02:53 Bazar Günü, 08 Dekabr 2019
MƏDƏNİYYƏT

Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçiriləcək

16:31, 29.08.20194028
Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçiriləcək

Avqustun 30-31-də Şamaxı rayonunun Meysəri kəndində Azərbaycan Üzüm və Şərab Festivalı keçiriləcək. Tədbir "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunacaq.

AZXEBER.COM xəbər verir ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, "Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Festival günlərində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq.

Avqustun 30-da festivalın açılış mərasimi keçiriləcək, qonaqlara musiqili proqram təqdim olunacaq. Rəqqas və nağaraçıların, həmçinin nəfəsli alətlər orkestri, eləcə də festivalın emblemi olan fiqur və kuklaların iştirakı ilə parad təşkil ediləcək.

Tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edəcək, məhsullarının dequstasiyasını keçirəcəklər.

Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil olunacaq.

Festival çərçivəsində ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında dəyirmi masa keçiriləcək. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak edəcəklər.

Burada beynəlxalq və yerli ekspertlərin iştirakı ilə somalye kursları da təşkil olunacaq.

Kompleks ərazisindəki göldə işıq şousu nümayiş etdiriləcək.

Festival çərçivəsində Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Natiq Şirinov, Əməkdar artist Miri Yusif və digər tanınmış incəsənət ustaları və qruplarının iştirakı ilə konsert proqramları keçiriləcək. Həmçinin diskotekalar təşkil ediləcək, açıq havada şərabçılığa dair filmlər nümayiş olunacaq.

Avqustun 31-də festival tədbirləri başlayanadək həm də yoqa, karate və gimnastika məşqlərində iştirak etmək mümkün olacaq. Festival çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasına gecə turları, İsmayıllı rayonunun Lahıc kəndinə ekskursiyalar, Şamaxı, İsmayıllı, Ağsu rayonları ərazisində yerləşən şərab təsərrüfatlarına dequstasiya turları da təşkil ediləcək.

Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün foto zona da olacaq.

XƏBƏR LENTİ