22:14 Cümə, 06 Dekabr 2019
MƏDƏNİYYƏT

Azərbaycanın xalq artisti: 'Anam dünyasını dəyişəndən sonra çox şey mənim üçün mənasızlaşıb' - MÜSAHİBƏ

14:39, 05.01.20125732
Azərbaycanın xalq artisti: 'Anam dünyasını dəyişəndən sonra çox şey mənim üçün mənasızlaşıb' - MÜSAHİBƏ
 “Gücünə arxayın olan aktrisa teatrda özünə dublyor seçilməsindən qorxmaz”
 Tanınmışlardan müsahibə almağı qarşıma məqsəd qoydum və ilk müsahibim Xalq artisti,  sevdiyim insan Həmidə Ömərova oldu. Həmidə Ömərova Azərbaycan kinosunda oynadığı rollarla yeni səhifə açmışdır. Çəkildiyi filmlərlə Azərbaycan xalqının böyük sevgi və hörmətini qazanmışdır. Onun “Qorxma mən səninləyəm” filmindəki Telli, ”Yol əhvalatı” filmindəki Zümrüd, ”Anlamaq istəyirəm”filmindəki Çinarə , “Şirbalanın məhəbbəti” filmindəki Nazlı və adını çəkmədiyim bir çox rolları bu baxımdan seçilir. Təkcə kino sahəsində deyil, o həmçinin dublyaj sahəsində də xeyli işlər görmüşdü.”Kleopatra” filmində Kleopatra, ”Küləklə sovrulanlar”filmində Skarlet,  “Evita”filmində Evita ,”Maqdalina”filmindəki Maqdalina obrazlarının va 500 –dən  çox film və serialın səsləndirilməsində iştirak etmişdir. Dublyaj sahəsində son uğurlu işi “Hz.Yusif”serialinda Züleyxa obrazının səsləndirilməsi olub. Sözü çox uzatmadan keçmək istəyirəm müsahibəyə..
-Salam Həmidə xanım necəsiz?
- Salam oğlum, çoxsaqolun yaxşıyam.
-Suallara hazırsınız?
- Buyurun.
 - Necə oldu ki, bu sənəti seçdiniz, məhz aktrisalığı?
 - Təsadüfən oldu bu sənəti seçdim. Filologiya fakültəsində oxuyurdum, bir gün Həsən Seyidbəylinin televiziyada çıxışını gördüm, o deyirdi ki, Moskvada kinomotoqrafiya inistutunda aktyorluq şöbəsində 15 oğlan və qız qəbul oluna bilər. Müsabiqədə iştirak etdim və 15 nəfərin içərisindən seçildim. Qohumlarımız,anam istəmirdi aktrisa olmağımı, çünki anam məni həkim kimi görürdü. Amma razı sala bildim. Moskva kinomatoqrafiya universitetinin akyorluq şöbəsində təhsil alıb, Cəfər Cabbarlı kinostudiyasına təyinat aldım.
-Gözəl ana və pedaqoq olduğunuzu bilirik, bəs deyə bilərsinizmi, siz tələbələrinizə ana olmusuz, yoxsa tələbələləriniz sizə övlad olub?
- Həmişə dərs vaxtı müəllim olmaq istəmişəm, dərsdən kənarda isə həmişə dost olmuşam. Mən belə fikirləşirəm ki, tələbə ilə müəllim arasında sərhəd olmalıdır.
- Çox az hallarda olur k, tanınmış insanlar şəxsi həyatı haqqında danışmağı xoşlamırlar, siz də elələrindənsiniz, bəlkə bir neçə kəlmə deyəsiz?
-  Ailəliyəm, bir oğlum var. (gülür)
- İndiyə kimi çox filmlərə çəkilmisiniz, ən xoşladığınız tərəf müqabiliniz kim olub?
 - Birinin adını çəksəm o biriləri inciyər. Amma bir nəfərin adını çəkməyə bilmərəm. ”Nizami”filmindəki Nizami rolunun yaradıcısı Müslüm Maqamayev boyük şəxsiyyət idi,  həyatda da çox sadə və xeyirxah, nəcib insan idi.Özünün kimsədən yuksək olduğunu göstərməzdi. Allah ona rəhmət etsin.
-Son çəkildiyiniz filmlər haqqındada nə deyə bilərsiz?
