05:12 Bazar Ertəsi, 19 Noyabr 2018
MƏDƏNİYYƏT

Arif Qazıyev insult keçirdi

17:35, 25.10.20183744
Arif Qazıyev insult keçirdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin məhkəməyə teleqram göndərdiyi elan edilib.

O ərizəsində qeyd edib ki, səhhətində problemlər olduğu üçün məhkəməyə gələ bilmir. A.Qazıyev istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.

Hakim söyləyib ki, məhkəmədən A.Qazıyevə telefonla zəng də edilib. A.Qazıyevin qızı atasının insult keçirdiyini və yataqdan qalxa bilmədiyini vurğulayıb.

Daha sonra təqsirləndirilən şəxsin vəkili etiraz edib. O, vəsatət qaldıraraq A.Qazıyevin məhkəməyə məcburi gətirilməsini istəyib.

Vəsatət baxılmamış saxlanılıb.

Ə.Əbdüləziz növbəti dəfə vəsatətlə çıxış edib. O, Dövlət Gömrük Komitəsinə sorğu göndərilməsini tələb edib: "Biz bilmək istəyirik ki, həqiqətən, Azərbaycana 40 ədəd yük maşını gəlib, ya yox? Xahiş edirəm komitəyə sorğu göndərilsin".

Hakim deyib ki, şahidlərin ifadəsi yekunlaşdırılandan sonra vəsatətə baxılacaq.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında olmuş telefon danışıqlarının çıxarılması üçün "Azercell"ə sorğu göndərilib.

Məhkəmənin növbəti iclası noyabrın 5-nə təyin edilib.

İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb.

Ə.Əbdüləziz elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.

XƏBƏR LENTİ