12:55 Bazar Günü, 18 Noyabr 2018
SAĞLAMLIQ

Azərbaycanda əsl uzman həkimlər kimdir? – I SİYAHI

15:49, 22.10.20182998
Azərbaycanda əsl uzman həkimlər kimdir? – I SİYAHI

"Azərbaycanda birinci uzman mənəm, qalan hamısı sonradan gəlib”. Yəqin bu ifadə çoxunuza tanışdır. "Bozbash Pictures” məşhur personajı "Uzman Qılman Hoca”nın ironiyalı fikirləri bu sahədə olan acınacaqlı vəziyyətin əyani təzahürüdür.

Müasir dövrümüzdə ən çox rast gəlinən terminlərdən biri uzmandır. Vaxtaşırı olaraq dövrü mətbuatda və sosial şəbəkələrdə "uzman doktor” ifadəsinə rast gəlirik. Əksər hallarda müxtəlif dövlətlərdə qısamüddətli kurs keçmiş və sertifikat almış həkimlər özlərini uzman kimi təqdim edirlər.

Tibb fakultəsini bitirən hər kəs həkimdir, lakin konkret sahə seçəcəksə bu sahənin həkimi, müasir dillə desək uzmanı olmaq istəyirsə, 3-4 il həmin sahədə asissentlik etməlidir. Yalnız bundan sonra cərrah, oftolmoloq, pediatr, ginekoloq və s. ola bilər. Yəni qısası, uzman həkim deyilirsə, o işinin öhdəsindən gələ bilən, öz sahəsinin eksperti olan həkimlərə deyilir.

Qardaş Türkiyədə bu termin geniş yayılıb və orada minimum 6 il assistentlik edən həkimlər bu adı qazanır. Olduqca çətin və ağır şəraitdə çalışan bu həkimlərin əksəriyyəti sonradan bu əzablara dözməyərək, praktik təhsilini yarımçıq qoyurlar. Reallıq ondan ibarətdir ki, Azərbaycanda uzman həkimlərin sayı heç də çox deyil.

KLİNİK.AZ uzmanlıq təhsili almış həkimlərlə bağlı araşdırma yazılarına başlayır.

Hər gün dərc olunacaq məqalələrdə müxtəlif sahələr üzrə uzmanlıq təhsili almış həkimləri sizə təqdim edəcəyik. İnanırıq ki, bu siyahı sağlamlığının qayğısına qalan soydaşlarımız üçün yol xəritəsi olacaq. Eyni zamanda bu sahədə olan boşluğu aradan qaldıracaq, bəzilərinin özünü "uzman” kimi təqdim edərək, xəstələri aldatması hallarına son qoyacaq.

Birinci yazıda Türkiyədə uzmanlıq keçmiş və hazırda ölkəmizdə fəaliyyət göstərən ürək-damar cərrahlarını təqdim edirik:

Uzm.Dr. Eldəniz Əliyev 1995-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakultəsində təhsil alıb. 2002-ci ildən Türkiyənin Ege Universitetinin Tibb fakultəsində ürək-damar cərrahlığı üzrə təhsilini davam etdirərək, uzman doktor adını alıb. 2009-2010-cu illərdə isə İstanbulda J.F.K. və Hospitaliumda ürək damar cərrahı işləyib. Azərbaycana 2012-ci ildə qayıtdıqdan sonra Mərkəzi Gömrük Hospitalında işləyib. Hazırda Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürək damar cərrahlığı şöbəsinin həkimidir.

Uzm.Dr. Kamran Musayev 1990-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakultəsinə qəbul olunub. 2 il burada təhsil aldıqdan sonra, 1992-ci ildə təhsilini davam etdirmək üçün rektorluq tərəfindən müsabiqə yolu ilə istedadlı tələbələr sırasında Türkiyənin İstanbul Universitetinin Tibb fakultəsinə göndərilir. 1996-2002-ci illərdə Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa Tibb fakultəsində uzmanlıq təhsili alıb. Tibb elmləri doktoru, professor Kamran Musayev hazırda Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyəsi Cəmiyyətinin sədridir.

Uzm.Dr. Rəşad Mahmudov 1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin Tibb fakültəsində, 1997-2003-cü illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb. 2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində uzmanlıq diplomu alıb. Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşad Mahmudov hazırda Milli Məclisin deputatı, Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəhbəridir.

Uzm.Dr. Mirəli Məcidov Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakültəsinə qəbul olunub. Ardınca Türkiyədə təhsili davam etdirən M.Məcidov 2000-2001-ci illərdə "Ankara Yüksek İhtisas Hastanesi Kalp Damar Cerrahisi” klinikasında 1 illik kurda iştirak edib. 2003-2011-ci illərdə Ege Universiteti tibb fakültəsində ürək-damar cərrahiyyəsi uzmanlığı keçib. Hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında şöbə müdiridir.

Gördüyünüz kimi, Azərbaycanda onlarla ürək-damar cərrahı özünü "uzman doktor” kimi təqdim etsə də, əslində bu belə deyil.

Azər Niftiyev

XƏBƏR LENTİ