16:08 Cümə Axşamı, 15 Noyabr 2018
SİYASƏT

Azərbaycanın məşhur xanım deputatları hazırda nə işlə məşğuldur? – Müxalifətçi, psixoloq, QHT sədri...

14:04, 02.11.201811384
Azərbaycanın məşhur xanım deputatları hazırda nə işlə məşğuldur? – Müxalifətçi, psixoloq, QHT sədri...
Hazırda Milli Məclisdə 119 deputat təmsil olunur ki, onların 18-i qadındır. Azərbaycanın parlament təcrübəsində indiyə qədər 100-dən artıq xanım deputatı olub.

AZXEBER.COM ölkəmiz müstəqillik əldə etdikdən sonra Milli Məclisdə təmsil olunan sabiq xanım deputatların bəzilərinin hazırda nə işlə məşğul olmasını araşdırıb.

Milli Məclisin sabiq deputatı Asya Manafova hazırda təqaüddədir, vaxtının çoxunu mütaliə etməklə keçirir.

Azərbaycan SSR XII çağırış Ali Sovetinin, Milli Məclisinin I və II çağırış deputatı olan A.Manafovanın son iş yeri Azərbaycanın Belarusdakı səfirliyində müşavir vəzifəsi olub. Sovetlər dönəmində Qusar və Masallı rayonlarına rəhbərlik edən A.Manafova YAP-ın yaradıcılarından olub. Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasına rəhbərlik edib.

Milli Məclisin sabiq deputatı Rəbiyyət Aslanova hazırda elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

Fəlsəfə elmləri doktoru, professor R.Aslanova II və III çağırış Milli Məclisin deputatı olub. Parlamentin İnsan Haqları Komissiyasına rəhbərlik edib.

Milli Məclisin sabiq deputatı Gülər Əhmədova hazırda psixoloq kimi fəaliyyət göstərir.

II, III və IV çağırış Milli Məclisin deputatı olub. Qısa müddət həbsdə yatan G.Əhmədova eyni zamanda "Mərkəz” qəzetinə və Azərbaycan Uşaq Təşkilatına rəhbərlik edib. O sosial şəbəkələrdə də çox aktivdir. 

Milli Məclisin sabiq deputatı Lalə Abbasova ictimai fəaliyyətlə məşğuldur, "Qadın və Tərəqqi” ictimai birliyinin sədridir.

III çağırış Milli Məclisin deputatı olan L.Abbasova uzun müddət jurnalist kimi fəaliyyət göstərib və rusdilli nəşrlərə rəhbərlik edib.

Milli Məclisin sabiq deputatı Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.

II çağırış Milli Məclisin deputatı olan G.Məmmədova Parlamentin Təhsil Komissiyasının üzvü olub. 2006-cı ildə əməkdar memar fəxri adına layiq görülüb.

Milli Məclisin sabiq deputatı Gültəkin Hacıbəyli hazırda müxaliftçidir. O Milli Şuranın Kordinasiya Şurasının üzvüdür. Gültəkin Hacıbəyli mandat sahibi olmadığına görə siyasi mövqeyini dəyişib və buna görə ən çox tənqid olunan şəxslərdəndir.

II və III çağırış Milli Məclisin deputatı olan G.Hacıbəyli Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub.

Milli Məclisin sabiq deputatı Aynur Quliyeva hazırda "Teleqraf” Media Holdinqin rəhbəridir.

III çağırış Milli Məclisin deputatı olan A.Quliyevanın rəhbəri olduğu media holdinqin tərkibinə Publika.az, Teleqraf.com və Axar.az xəbər portalları daxildir.

Milli Məclisin sabiq deputatı Həvva Məmmədova hazırda elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

III çağırış Milli Məclisin deputatı olan professor H. Məmmədova Azərbaycan-Danimarka, Azərbaycan-İsveç, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Milli Məclisin sabiq deputatı Zəminə Dünyamalıyeva hazırda aktiv şəkildə olmasa da, ictimai-siyasi fəaliyyətlə məşğul olur.

I çağırış Milli Məclisin deputatı olan Z.Dünyamalıyeva proporsional qaydada YAP-ın siyahısında deputat seçilsə də, 1999-cu ildə həmkarı Solmaz Ələsgərova ilə birgə Rəsul Quliyevin rəhbəri olduğu ADP-yə keçib.

Azər Niftiyev, 
AZXEBER.COM
XƏBƏR LENTİ