14:38 Cümə Axşamı, 17 Oktyabr 2019
SOSİAL

Aynur Alışanova: "Ən yaxın dostum övladlarımdır" - MÜSAHİBƏ + FOTOLAR

11:10, 02.09.20195379
Aynur Alışanova:
AZXEBER.COM-un "Uğurlu qadın" rubrikasının qonağı "Azerbaijan360" layihəsinin həmtəsisçisi"The Toy Store Azərbaycan" Mağazalar Şəbəkəsi və H2A şirkətlər qrupunun sahibi olan Aynur Alışanovadır.
 
- Aynur xanım, mümkünsə özünüz haqda oxucularımıza məlumat verərdiz... 
 
- Aynur Alışanova, 1987-ci ildə Bakıda anadan olmuşam. Bakı Avropa liseyinin ilk məzunlarındanam. İqtisad Universiretində əyani olaraq beynəlxalq iqtisadi münasibətlər fakültəsini və biznesin idarə olunması magistr kursunu, eyni zamanda qiyabi olaraq Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqaqrad Akademiyasının hüquq fakultəsini tam ali dərəcədə bitirmişəm. 25 yaşında Avropanın top 5-nə daxil olan "Universisity College London"un Dövlət Siyasəti kursu üzrə magistr pilləsini bitirmişəm. 3 uşaq anasıyam. Humanist, demokratik və tolerant insan olmağa çalışıram. Kosmopolit olsam da, vətənimə, doğma şəhərimə çox bağlıyam. Yenilikləri, reformaları çox sevirem, bildiklərimlə kifayətlənmirəm, daim təkminləşmə, innovasiya və proqress axtarışındayam. 
 

 

- Layihəmizin adı "Uğurlu qadın”dır. Özünüzü uğurlu qadın hesab edirsiz?

- Əslində, özümün özümü uğurlu saymağım qeyri-təvazökarlıq olar. Əgər kənardan kimsə məni uğurlu hesab edirsə, nə xoş mənə. Ambisiyalı deyiləm, lakin maksimalist insanam ki, bu da bəzən uğurlu nəticələrə gətirib çıxarır. Bir işi edərkən maksimum keyfiyyətli etməyə çalışıram, çox tələbkaram, əsasən də özümə qarşı. 16 yaşımdan işləməyə başlamışam. Müxtəlif sahələrdə çalışmışam. İşlədiyim zaman tam peşəkarlığa can atmışam. Həyatı döyüş meydanına bənzətsək deyərdim ki, müharibəni hələ udmasam da, ancaq savaşlarımın çoxu mənim qələbəm ilə bitib .
 

 

- Nəyin uğrunda müharibə aparmısız?

- Uşaqlığım SSRİ-nin dağıldığı illərə təsadüf edib. Yaşıdlarımı bir növ üzərində sınaq keçirilən dovşan və ya siçan qismində görürəm. Müharibə deməzdim, amma mübarizələrim bəsit şeylər, kiçik azadlıqlar uğrunda olub. Azadlıqsevər insan olduğum üçün mübarizələr hələ də davam edir, lakin onu da bildirim ki, ilk mübarizəmi özümlə aparmışam və deyə bilmərəm ki, ozüm ozümə tam qalib gəlmişəm. 
 

 

- Uğur qazanmaq üçün nələrdənsə keçmisiniz? 

- Uğur qazanmaq üçün yaxınlarımla olan münasibətlərimi qurban vermişəm. Məni həmin an başa düşməyib, bəlkə də məhz mənafeyimi düşünüb, ola biləcək riskləri gözə alıb ideyalarıma qarşı gedən, amma bir müddət sonra yaxşı nəticələr əldə etdiyimi görüb, məni dəstəkləyənlərlə mübarizə aparmışam. Bir sözlə, uğur qazanmaq üçün xoş münasibəti qurban vermişəm. Qərarlarımı anidən, düşünmədən, daşınmadan, qorxaraq verməmişəm, demirəm ki, səhvlərim olmayıb, zatən biliklər və uğurlar uğursuzluqlar üzərində işləməklə əldə edilir, amma hər zaman öz intuisiyama güvənmişəm, bəlkə də bu əminlik və inam məni daim ayaq üstə saxlayıb. 
 

 

- Çox vaxt deyirlər ki, qadın uğur qazanıbsa, mütləq ona kimsə dəstək olub. Bəs sizə bu yolda kim dəstək olub?

