10:23 Bazar Günü, 19 May 2019
SİYASƏT

Ahısqa vilayətində “erməni projesi”

11:39, 18.04.20193131
Ahısqa vilayətində “erməni projesi”

 

Bu qədim türk torpağında iki dəfə ermənilər məskunlaşdırılıblar. 1831-ci ildən etibarən Türkiyənin Ərdəhan, Muş, Ərzurum, Ağrı, Ardvin və digər bölgələrindən Çar Rusiyası ordusunun feldmarşalı İvan Paskeviçin komandanlığı altında ermənilər bu bölgəyə köçürüldülər. İkinci dəfə isə, 1944-cü ildə Ahısqa Türkləri Orta Asiya və Sibirə sürgün olunandan sonra köçürülmə siyasəti davam edib. Ahısqa vilayətini gürcülər "Samtsxe Cevaxetiya”, ermənilər isə "Cevaxk” deyə adlandırırlar. Bölgə Axalkələki, Ninotsmind, Axaltsi, Borjom, Adıgün və Aspindza rayonlarından ibarətdir. İndi burada əhalinin çoxu ermənilər olsa da, yerli idarəetmə əslində tamamilə gürcülərin nəzarətindədir. Abxaziya və Cənubi Osetiya etnik separatizminin ardından "Erməni Cevaxk Respublikası”nı elan etmək üçün ermənilər dəfələrlə hərəkətə keçsələr də, sonucda bu təşəbbüslərin heç biri baş tutmadı. Rəsmi statistikaya görə bölgədə toplam 90 min erməni yaşayır.

 


Tiflis üzərindən Ahısqa hədəfləri


Gürcüstanın yeni iqtidarı turizmin və kənd təsərrüfatının, kiçik sahibkarlığın, dekorativ tətbiqi sənətinin inkişafı proqramlarını həyata keçirmək üçün üzünü Ahısqa vilayətinə tutub. Bu məqsədlə ötən həftə prezident Salome Zurabişvili iki günlüyə bölgəyə səfər edib. O, son seçkilər zamanı burada yaşayan ermənilərə verdiyi sözə əməl etmək üçün gəldiyini gizlətməyib.

 

Qeyd edək ki, Ahısqa vilayətində qədim Qafqaz Albaniyası tarixinə aid olan kilsərlərin abadlaşdırılması və xarici turistlərin bölgəyə marağını artırmaq üçün bir sıra addımlar atılmaqdadır. Bu həm də Qafqaz Albaniyası tarixinə dolayı yolla ermənilərin sahib çıxması deməkdir. "Vardzia”, "Rabat”, "Yaşıl Monastr”, "Xertvisi Qalası”, "Sapara Monastrı”, "Vanis Kvabebi Mağarası”, "Firuz Abidəsi”, "Nina Monastrı”, "Tmoqvi Vadisi”, "Çulevi Monastrı” və digər qədim abidələrin adları ya gürcüləşdirilib, ya da erməni adını daşıyır. Halbuki, bölgədəki qədim qalaların memarlıq quruluşu Səlcuqlu İmperiyasının yadigarıdır. Bundan əlavə, Kür çayının ətrafında və Pərvanə gölü çevrəsində turizmin inkişafı və sosial obyektlərin yaradılması üçün yatırımların qoyulmasına başlanılıb. 
Salome Zurabişvili Axalkələkidə erməni icması ilə görüşündə bildirib ki, öncələr ikili vətəndaşlıq qanuni yasaq idi. Yeni qanunla Gürcüstan vətəndaşları ikili vətəndaş statusunu daşıya bilər. Halbuki, 2005-ci ildə Rusiyanın 112 saylı hərbi bazası Axalkələkini tərk etdikdən sonra, Ahısqa vilayətindən toplam 100 min nəfər erməni Rusiya pasportuna malik olduqları üçün üzü şimala köçüb gediblər. Bu aksiya əslində 1831-ci ildən 2005-ci ilə kimi burada yerləşən və hərbi strateji baxımdan ən mühüm hərbi bazanın çıxarılması demək idi. Salome Zurabişvilinin təşəbbüsü ilə Rusiyaya köçüb gedən ermənilərin yenidən vilayətə geri dönmələrinin təmin edilməsi "xristian əhalisi”nin artımı proyektinin bir parçasıdır. Çünki, 2003-cü ildən indiyə kimi Ahısqa Türklərinin öz tarixi vətənlərinə dönmələri barəsində Gürcüstan Avropa Birliyi və BMT-nin qarşısında öhdəliklər götürsə də, bu günə kimi onlara əməl etməyib. Əvvəllər bunu vilayətdəki erməni əhalisinin çoxluğu bəhanəsi ilə yayınırdısa, bu dəfə ermənlərin geri dönüşü ilə problemi "malalamaq” taktikasına üz tutulub. Salome Zurabişvilinin Ahısqa vilayətinə 2018-ci ildə səfəri zamanı türkləri və azərbaycanlıları aşağılayan çıxışlarını da kimsə unutmayıb. O, prezident seçiləcəyi təqdirdə erməni kadrların hakimiyyətdə daha çox təmsil olunacağı vədlərini də vermişdi.



