01:59 çərşənbə Axşamı, 21 Avqust 2018
KÖŞƏ

Ağrının estetikası

17:42, 13.07.20186776
Ağrının estetikası
Nigar İsmayılqızı 
 
Axşam saatları. Mavidəniz. Mərmərənin qoynunda gəmilər ahəstə-ahəstə hərəkət edirdi.Sərin yay gecəsi idi. Arzuların doğulduğu, xatirələrin canlandığı, sirli bir gecə ətrafa işıq saçırdı. Helin, Səhər, Yasəmən,Sıla yemək yeyirdilər. Hamı məşğul idi. Külək əsirdi, qızların saçları uçurdu. Sabahın sarışın, toppuş oğlu oturacaqlara yaxınlaşdı. Balaca oğlan arxadan paltarlarımızı dartdı. Ətrafdan səslər gəldi. Göydə işıqlar parladı. Söhbət getdikcə daha da maraqlı oldu. Helenin qara gözləri, incə səsi, üzündəki estetiklik insanın diqqətini çəkirdi. Helen danışmayanda daha cəlbedici görünürdü. Əslində səs tonu üzünü tamamlamırdı. Sabah sarışın, dolu, uzun saçlı xanım idi. Sıla öz dünyasında rəqs edirdi. Tarixi məkanlara baxırdı. Mənzərənin eyforiyası ona xoş gəlmişdi. Sıla arxaya çevriləndə Yasəməni gördü. O,sakitcə oturmuşdu.Balaca əlləri ilə qara, uzun saçlarını oynadırdı. Qızların ürəyi yaman açılmışdı.Ağ köynəkli, keçəl, sol qolunda qara saatı olan, əlində siqaret tutan kişi Yasəmənin atası idi. Az danışırdı. Nədənsə, özündənrazı görünüşü var idi. Evlərinə oğru - "qonaq” gəlmişdi. Oğurlanan saatların qiymətini deyəcək qədər özündənrazı insan idi. Demə, oğrular beş saatını aparıb. Bu hadisəni unuda bilmirdi. Belə cümlələr tez-tez işlədirdi: "Mənim qızlarım, zəngin ailələr”. Söhbət zamanı aydın oldu ki, on il dövlətə xidmət edib. Və hər şey su kimi şəfaf idi. Qapı açıldı. Səhərin atası gəldi. Əlində bir neçə türk qəhvəsi var idi. Qaranlıq gecədə azan səsləri əks-səda verdi. Helen Yasəmənin gözlərinə baxdı:- Aaa yerigəlmişkən mənim atamın adı da Nejatdır. - Doğurdan!?. Yasəmən gülür. Təsadüf. Bu zaman balaca, ağ, ensiz qapı açılır. Səhər sevimli oğlunu atasının qucağına qoyur. Ata paşan səni istəyir. Hamının üzündə təbəssüm yaranır. Səlim bəy balaca paşasının əlindən öpür... Yumşaq, şirin əlindən. Nədənsə, Sıla səssiz qalmışdı!

Axı onlar dörd qız idilər.

Helenin atası: Nejat (doğum 1960)

Səhərin atası: Səlim (doğum 1963)

Yasəmənin atası: Nejat (doğum 1966)

Sılanın atası: Paşa (doğum1957- vəfat 2007)

Həyatın ağlı-qaralı notları Sılanın saçlarına tumar çəkirdi. Sıla əbədiyyət haqqında mühazirə dinləyirdi. Builki mövzusu Tanrı haqqında olacaqdı.Əslində Sıla həyatına belə davam etməkdən zövq alırdı. Ağrının estetikasına öyrəşmişdi. Bu estetik dünyada bir rahatlıq tapmışdı. İllər Sılanı daha güclü qız etmişdi. Tez-tez Allahla ünsiyyətə girirdi. Və bu ünsiyyət ona qida verirdi.

1989-cu il. Həmin gün yaman yağış yağırdı. Köhnə küçədə ikimərtəbəli evlər diqqət çəkirdi. Sıla və atası yaşıl bir məkanda oturmuşdular. Həyətdə balaca itlər oynayırdı. Yuxarıdan qara üzüm tənəkləri asılmışdı. Bu qapı heç bağlanmırdı. Paşa bəy qapını bağlı saxlamazdı. Qırx il vəzifədə işləməyinə baxmayaraq heç qorxaq deyildi. Sıla atasının sol əli ilə sümürdüyü siqaret mənzərəsini seyr edirdi. Çöldə uşaqlar oynayırdı. Küçədən dondurmasatan kişinin səsi gəlirdi. Hər gün küçəyə orta boylu, qarayanız, arıq, Nur adlı kişi gəlirdi. Uşaqlar bu kişinin taxta, qəhvəyi rəngli arabasının arxasınca düşürdülər. Uşaqların sevincli səsi insanı yaşamağa sövq edirdi. Sıla daha çox xoşbəxt idi... Qarşısında dondurmasatan Nur baba, uşaqlar, arxasında Osmanlı paşası kimi atası...

Nədənsə, Sılanın atası Yasəmənin atası kimi göylərdə uçmurdu. Mənim qızlarım əvəzinə, bizim qızlar, uşaqlar deyirdi. Nur baba ilə söhbət etmək ona maraqlı idi. Hətta Nur babanın gün ərzində nə qədər dondurma satdığını da soruşardı. Tez-tez onu öz həyətinə dəvət edərdi. Gedək dəmli çay içək. Yaxşı, ağ gilas mürəbbəmizdə var. Boz rəngli külqabı siqaret kötükləri ilə dolu olurdu. Nur baba çay içməyə gələndə, dondurma dolu araba Sılagilin qapısında dayanırdı. Demə, bu mənzərə illərləyüksək vəzifə tutan Paşa bəydən heç nə alıb apara bilməzdi. Axı Paşa bəy xarakterinə, daxili aləminə, mənəvi gücünə inanırdı. Yasəmənin atası kimi vəzifəyə, dünya malına vurğun deyildi. Nur baba ilə söhbət ona sadəlik gətirirdi. Bu sadəlikdə dərin dünya canlandı. Dondurmasatanın Allahını dinləməkdən xoş nə ola bilərdi? Dinləmək böyük nemət, xəzinədir. Dinləmək mədəniyyəti onları bir-birinə yaxınlaşdırırdı. Ağ tut ağacının altında Paşa bəylə, Nur baba söhbət edirdi. Uşaqlar dondurma arabasının kənarına toplaşmışdılar. Sehirli qutu uşaqların ixtiyarına keçmişdi.Küçədə xoşbəxt uşaq səsləri eşidilirdi. Demə, həyatda gəmi kimi insanlar olur. Ağır, böyük, rəngli, qarda-şaxtada batmamaq üçün mübarizə aparanlar. Buz kimi suya dözümlü. Ölür. Və öldükdən sonra çox diri qalır. Dipdiri...


XƏBƏR LENTİ