- Bu fikirlə heç razılaşmıram. Çünki mən düşünürəm ki, dünyada hər şey individualdır. Dəstəyi olmayan insanı dəstəksizlik, dəstəyi olan insanı isə ətrafdakıların dəstəyi ilə uğura apara bilər. Mənim təhsilim, tərbiyəm və dünyagörüşümün formalaşmasında ailəmin rolu böyükdür. Ancaq bəzən özümə sual verirəm ki, mən Bakıda deyil, hər hansı ucqar bir rayonun uzaq kəndində anadan olsaydım, eyni uğuru qazana bilərdim mi?! Bu cür düşünə bilərdim mi? Hər hansı uğurum olardısa da, o indiki səviyyədə olmayacaqdı. Düşünmürəm ki, uğur ancaq anadan olduğun uğurlu məkan, ailə və cəmiyyətdən asılı deyil, amma bu faktorların bir fərdin formalaşmasında oynadığı mühüm rolunu da dana bilmərəm. 

 - Sahibkar qadın olmaq qərarına necə gəldiniz?

- İlk olaraq onu qeyd edim ki, mən kiçik sahibkarlığa 18 yaşında başlamışam. Tam tərqli sferalardan hər zaman əlavə gəlirim olub. Peşəkar sahibkarlığa başlamağım isə ailəmdə çox böyük bir rezonansa, narazılıqlara səbəb oldu. Çünki həmin dövrdə artıq yeddi ildən çox dövlət orqanlarının birində gözəl və perspektivli işim var idi. Ailəm məni daim elm sahəsində gördüyünə görə, belə kəsin qərar onlar üçün gozlənilməz oldu. Lakin elmi tərk etmək niyyətim də yox idi, doktoranturaya daxil oldum və paralel olaraq artıq 4 ildir ki elmi iş üzərində çalışıram. Müdafiədən sonra dərs deməyi çox arzulayıram.

Biznes bəzi insanların düşüncəsinə görə və ələxsus da köhnə sovet ideologiyasına görə bəsit "alverdi". Bunu çox adam bazar kimi qəbul edir. Ancaq sahibkar olaraq onu qeyd edim ki, müasir Azərbaycanda peşəkar biznes - özündə bir çox sahəni cəmləyir. Mən  ümumilikdə 13 il ərzində - hüquq, iqtisadiyyat və televiziya sahəsində çalışmışam. Bu sahələrdə qazandığım misilsiz təcrübəni bu gün öz fərqli istiqamətdə olan işlərimdə tətbiq edirəm. Özümə qarşı çox tələbkaram, üzərimdə çox işləyirəm, maraq dairəm genişdir və onu daim artırıb təkminləşdirmək üçün yeni ilklərə addım atıram. Fərdi sahibkarlıq insana həm iş qrafikində, həm həyat tərzində geniş azadlıqlar verir. Kurslara gedə bilmək, ailə üzvlərinin işə gəlməyi və ya rahat geyim tərzi çox vacib amillərdəndir. Ancaq dövlət sektorunda protokol və iş qrafiki var. Səhər 9-da işə gedib, 6-da işdən çıxmaq 3 uşaq anası üçün çox çətin idi. Televiziyada işlədiyim zamanlar  isə çox vaxt səhər 9-dan axşam 12-yə qədər işdə olurdum. Və əlbəttə ki, fərdi sahibkarın öhdəsinə düşən məsuliyyət dərəcəsinin müqayisə olunmamasına baxmayaraq, gəlir də fərqlidir. Məhz bütün bu və digər səbəblərdən fərdi sahibkarlığa keçdim. Bu gün mən, övladlarıma daim diqqət ayırmaqla bərabər, şəxsi təşəbbüsümü irəli sürüb, qərarımı qəbul edib heç bir bürokratik zəncirdən asılı olmayaraq aldığım qərarların nəticəsini və bəhrəsini görürəm.

 

- İşiniz şəxsi həyatınıza mane olmur? 

- Şəxsi həyat çox geniş məfhumdur. Çox nadir hallarda rəfiqələrimlə görüşə gedirəm. Toylar, ad günləri və digər ənənəvi mərasimlərə demək olar ki,  getmirəm, Mümkün qədər vaxtımı uşaqlarımla keçirirəm. Həftə sonlarını daim onlarla olmağa çalışıram. Ümumilikdə isə, belə deyərdim, işim şəxsi həyatıma müdaxilə etməsə də, orada olan boşluqları daim və gözəl şəkildə doldurur.
 

