16:48 çərşənbə, 26 Sentyabr 2018
MƏDƏNİYYƏT

Arif Məlikovun ad günü münasibəti ilə konsert təşkil edilib - FOTOLAR

12:29, 14.09.20161392
Arif Məlikovun ad günü münasibəti ilə konsert təşkil edilib - FOTOLAR

Ramil Qasımov bəstəkar üçün gecə təşkil edib

Azərbaycanın dünya şöhrətli bəstəkarı Arif Məlikovun ad günü münasibəti ilə Rəşid Behbudov adına Mahnı Teatrında bəstəkarın əsərlərindən ibarət konsert keçirilib. Konsertdə Arif Məlikovun musiqiləri respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımovun ifasında səslənib. Konsert dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri müşayiəti ilə baş tutub. Konsertdə Ramil Qasımovun ifasında Arif Məlikovun bəstəsi olan “Dənizdə ay çiməndə”, “Gözlərinin dünyası”, “Günəş”, “Təzə ilim”, “Necədə xoşbəxtəm”, “Yaşatdı məni”, “Sən bizə təbiət oyananda gəl”, “Azərbaycan”, “Qonaq gəl bizə” musiqi əsərləri səslənib. Tədbirdə 83 yaşını tamamlayan görkəmli sənətkarın özü də iştirak edib və konserti sonadək izləyib. Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və elm xadimləri ilə yanaşı, xarici qonaqlar da tamaşaçı qismində konserti izləyiblər.

Tədbirin sonunda səhnəyə dəvət olunan səbəbkar Arif Məlikov bu konsertə görə minnətdarlığını bildirib və konsertdən zövq aldığını dilə gətirib: “Bu ad günümdə mənim üçün ən dəyərli və gözlənilməz hədiyyələrdən biri oldu. Konsertdə ifa edilən musiqilərin hər birini Ramil özü seçib və seçimi çox gözəl aparıb. Onun ifa tərzi özünəməxsusdur, həm də mahnılara obraz verməsi məni bir bəstəkar kimi sevindirdi. Bu konsert mənim üçün gözlənilməz oldu. Ramil mənə zəng vurdu və dedi ki, Arif müəllim mən sizi mahnılarınızdan ibarət gecəyə dəvət edirəm. Ramil düz yoldadır, o əsl peşəkar sənətlə məşğul olur. Mən onun hər bir ifasında, keçmişə qayıtdım, o günləri yad etdim. Yüksək peşəkarlığa görə bir daha təşəkkür edirəm”.

Arif Məlikov hər bir insanın ürəyində arzu və istəyinin olduğunu bildirib: “Bu arzuların hər biri həyata keçəndə insan sevinir. Dünyanın ən mötəbər səhnələrində 55 ilə yaxın “Məhəbbət əfsanəsi” yaşayır. 60-a yaxın dünya teatrlarında premyera vermişəm. Bu asan məsələ deyil. Braziliyada tamaşalara görə 21 saat uçmuşam”.

Arif Məlikovu ad günü münasibəti ilə təbrik edən əməkdar artist Ramil Qasımov şedevr əsərlərə görə sənətkara təşəkkürünü bildirib: “Bir musiqiçi kimi belə düşündüm ki, Arif müəllimə ən gözəl hədiyyə 60-70- ci illərin şlyageri olan mahnıların təqdim edilməsidir. Zənnimcə bu heç də pis alınmadı. Arif Məlikovun dahi Rəşid Behbudovun, müğənni Akif İslamzadənin səsinə yazılan musiqilərin ifamda səslənməsi məni sevindirir. Arif Məlikovun hər bir musiqisində fərqlilik və özünəməxsusluq var. O bir dühadır ki, bütün dünya onu tanıyır və Azərbaycan bəstəkarı olaraq musiqiləri ilə hər kəsin ürəyini fəth edib. Ən önəmlisi odur ki, Arif müəllim həm də musiqiləri üçün yazılmış sözlərə önəm verib. Bu da musiqiləri daha da dərinləşdirir. Arif müəllimin hər bir musiqisi sözlə vəhdət təşkil edir. Düşünürəm ki, bu əməkdaşlıq bundan sonrada uğurla davam edəcək”.

Sonda Ramil Qasımov Azərbaycan Televiziyasının Tofiq Əhmədov adına Estrada Orkestrinə və gecədə iştirak edən tamaşaçılara dərin təşəkkürünü bildirib.

XƏBƏR LENTİ