20:37 Bazar Ertəsi, 19 Avqust 2019
GƏNCLİK

Ayaq altından baş üstünə qalxan hörmətli "QALOŞ"

23:10, 10.06.201910262
Ayaq altından baş üstünə qalxan hörmətli
Biri var idi, biri yox idi. Bir Qaloş var idi. Yox, ya da belə yox. Sonra deyəcəksiniz ki, belə də nağıl başlayar? Axı, adətən o Qaloş yerində hər hansısa bir missiyanı yerinə yetirən nəsə olur! Haqlısınız. Nağılla başlamayım. Onsuz da indi kimdir nağıla inanan? Uşaqlardan başqa təbii ki deyərdim amma deməyəcəm. Çünki hələ də inananlar var. Dövri-zaman dəyişib deyirlər, o da dəyişməyib vallah. Sadəcə dəyişən cansız əşyalar,mənzərələrdi. Dəyişməyən cahil insanlar və onların xurafata inanan beyinləridi. 
   
 Şifahi xalq ədəbiyyatından yazılıya gəlim bəlkə? Hə, nə deyirsiniz? O zaman dahi ədib, satira ustası M.Ə.Sabirin beyin məhsulu ilə başlayacam yazıma.
Cümlə dəyişdirmisən kürkünü, paltarını;
Çəkmə, qaloş geymisən, pozmusan ətvarını.
     
Sözə diqqətlə fikir verin, qaloş geyinmisən deyir. Bəli, o qaloş ki, ayağı rütubət və palçıqdan qorumaq üçün geyilən rezin ayaqqabıya deyilir. Şəhərliləri bilmirəm amma kənddə böyüyən,yaşayanlar yaxşı bilir. Elə mənim kimi. 
   
 Yaxşı, yaxşı bu qədər xırdaçılıq yetər. Keçirəm əsas mətləbə. Kimin ağlına gələrdi ki, bir zamanlar ayaq altında olan bu qaloş vaxt gələcək başlar üzərinə qalxacaq?! Biraz daha cəsarətli yazım. Ondan kömək dilənəcək, şəfa istəniləcək, hörmətli statusuna yüksəlib, şanına yazılar həsr olunacaq? Axı, onu hansısa "cəddinə qurban olduğum" geyinib. Bütdü, şərik qoşmaqdı, qibtə etməkdir də bu. "Ey, uca Qaloooooş bizə kömək elə". "Ey, bunu geyinən sənə qurban olum, yardım ayağını uzaaaaat". Məscid divarları heç bu qədər dua eşitmir. Amma Qaloş eşidir. Hərə bir tərəfdə haqqında danışır, söhbət edir.
   
Qayıdaq, 110 il bundan əvvələ. Yadınıza gəlir, dahi yazar Cəlil Məmmədquluzadənin qələmə aldığı "Ölülər" əsəri? 1909-cu ildə yazılıb bu sənət nümunəsi. Həmişə novatorluq arxasınca qaçan Azərbaycan dünən o illərə geri qayıtdı. Əsərdə hadisə vaqe olurdu İrəvan quberniyasının kəndlərindən birində. Dünən isə Goranboyda. Yazı nümunəsi necə idi? Bir "Şeyx Nəsrullah" camaatın avamlığından, cahilliyindən istifadə edib, "ölülərinizi dirildəcəm" deyərək əvəzində kənd qızlarını yatağına salaraq, əhalini aldadırdı. Tragikomedikdi eləmi? O dövr üçün də bəlkə də normal qəbul edilən hadisədi, cərəyandı. Bəs indi? İndi ki, insanlar təhsil alır, qızlar məktəbə gedir, işləyir. Sonra o qızlar ana olur, övlad böyüdür. Beləliklə, maarifləndirmə prosesi gedir. Mən də safam elə nə olur tez inanıram. Deyirəm daha düzəldik, Cəlil Məmmədquluzadə kimi ədiblərin sözü öz zamanında keçirdi, indi onların zamanı deyil. Bu yerdə Allah adamın ağzından elə sillə vurur ki, oturub yerindəcə qalırsan. Həəə, dünəninə baxanda görürsən ki, nə "Şeyx Nəsrullah" yoxa çıxıb, nə də ona iman gətirənlər. Goranboyda da dünən biri peyda olub.

Bir "Şeyx Nəsrullah" yenidən cəmiyyətin qanına "xərçəng" xəstəliyi kimi bulaşıb, beyinlərini məhv etmək üçün gəlib. Sosial şəbəkələrdə görüntülər yayılıb. Kişili-qadınlı insan seli yığılıb bir xurafatçının başına. O da əlində qaloş birinin başına çəkir, birinin ağzına tüpürür. Məlhəmdi, şəfa tapacaqsınız, bunu filankəs cəddinə qurban olduğum geyinib deyir. Yazıq millətim, yazıq camaat hələ də bəzi hissəsi 110 il əvvəlki kimi saf,inanclı və cahildir. Onların ağ vərəq kimi təmiz beyinlərinə qara ləkə yaxmaq çox asandır. "Oxutmuram, əl çəkin", "Hekayəti-Molla İbrahimxəlil Kimyagər", "Ölülər" kimi əsərlər yazıldı şanlarına. Xeyri olmadı ki, olmadı. Əslində biz o dövrü çoxdan öldürməli idik, zaman keçdikcə yaşadırıq. Ağlayaq, gülək yoxsa başımıza bir çarə qılaq bilmirəm?! Qafqazın lideri olan ölkədə bu cür hadisələr bir əsr bundan əvvəl bitməli idi. Amma hələ də mövcuddu. Ən pisi də bilirsiniz nədir? Düşmən mövqeyi. Bilmirik onların dizlərini bükək, yoxsa "Şeyx Nəsrullah"ların beynini pərçim-pərçim edib, o qaloşu onun başına geydirək. Hər iki halda blokadaya düşmüşük. Ən böyük düşmənlik cahillikdir. O da bizi içdən yeyir. Parazit, qurd kimi. Arzum budur ki, zaman gəlsin Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi ədiblərin yazdıqları zamanla ayaqlaşmasın. Yoxsa vay bizim halımıza. Nə qədər ki, bu hadisələr yaşanacaq, biz elə bu ediblərə rəhmət oxuya-oxuya qalacağıq!! Və yenə qayıdıb deyəcəyik ki, "Allah sizə rəhmət eləsin, Ölülər!".


XƏBƏR LENTİ