16:02 Bazar Ertəsi, 23 Iyul 2018
Redaktorun Seçdikləri

Azərbaycan Mətbuatının böyük inkişaf perspektivləri var - Fotolar

13:45, 27.07.2017535
Azərbaycan Mətbuatının böyük inkişaf perspektivləri var - Fotolar

Müstəqil Azərbaycanda milli mətbuatın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

AZXEBER.COM Kaspi.az-a istinadən xəbər verir ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər ölkənin üzləşdiyi ağır ictimai-siyasi şəraitdə, iqtisadiyyatın iflic vəziyyətə düşdüyü bir dövrdə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayıb. Ümummilli lider Heydər Əliyev bir neçə dəfə media rəhbərləri ilə görüşlər keçirərək onların problemləri ilə şəxsən maraqlanıb, iş prosesində meydana gələn çətinliklərlə bağlı diskussiya aparıb. Bu görüşlərin nəticəsi olaraq əvvəlcə o vaxt çap olunan qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borcları dondurulub, daha sonra büdcə vəsaiti hesabına tamamilə silinib. Bununla paralel olaraq, 1998-ci ilin 6 avqust tarixində Azərbaycanda media üzərindən senzura birdəfəlik götürülüb. Azərbaycan jurnalistləri azad şəkildə öz fikirlərini ifadə etmək, yazmaq hüququ əldə ediblər. Dövlət mətbuatın idarə edilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə islahatlar aparıb. Dövlətin bu sahədəki siyasətini tənzimləyən Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib. Mətbuatın idarə edilməsi işi jurnalistlərin qurultayında onların özləri tərəfindən seçilən Mətbuat Şurasına həvalə olunub.

Əsası ümummilli lider tərəfindən qoyulmuş və ənənəyə çevrilmiş mediaya dövlət dəstəyi siyasəti Prezident İlham Əliyevin rəhbərliyi dövründə özünün ən yüksək zirvəsinə çatıb. Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası əsasında mühüm layihələr icra edilib. Xüsusilə də 2008-ci ildə Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi bu sahədəki işləri sistem halına salıb. 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) yaradılıb. Bunun ardınca isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra edilib. Belə ki, 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan KİV DF-yə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

Ötən müddətdə həmin vəsait hesabına jurnalistlər üçün 155 mənzildən ibarət 17 mərtəbəli bina inşa olunub və bütün mənzillər yüksək səviyyədə təmir edilib. 2013-cü ilin iyul ayında həmin mənzillər jurnalistlərə paylanıb. Elə həmin gün 255 mənzildən ibarət olacaq ikinci belə bir binanın təməli qoyulub ki, bu mənzillər də cari il iyul ayının 20-də jurnalistlərə hədiyyə edilib. Bu xoşməramlı təşəbbüsün davamı olaraq, ikinci binanın açılış mərasimi zamanı 3-cü binanın da təməli qoyulub. Ümumilikdə həyata keçirilən bütün bu tədbirlər bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həllinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır. Ən əsası isə odur ki, bu tədbirlər ardıcıl xarakter daşıyır.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu çap media təmsilçisi, meneceri olaraq dövlətin, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata göstərdiyi dəstəkdən razılığını ifadə edib. Bildirib ki, bu dəstək olmasaydı, çap mediasının vəziyyəti yaxşı olmazdı: "Azərbaycan Prezidenti İlham Əliyev əlindən gələni edir ki, ölkədəki ənənəvi çap media yaşasın, Həsən bəy Zərdabidən indiyə qədər davam edən ənənə qırılmasın. Dünya elektron media dünyasıdır. Yeni media çap mediasını üstələməkdədir. Elə bizim özümüzdə də nümunə belədir. Musavat.com saytı "Yeni Müsavat” qəzetini tirajda ən azı 10-15, hətta 20 dəfə üstələyir. Belə olan halda çap mediasının yaşama şansı çox az olur. Məhz Azərbaycanda, kiçik auditoriyası olan ölkədə çap mediasının, ənənəvi medianın yaşamasının səbəbi dövlətin bu sahəyə olan dəstəyi, o cümlədən KİV DF-nin, Mətbuat Şurasının, həmçinin Azərbaycan Prezidentinin çap mediasına olan həssaslığıdır. Bu baxımdan, çap media təmsilçisi olaraq, bu prosesi məmnuniyyətlə izləyirəm və eyni zamanda yaşayıram”.