Maliyyə və yatırımlar Azərbaycanla Türkiyənin, qazanan isə ermənilərdir


Gürcüstan Orta Asiya və Azərbaycanın yükdaşımalarına, elektrik enerjisi xətlərinə, neft və qaz kəmərlərinin çəkilişinə, dəmiryolunun salınmasına bir qəpik də xərcləmədən tranzitə görə daim rüsum tutmaqla məşğuldur. Bu sırada qazanclı çıxan tərəf Ahısqa vilayətində yaşayan ermənilərdir. Araşdırmaçı Vage Sarkisyan İrəvanda mətbuat konfransı keçirərək bunları deyib: "Türkiyə və Azərbaycanın Gürcüstana, özəlliklə də Ahısqa vilayətinə yatırımlar qoyması bölgənin islamlaşdırılmasına gətirib çıxaracaq. Əvvəllər Borçalı vilayətində əhalinin 20-25 faizini müsəlmanlar təşkil edirdisə, bu gün onların sayı 350 min nəfərdən çoxdur. Salka (keçmiş adı Barmaqsız) rayonunda öncələr 4 azərbaycanlı kəndi var idisə, indi onların sayı 7-dir. Bölgədə ermənilər üstünlük təşkil edirdisə, indi Salkada etnik azlığa çevrilmişik. Axaltsi rayonuna Avropa Birliyinin təzyiqləri nəticəsində Ahısqa Türklərinin dönüşü vilayətdə ermənilərin məhvinə səbəb olacaq. Türkiyənin Kür çayı və Pərvanə gölü vadisində yatırım qoyması antierməni siyasətin tərkib hissəsi deməkdir”. Halbuki, 2014-cü ildən bölgədə Türkiyənin enerji nazirliyinin dəstəyi ilə "Pərvanə SES” inşa edilir. Bunun üçün Türkiyə tərəfi 200 milyon dollar dəyərində yatırım qoyur. Beləliklə bölgənin tamamilə elektrik enerjisi ilə təminatı problemləri çözüləcək. "Bakı-Tiflis-Qars” dəmiryolunun çəkilişi sayəsində Ahısqa vilayətində çoxlu sayda infrastukturlar yaradılıb. Bütün xərcləri Azərbaycan tərəfi ödəyib. "Bakı-Tiflis-Ərzurum” qaz kəmərinin çəkilişi də Azərbaycanın büdcəsi hesabına başa gəlib.

 

Azərbaycan səbrli mövqe nümayiş etdirdikcə ermənilə daha da azğınlaşırlar



İndi bütün bunları görməzlikdən gəlməyə çalışan ermənilər daha da azğınlaşıblar. Bu faktları isbat etmək üçün elə erməni mənbələrinə müraciət etmək yetərlidir. Gürcüstana qarşı etnik separatizm təbliğatı ilə tanınan, Ahısqa vilayətində "2-ci Qarabağ cəbhəsi”nin açılması ideyasına söykənən və "Erməni Cevaxk Respublikası”nın yaradılması üçün mübarizə aparan "Virk” partiyasının sədri David Rstakyan bunları deyib: "Ahısqa vilayətində erməni dili dövlət dili statusu almalıdır. Vilayət ermənilərə məxsus olduğu üçün, Acarstana, Abxaziyaya və Cənubi Osetiyaya verilən hüquqi statusdan ermənilər istifadə etməlidir”

 

(mənbə: https://www.kavkaz-uzel.eu/articles/128712/).


"Ahısqa vilayəti erməni təşkilatları (25 qurum) əlaqələndirmə şurası”nın başçısı Mels Torosyan isə qeyd edir ki, Gürcüstanda 250 mindən çox erməni əhalisi yaşayır və buna görə də ölkə parlamentində azından 15 nəfər erməni deputatı təmsil olunmalıdır.


"Çoxmillətli Gürcüstan Ümumvətəndaş Hərəkatı”nın sədri Arnold Stepanyan isə bildirir ki, Gürcüstan milli azlıqların heç bir hüquqlarını təmin etmir. Milli azlıqların kompakt şəkildə yaşadıqları ərazilərdə belə, onlar yerli hökumət idarələrində işə götürülmürlər. Ahısqa vilayətində erməni məktəblərində erməni dilində dərslər 4-cü sinfə qədər tədris olunur. Biz tələb edirik ki, erməni dilində dəsrlər 10 illik olsun. Vilayətdə ermənilər etnik baxımdan üstün olduqları erməni dilinə regional dövlət dili statusu verilməlidir”

 

(mənbə: https://www.kavkaz-uzel.eu/articles/126350/).

