14:59 Bazar Günü, 15 Dekabr 2019
SİYASƏT

“Ayağımıza dolaşmaq istəyən bu qorxaq dəstə...” – İlham Əliyevdən sərt sözlər

16:27, 12.11.20193982
“Ayağımıza dolaşmaq istəyən bu qorxaq dəstə...” – İlham Əliyevdən sərt sözlər

"İcra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün təyin olunan yeni icra başçıları ilə görüşdə deyib. Bildirib ki, Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. 

"Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. 

Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. 

Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. 

Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik. O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. 

Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar. Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin. 

Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansısa işi görəcək, onsuz da biz bunu görürük. Hazırda 4-cü regional inkişaf proqramının icrası davam edir. Əminəm ki, növbəti 4 il ərzində bu günə qədər öz həllini tapmamış məsələlər də öz həllini tapacaq. Ancaq siz hər bir rayonda mövcud olan problemlərə diqqət göstərməlisiniz, reaksiya verməlisiniz və çalışmalısınız ki, bu məsələlər öz həllini tapsın”.

XƏBƏR LENTİ