 

- Həm də blogger kimi fəliyyət göstərirsiz. Gənc qızlar nə ilə bağlı sizə müraciət edirlər? İstəkləri nədir?

- Əslində özümü blogger hesab etmirəm. Çünki mənə görə bu çox geniş anlayışdır. Mən sadəcə olaraq fəal vətəndaşam və sosial  şəbəkələrdə aktivəm.  Özümü üsyançı hesab edirəm. Bəzi mövzularda çox açıq danışmağa üstünlük verirəm. Əgər hər hansı nasazlığım olarsa, bunlar haqda yazmaqdan da çəkinmirəm. Blogerlərə baxsanız onların səhifələrində daim aktivlik var. Ancaq məndə əksinədir. Mənə yazanlar ancaq şəxsi mesaj bölümünə (direct) yazırlar. Virtual dostlarımı cinslərinə görə bölmürəm. Bəzən özümü psixoloq  qismində hiss edirəm (gülür). Hətta elə vaxtlar olur ki, ailələrin barışmasına və birləşməsinə də vəsilə oluram. Qızların çoxu  boşanmaq, evlənmək və ailələri tərəfindən onlara olan basqılar haqda mənə yazır. Mən isə çalışıram özüm haqda danışım, onlar da mənim təcrübəmi bilib, düşünüb özləri qərar qəbul etsinlər. 

- Dediz ki, üsyankarsız. Sonuncu dəfə nəyə və niyə üsyan etmisiniz?

- Bir neçə il bundan öncə valideynlərimə üsyan etmişəm. Buna səbəb valideynlərimin bir qadının tək kinoteatra getməsini anormal saymaları idi. Daha sonra isə övladlarımın xaricə tək getməsi və futbolla peşəkar məşğul olmasına dair piketler, kiçik aksiya və üsyanlar olub və düzü hələ hə davam edir. (gülür)
 

 

- Azərbaycanda bəzi gənc qızlar uğurun formulunu məşhur olmaqda, açıq-saçıqlıqda görür. Sizcə bunun səbəbi nədir? 

- Çox açıq geyinən ancaq namuslu, qeyrətli , vətənpərvər insanlar tanıyıram ki, min qapalı qıza dəyər. Çox qapalı geyinib "ev qızı” adını daşıyan qızlar var ki, tam fərqli davranırlar və bir çoxumuz da bunun fərqindəyik. Mən açıq-saçıqlıqla uğur arasında əlaqə görmürəm. Cavanları qinamıram. Onları, cəmiyyət formalaşdırır, insanların tərbiyəsinə, dəyərlərinin inkişafına birbaşa təsir edən KİV-lər formalaşdirir. Çox təəssüf ki, bizim televiziyalar belə insanları efirə buraxır. Cavan qızlar da bunu görərək düşünür ki, niyə mən gedib 12 il Tibb universitetini oxuyum? Niyə gedim kiminsə əlinin altında işləyim? Elə ondansa çıxım efirə, səsim olmadan oxuyum və sponsor tapandan sonra dərhal evim, maşınım da olacaq. Təbii ki, bunu hamıya aid etmək olmaz. Hər bir halda istisnalar olur. Bəziləri əxlaqsızlığı, səviyyəsizliyi modern üslubla səhv salır. Hazırda bir tendensiya var ki, gənc qızlar öz aralarında söyüşlə danışırlar. Onlar düşünür ki, müasirlik məhz budur. Halbuki, etikanı, mədəniyyəti, hörməti heç kim ləğv etməyib. Ancaq mən optimistik yanaşıram olaylara, düşünürəm ki, biz keçid dövrü yaşayırıq. Hazırda bizim cəmiyyət qəfəsdən çıxmış quş kimidir. Qəfəsdən çıxan quş ilk olaraq uça bilmir, çırpınaraq, yıxılaraq uçmağı öyrənir. Biz Avropaya, Türkiyəyə baxıb, onlar kimi olmaq istəyirik. Buna isə əsrlər lazımdır. 
 
 - Belə bir deyim var ki, bir qadın üçün ən önəmli vəzifə analıqdır. Bu fikirlə razısız?