 

Ermənilər "Dünya Bankı”ndan da narazıdırlar


2015-ci ildə Dünya Bankı Gürcüstana güzəştli kredit olaraq 60 milyon dollar ayırdı. Bu vəsait əslində Ahısqa vilayətində bir sıra infrastrukturların yenidən qurulması üçün nəzərdə tutulmuşdu. IBDR (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı) Ahısqa-Mtsxeta Mtianeti bölgəsi üzrə əlavə maliyyə vəsaiti ayırdı. Beləliklə də bölgənin sosial-iqtisadi baxımdan inkişafına 3-cü kredit tranşı (onmilyonlarla dollar) açıldı. Gürcüstan tərəfinin təklifi ilə daha çox yerli turizmin inkişafına üstünlük verildi. İndi Abbastuman qəsəbəsi Avropanın qış turizmi baxımından ən əlverişli məkanlarından biri hesab olunur

 

(mənbə:http://nor.ge/?p=29114).


Gürcüstan hökumətinin Avropa Birliyi ilə anlaşmaları sonucu olaraq Ahısqa vilayətində aqrar sektorun inkişafı ilə bağlı "Aqroinkişaf” şirkəti yaradılıb. Şirkət bölgədə aqrar sektorun maliyyələşdirilməsi, yatırımların cəlb olunması, həm Gürcüstan, həm də dünya bazarına çıxarıla biləcək kənd təsərrüfatı məshullarının əkilməsi və istehsalı üçün iri layihələr hazırlayıb. Bu prosesə cəlb olunan fermerlərə 300 min lari həcmində azfaizli kreditlər də verilir (mənbə:
http://bizzone.info/agriculture/2011/1298939997.php).


"Rusiya Erməni Cevaxk Diasporu” təşkilatının sədri Ağasi Ərəbyan vilayətdəki erməni əhalisinin etirazlarını dilə gətirərək qeyd edir ki, Gürcüstan hökuməti bölgədə faktiki olaraq heç bir addım atmır. Ölkədə əhalinin ən kasıb təbəqə Ahısqa vilayətində yaşayır

 

(mənbə: https://husisapail.wordpress.com/2013/01/03/джавахкская-диаспора-россии-разрабо/).

 

 

 

 

Salome Zurabişvili: "Ermənilər Gürcüstan siyasətində aktiv olmalıdırlar”


13 mart 2019-cu il tarixdə Gürcüstan prezidenti Salome Zurabişvili İrəvanda səfərdə olarkən mətbuat konfransında bunları deyib: "Gürcüstanda yaşayan ermənilər ölkənin sosial-iqtisadi həyatında aktiv olmalıdırlar. Ermənistan və Gürcüstan iqtisadi, energetika,  turizm və nəqliyyat məsələlərində əlaqələrini daha da dərinləşdirməlidir. Mən xüsusilə prezident Armen Sərkisyana təşəkkür edirəm. Ona görə ki, prezident seçilməyimlə bağlı  inaqurasiyamda fəxri qonaqlar arasında prezident kimi təkcə o təmsil olunmuşdu. 2018-ci ildə Gürcüstan-Ermənistan ticarət əlaqələri 627 milyon dollar həcmində olub. Gürcüstandan Ermənistana eksportun həcmi 284, Ermənistandan Gürsüstan eksportun tutumu 342 milyon dollar olub. 2018-ci ildə 1 milyon 200 min Ermənistan vətəndaşı Gürcüstana turist kimi gəlib. 2019-cu ildə əlaqələrimizin daha çox artacağına inanıram” (mənbə: https://sputnik-georgia.ru/caucasus/20190313/244666827/armenians-georgia-zurabishivili-jizn-strani.html).  


Müasir texnologiyalar və şərtlər əsasında yeni siyasi kursun həyata keçirilməsi adına bütün təşəbbüslər o zaman alqışlana bilər ki, bu digər səbəblərə kölgə salmamalıdır. Azərbaycanı sözdə "strateji müttəfiq” elan edən Gürcüstanın azərbaycanlıların kompakt şəkildə yaşadıqları Borçalı bölgəsinə soyuq münasibəti heç də ürəkaçan deyil. Ona görə ki, Borçalı bölgəsinə dövlətin və ya xarici investisiya layihələrinin cəlb edilməsi hallarına nadir hallarda rast gəlinir.

 

 


 

Gürcüstanın azından ərzaq təhlükəsizliyi mənzərəsi də sübut edir ki, Borçalı bölgəsi ilk yerlərdən birini tutur. Bolnisi, Marneuli, Qardabani, Saqareco və Dmanisi rayonlarında sənaye müəssisələrinin sayı, adambaşına düşən milli gəlir, istehsal vasitələrinin qıtlığı ölkənin digər bölgələrindən fərqli olaraq qat-qat aşağı vəziyyətdədir. Yüksək dağlıq bölgəsi Ahısqa vilayətində isə ən üstün səviyyədə erməni əhalisinin sosial-iqtisadi həyat tərzinin yaxşılaşdırılması üçün yeni-yeni layihələr həyata keçirilir.

 

Ənvər Yusifoğlu 



 

XƏBƏR LENTİ