08:49 Bazar Ertəsi, 09 Dekabr 2019
SİYASƏT

Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcək

20:18, 30.11.20197729
Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcək
TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - "Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində məlumat verib.

Bu layihələrin həyata keçirilməsinin Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsulu olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq. Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür,- bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir. Yəni, bu layihələrə, sadəcə olaraq, enerji layihələri kimi baxmaq düzgün olmaz”.

Prezident İlham Əliyev Azərbaycan və Türkiyənin enerji layihələrinin digər layihələrə də yol açdığını bildirib.
XƏBƏR LENTİ