər, tikiş atırlar və sonda yenidən ürəyi həyata qaytarıb, döyündürürlər. Düşünəndə çox möcüzəvi bir şeydir. Ona görə deyirəm ki, mənim ikinci doğum günüm 24 apreldi. Həmin gün mən yenidən dünyaya gəlmişəm.


 
- Əməliyyatdan sonra hansı hissləri keçirirdiz?

- 7 saat sonra gözlərimi ilk dəfə reanimasayada açdım. Düzü reanimasiyada bir an oldu ki, əməliyyatın yaxşı keçmədiyini, nələrinsə düz getmədiyini və hər şeyin bitdiyini düşündüm. Həmin an özümü orda çox tənha hiss elədim. Düşündüm "deyəsən mən geri dönə bilmədim axı.” Halbuki ailəmə necə ürəklə, böyük inamla "siz bufetdə vaxt keçirin, mən gələcəm” demişdim.

Sağolsun başımın üstündə duran tibb bacısı, mənə panikaya düşməməyi və sakitləşməyimi dedi. Allahın verdiyi güc sayəsində Cəlalı - oğlumu düşünərək, mən o reanimasiyadan, süni tənəffüs aparatından və insanı vahiməyə salan digər aparatlardan ayrıldım.

 

 

 

- Gənc yaşda bu qədər ağır əməliyyat keçirdiz. Buna görə nə vaxtsa qədərinizə üsyan etdinizmi?

- Üsyankar xarakterim olmadığından ümumiyyətlə tez-tez üsyan edən biri deyiləm. Daima şükr etməyi, boş bardağın dolu tərəfin görməyə çalışıram. Gözəl bir deyim var, dərdi verən Allah təki dərmanın da versin. Təki bütün dərdlərin dərmanı olsun, həkimlər o dərdin qabağında çarəsiz qalmasın. Mən Allaha bugünə qədər mənə verdiyi hər şey üçün şükr edirəm. Çox şükür ki, mən yenidən ailəmin, körpəmin yanındayam.


- Instagramın ən uğurlu bloggerlərindənsiz. Gənc qızlar sizə hansı mövzularda müraciət edirlər?

- Gənc xanımlar daha çox artıq professionallaşdığım dekorativ kosmetika və üz-saç qulluq məhsulları haqqda müraciət edirlər. Təcrübəmə güvənirlər. Onlar üçün verdiyim məsləhətlər daima işlərinə yaradığından növbəti alış-veriş zamanı da ağıllarına gələn məkan "Arzum Beauty” olur.

Bundan əlavə gündəlik həyatımı instagramda tez-tez paylaşdığımdan onların marağına səbəb olan sualları cavablandırmağa çalışıram, onlara yararlı ola biləcəyin düşündüyüm postlar paylaşıram.

 

- Bir xanım biznesledi olaraq iş həyatınızda hansı çətinliklər olub?

- İşə ilk başladığım zamanlarda tək başına hər şeyi çatdırmağa çalışırdım. Gündəlik olaraq gələn məhsullar haqqında ətraflı məlumatlar paylaşıb, sifarişləri qeydə alıb, gün təyin edərək özüm təhvil verirdim. Sonradan, ilk mağazanı açdıqdan sonra bu dəfə də hər gün səhər saat 10-dan axşam 8-ə qədər mağazada gün ərzində yüzlərlə xanımla həmsöhbət olub, onların istəklərinə uyğun məhsullar məsləhət görürdüm. Axşam 8-dən sonra isə evə getdiyim zaman Amerikadan yeni məhsullar sifariş edib, sifarişləri bitirdikdən sonra blogumda məhsullar haqqda ətraflı paylaşımlar edirdim.

Yəni çox gərgin iş rejimində işləyərək, öz zəhmətimlə-əziyyətimlə Arzum Beauty adın xanımlara tanıtdım.

Hazırda işlərim əvvəlkinə nisbətən çox azalıb, çünki artıq bütün işimizi sistemləşdirmişik və hər sahənin öz mütəxəssisi var, hərə öz işini görür.

 

 

 

- Bu qədər çətinliklərdən keçmisiz, bütün bunlara rəğmən özünüzü şanslı qadın hesab edirsiz? Sizcə bu yerə şansınızla gəlmisiz ya zəhmətinizlə?

- Sözsüz ki, bu yerə gəlməyimdə öncə zəhmətim, sonra isə şansım köməyimə çatıb. Əslində, hər insanın həyatı boyu rastına çox gözəl fürsətlər, şanslar çıxır, sadəcə olaraq onu zamanında görüb düzgün dəyərləndirmək lazımdır. Mənim ən böyük şansım bu işi Azərbaycanda layiqincə edən ilk xanım olmağım və daima mənə dəstək olan, yanımda olan yoldaşımı tanımaq oldu.

 

 

 

 

- Son olaraq oxucularımıza nə demək istəyərsiz?

- İlk öncə belə gözəl müsahibəyə görə sizə təşəkkür edirəm. Oxucularınıza onu demək istəyirəm ki, daima özünüzə və edə biləcəklərinizə inanın. Sizə verilən bu həyatın, sağlamlığınızın qədrin bilin. İnsan həyatı bir neçə hissəyə ayrılır. 12-24 yaş məncə insan həyatının ən önəmli yaş dövrüdür. Çünki bu zaman dilimində siz öz üzərinizdə işləyərək çox böyük uğurlara imza ata bilərsiz.

24 yaşınıza qədər təhsilinizə önəm verin, dünyagörüşünüzü artırın, ən azı iki dil öyrənib onları təkmilləşdirməyə çalışın, qarşınıza çıxan fürsətləri dəyərləndirin, zamanınızı boşa sərf etməyin. Bütün bunlar 25-40 yaş arasında sizin çox köməyinizə çatacaq. Həmin yaşlarınızda artıq arzuladığınız həyata doğru addımlamış olacaqsız.

Əgər sevdiyiniz işi və sevdiyiniz adamı tapsaz, inanın ki, bunlar sizin ən böyük xoşbəxtliyiniz olacaq.

 

 

 

 

 

 


 


XƏBƏR LENTİ