 

 

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da bildirib ki, ümumiyyətlə Azərbaycanda mətbuata dövlət qayğısının əsası ümummilli lider Heydər Əliyevin dönəmində qoyulub. O, 1990-cı illərin ortalarında Azərbaycan mətbuatının tənəzzül dövrünün yaşadığını xatırladıb. Qeyd edib ki, məhz belə bir vaxtda mətbuata Heydər Əliyev tərəfindən böyük dəstək verilib: "Həmin vaxt qəzetlərin satışı aşağı düşmüşdü. Gəlirlərin azalması səbəbindən qəzet redaksiyalarının nəşriyyata kifayət qədər borcları yaranmışdı. Belə vəziyyətdən çıxış yolu yalnız dövlətin dəstəyi idi. Bu dəstəyi də ulu öndər Heydər Əliyev həyata keçirdi. O andan başlayaraq indiyə qədər bu proses, yəni dövlətin mediaya dəstəyi davam etməkdədir. 25 illik müstəqilliyimiz dönəmində 20 il ərzində biz bu dəstəyi hər zaman hiss etmişik. Çap medianın bu gün yaşamasının ən böyük səbəbi də məhz dövlətin bu sahəyə dəstəyidir. Satış imkanının aşağı olması, məhdud reklamlar indinin özündə də çap mediasını yaşatmaq iqtidarında deyil. Mətbuatın inkişafı ilə bağlı dövlət konsepsiyasının qəbulu, KİV DF-nin yaranması, çap mediasına maliyyə yardımlarının edilməsi yazılı medianı ayaq üstdə tutur. Son illər jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılmaqdadır. 2013-cü ildə 155, 2017-ci ildə 255 mənzildən ibarət iki bina istifadəyə verilib, pulsuz olaraq jurnalistlərə paylanılıb. Beləliklə də 410 jurnalist yeni mənzillə təmin olunub. Növbəti mərhələdə daha 255 jurnalistin mənzil şəraiti yaxşılaşdırılacaq. Ümumilikdə bütün bu sadalanan faktlar dövlətin mediaya, media mənsublarına göstərdiyi diqqət və qayğının əyani sübutudur”.

 


 

 

 

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə hesab edir ki, Azərbaycanda mediaya dövlətin dəstəyi həm mətbuat tariximizdə, həm də ümumilikdə dünya miqyasında mətbuat-dövlət münasibətlərində keyfiyyətcə yeni modeldir. Onun sözlərinə görə, bu model tamamilə özünü doğruldub: "Bir tərəfdən medianın özünün inkişafına yeni şərait açılır. Digər tərəfdən dövlətin mövqeləri güclənir. Həmin dövlətin daxili işlərinə ideoloji təxribat baxımından kənar müdaxilələr məhdudlaşdırılır. Bununla yanaşı, media ilə dövlət arasında tamamilə yeni münasibətlər yaranır. Azərbaycanda mediaya dövlətin verdiyi dəstəyin ortaya qoyduğu ən böyük nəticə bundan ibarətdir ki, dövlətin yanında olmayan medianın güclü olmasının qeyri-mümkünlüyünü bu mexanizm bir daha sübut etdi. Yalnız dövlət ilə birlikdə olan medianın qarşısında böyük inkişaf perspektivləri var. Hələ illər öncə Azərbaycanda dövlətin dəstəyi medianı əhatə etmirdi. O zaman bəzi xarici donor mərkəzlərinin müəyyən maliyyə və metodiki idarəçiliyi altında olan bir sıra media qurumları var idi. Ancaq indi bu cür media qurumları yoxdur. Bu fakt bir daha onu göstərir ki, öz dövlətinin himayəsinə sığınmayan media qurumları uzun müddət yaşaya bilməz. Belə media qurumları fəaliyyət göstərdiyi müddətdə yad ideoloji mərkəzlərin sadəcə əl buyruqçusu funksiyasına çevrilirlər. Ona görə də Azərbaycanda mediaya dövlətin dəstəyi dövlətçilik məsələsidir. Bu, medianın peşəkarlığının artırılmasına, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasına böyük təkan verir. Ən əsası isə dövlətin milli təhlükəsizlik konsepsiyasının ən vacib məsələlərindən biridir. Bütün bunları nəzərə alaraq bir daha qeyd etmək istərdim ki, dövlətin mediaya dəstəyi rasional nəticə verən mexanizmdir. Azərbaycan dövləti var olduqca bu mexanizm işləyəcək”.

XƏBƏR LENTİ