23:21 Bazar Ertəsi, 19 Avqust 2019
SOSİAL

Azərbaycanda avtomobilin motorundan 4 kiloqram qızıl tapıldı - VİDEO

15:17, 14.08.20192519
Azərbaycanda avtomobilin motorundan 4 kiloqram qızıl tapıldı - VİDEO
Gömrük əməkdaşları külli miqdarda qızıl bəzək əşyalarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Gömrük Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz E240" markalı avtomobil saxlanılıb və həmin şəxs sorğu-sual olunub.

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobilə gömrük baxışı zamanı minik maşınının mühərriki saxlayan hissəsində 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkarlanıb.

Daha sonra avtomobilə baxış davam etdirilib və minik maşınının kondisionerinin iş rejimini təşkil edən hissəsində də 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkar olunub. Eyni zamanda, mühərrikin qapağı açılaraq orada da silindir şəklində olan əşyanın içərisində 1 ədəd bağlamada qızıl-zinət əşyalarının saxlandığı müəyyən edilib.

Beləliklə, aşkar olunan malların qızıldan hazırlanmış 101 ədəd kulonla birlikdə boyunbağı, 50 ədəd tək boyunbağı, 115 ədəd qolbaq, 489 cüt sırğa, 227 ədəd üzük, 9 ədəd sırğa-üzük dəsti, 60 ədəd üzük-sırğa-kulon dəsti, 166 ədəd kulon, 3 ədəd saat, 1 ədəd üzük-bilərzik dəsti, 10 ədəd sancaq və 1 ədəd sırğa-kulon-boyunbağı dəsti olduğu müəyyən edilib.

Bu zərgərlik məmulatının qablaşdırılması ilə birlikdə ümumi çəkisi isə 4148 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.
 

XƏBƏR LENTİ