- Elə hesab edirəm ki, analıq hiss yox, instinkdir. Mən özümün bir valideyn olaraq uğurlu ana olduğumu hiss edirəm. İnsan çox vaxt bu dünyaya gəlmə səbəbi və missiyası barədə düşünür. Belə bir qənaətə gəlmişəm  ki, mənim dünyaya gəlmə səbəbim, missiyam - elə ana olmaqdır. Hər zaman istəmişəm ki, çox övladım olsun. Arzularımdan biri də övladlığa uşaq götürməkdir. Düşünürəm ki, övladlarım böyüyüb, rahat olduqdan sonra bəlkə bu arzuma da çata bilərəm.
 

 

- 3 uşaq anasısız. Bundan sonra yenə ana olmaq haqda düşünürsüz?

- Sözün düzü şəxsi həyat haqda heç düşünmürəm. Buna görə də bundan sonra doğma övladımın olub-olmayacağını bilmirəm. Mənə görə, bir qadının analıq hissi güclüdürsə, onun üçün pişik balası da elə doğma bala kimidir. 

- Uşaqlarınıza vaxt ayıra bilirsiz? 

- Əgər uşaqlarla dərs edib, səhər onları dərsə yola salmaq baxımından deyirsizsə, xeyr vaxt ayıra bilmirəm. İşim çox olduğu üçün gecə saat 4-də yatıram. Evdə uşaqlarımla məşğul olan köməkçilərim var və bu işlərə onlar nəzarət edir. Yetərincə gərgin, yorğun gün keçirirəm və düşünürəm ki, sadaladığım məişət işləri də üzərimdə olsa, daha da əsəbi olacam. Odur ki, işdən sonra evə dönüncə uşaqlarıma ancaq xoş rəftar və pozitivlik bəxş edirəm. Həftə sonunu çalışırıq bir yerdə keçirək, onlar mənimlə işə gəlir, mən isə onlarla gəzintiyə çıxıram. Övladlarımla yaxın dostam, onlarla hər mövzuda söhbət edə bilirəm. Bu gün mənim ən yaxın dostum övladlarımdır. Mənim müdrik və ağıllı bir tərəfdaşa, həmsöhbətə ehtiyacım olduğu an böyük oğlumla məsləhətləşirəm. 13 yaşı olmasına baxmayaraq, mənə çox müdrik və ağıllı tövsiyə verməyi bacarır. Demokratik anayam, erkən yaşlarından uşaqlara seçim azadlığı vermişəm və bu addıma görə də çox şadam. 

- Deyirlər, hər uğurlu kişinin arxasında bir qadın durur. Bəs uğurlu qadının? 

- Mən bir çox atalar sözü, deyimlər və s. ilə razılaşmıram. Elə kişi var ki, sualınızın əksi olaraq - qadınına qulaq assa, batar. Yəni bu doğru yanaşma deyil. Qadınlarda da bu belədir, individualdir, kimisinin həyatındakı kişi güclü və özgüvənli olduğundan irəli gedir, kimisi isə o qədər zəifdir ki, qadın güclü olmaq məcburiyyərində qalır. Yəni, bu suala birmənalı cavab vermək olmaz.

- Belə bir deyim də var ki, qadınlar hisslərinə qurban gedir. Heç hisslərinizin qurbanı olmusunuz? 

- Mən şəxsi həyatım ilə iş həyatımı ayırmağa üstünlük verirəm. Şəxsi həyatımda hisslərim gözlərimi qapadır və mən onlara qurban gedirəm. Peşəkar həyatımda isə 6-cı hissim çox güclüdür. Ürəyimdən, qəlbimdən çox beynim işləyir. Mən atacağım addımda hər bir hadisəni gözlədiyim üçün baş verəcəklərə heç də təəccüblənmirəm.
 

 

- Adətən qız uşaqlarına atalarına daha çox bağlı olurlar. Bəs siz necə? 

- Uşaqlıda ən sevmədiyim sual "atanı çox istəyirsən, yoxsa ananı?” idi. Ona görə də bu suala belə cavab verəcəm: Övladlarımı, valideynlərimi və bacılarımı tam fərqli sevirəm, amma eyni zamanda da bərabər. Anamla xasiyyətimiz çox oxşardır, Atamla isə zövqümüz.

- Mediada ailəniz haqda həddən çox xəbər var. Bu xəbərlərə münasibətiniz necədir?

- Aktiv sosial şəbəkə istifadəçisi olduğum üçün bu cür xəbərlər mənə pis təsir edir. Bəzən şərhləri kimlərin və nə üçün yazdığını da bilirəm. Əfsuslar olsun ki, bu gün sosial mediada yazılanlara nəzarət etmək mümkün deyil. Mən düşünürəm ki, bizim insanlar çox aqressivdir. İnsanların dəyərləri dəyişib. İnsanlar bəzən evdə, işdə yaşadığı və üzləşdiyi problemə olan qəzəbini məhz hər hansı xəbərin şərh bölümünə tökür. Mən ailəm haqda çıxan xəbərlərə şərh bildirən insanlarla da danışmışam. Kompüter arxasında, klaviatura önündə oturub yazan "cəngavərlər” anlamırlar ki, belə şərhlər yazmaqla kiminsə hüququnu pozur, mənəvi depressiya yaşadır. Mən çalışıram o xəbərləri oxumayım. Çünki bu mənə pis təsir edir. Əfsuslar olsun ki, 1 insan hamıya cavab verə bilmir. Təkzib verildikdə belə ilk xəbəri oxuyan insanlar təkzibi oxumurlar. Ümumən isə, insanlar şəxsi acılarını, qəzəb və hirslərini sosial şəbəkələrdə tökür. 

- 32 yaşınız var, ancaq hər zaman formadasız, 3 uşaq anasız ancaq artıq çəkiniz də yoxdur. Necə bacarırsız belə gözəl qalmağı? 

- Birinci onu deyim ki, çox işləyirəm və yeməyə vaxt ayıra bilmirəm. Bacardığım qədər idmanla məşğul oluram. Harasa gedirəmsə, maşını çox aralıda saxlayıram ki, piyada gəzim. İş qrafikim isə çox gərgindir. İşim kabinetdə oturub sənəd imzalamaqdan ibarət deyil. İşçilərimlə bərabər qutuları da daşıyıram, rəfləri də yığıram, texnikanı təmir edirəm. Ancaq burada genetik faktor da boyuk rol oynayır məncə. Xüsusi dieta da saxlamıram. 1 il bundan öncə çox ağır xəstəlik keçirdim. Və o zaman 10 kq kökəlmişdim. Son zamanlar normal çəkimə dönməyə başlamışam. Ümumən isə fit qalmağın əsas məqamları var - sağlam qida, yaxşı və düzənli yuxu, idman. Boynuma aliram ki, ”Fast Food”dan kənar durmağa çalışsam da, görüşlər zamanı məcbur olub onlardan istifadə edirəm. Xüsusi dietalar isə həyat tərzimlə uyğun gılmir, mənim özümlə oynamağa vaxtım yoxdur. (gülür). 
 

 

- Aynur Alışanova hansını seçərdi: sevilən qadın olmağı yoxsa uğurlu iş adamı olmağı?

- Bəzən düşünürəm ki, hansını seçərdim: Xoşbəxt qadın olmağı yoxsa valideynləri, övladı sağlam olan qadını? Təbii ki, əzizlərimin sağlığını seçərdim. Suala gəlincə isə, seçib sevilməyi seçərdim, qarşılıqlı olaraq, zatən bir qadın üçün bundan böyük uğur ola bilməz.

- Futbola da marağınız var...

- Bəli, çox böyük maraq dairələrimdən biri futboldur. Bu maraq 1998-ci ildən yaranıb. O vaxt sinif yoldaşlarımla "Real Madrid”in oyununa baxıb, həmin gündən - Roberto Karlosun zamanından o komandanın azarkeşi olmuşam. Buna baxmayaraq oğlanlarım "Barselona”nın azarkeşləridir. Demokratik ana olaraq onlara azarkeşləri olduqları komandanın formalarını alıram, düzünü düsən o an əllərim titrəyir bəlli səbəblərdən. Onlarla "El-Klassikoya” baxıram. İmkan daxilində stadiona gedib, ordan da derbini izləyirik.
 

 

- Maraqlı müsahibəyə təşəkkür edirik.

- Mən də maraqlı suallara görə sizə təşəkkür edirəm. 

Günel Hüseynli,
AZXEBER.COM

 
XƏBƏR LENTİ