 - Ayaz Salayevin “Arı” filmində çəkildim, bu vaxta qədər oynadığım rollar içərisində fərqli bir obrazdır. Ona heç obraz da demək olmaz, çünki həcmi çox kiçikdir. Amma oynamışam ürəyimcə olub. Yuli Qusmanın “Qorxma mən səninləyəm”filmində rol aldım, amma bu filmdəki rolumdan çox narazıyam, çünki birinci filmdəki əsərin qəhrəmanı Telli bu filmdə epizod yox, kütləvi ekran obrazı qədər kiçildilmişdir. Yəqin Qusmanın fantaziyası çatmayıb kı, ana rolu üçün maraqlı səhnələr fikirləşsin. Amma bilirəm ki, tamaşaçılarımız Tellinin sonrakı taleyi ilə maraqlanacaqlar və onu ekranda ani, 1, 2,dəqiqə görəndə təəccüblənəcəklər. Bundan başqa gənc rejissor Nicat Qafuroğlunun “Ultionis” filmində direktor obrazını yaratmışam, bu da çox maraqlı obrazdır, filmin özündən çox şey gözləyirəm və həmin filmdə gənc rejissorun istedadına bələd oldum.
- Serialların çəkilməsinə dövlət məvacibi ayrılıb, buna münasibətiniz necədir? 
- Çox istərdim ki, seriallar peşəkarlar tərəfindən çəkilsin, milli klassik, ədəbi əsərlər ekranlaşdırılsın belə seriallara peşəkar aktyorlar çəkilsin. Bu baxımdan türk seriallarına həsədlə baxıram.
-Müasir dövrdə kinoteatrlara gedənlər azalıb sizcə bu nə ilə əlaqədardır?
 - Tamaşaçıların kinoteatrlardan soyuması prosesi bir ilin yox beş, on ilin işi olub. Kinoteatrlara yenidən tamaşaçı cəlb etmək üçün çox böyük işlər görmək lazımdır. Ən vacib məsələlərdən biri də kinoprokatı məsələsini bərpa etmək lazımdır. 
- İlk dəfə filmə çəkildiyiniz vaxt nə hisslər keçirirdiniz?
 - İlk dəfə iki filmə çəkilmişəm, ”Anlamaq istəyirəm” və “Qızıl uçurum”, həm həyəcanlanmışam, həm də sevinmişəm, çünki Məmmədrza Şeyxzamanov, Hüseynağa Sadıqov, Hamlet Xanızadə, Əliabbas Qədirov, Həsən Məmmədov, Həsənağa Turabov, Leyla Bədirbəyli kimi peşəkar sənətkarlarla çalışırdım, bu cür sənətkarlarla çəkilmək məndən böyük məsuliyyət tələb edirdi, həm də onlarla bir filmə çəkildiyimə görə fəxr edib, sevinirdim.
- Müasir dövrdə çəkilən hansı seriallara baxırsız?
    “Yer,göy,aşk”, ”Öyle bir geçer zaman”, ”Möhtəşəm yüzyıl” və s. seriallara baxıram. Yüksək səviyyədə peşəkarlıqla çəkilən və gözəl rejissor quruluşu, maraqlı aktyor oyunu, güclü dramaturju materialı olan seriallardır. Hər serial bir bədii film kimi baxılır, yaxşı mənada türk kolleqalarıma həsəd aparıram.
- Gənc aktyorların səviyyəsindən razısınız?
 - Gənclər o vaxt yaxşı olar ki, istedadlı rejissorlar onları aça bilsin, onda da inanıram ki, kinomuz üçün yeni kadrlar yetişə bilər. Ümumiyyətlə bizim istedadlı gənclərimiz çoxdur, sadəcə onlara hər sahədə kömək etmək lazımdır.
-Serial ssenarisi yazmısınız. Bu haqda bir az danışardınız?
- Serial incəsənət qadınları haqqındadır. Muxtəlif səbəblərdən sənətdən uzaqlaşmış, amma bütün varlıqları ilə peşələrinə,  hətta yaşları 40-50-ni ötəndən sonra da öz sənətinə sadiq qalan qadınlar haqqındadır. Çox istərdim ki,  yaxın zamanlar da həmin ssenarini ekranlaşdıra bilim, çünki haqqında yazdığım aktrisalar özləri məni tələsdirirlər. İllər sürətlə keçir, 5 ildir ki, ssenari hazırdır, amma onu heç cürə həyata keçirə bilmirəm.
-Hər bir aktrisanın yaradıcılığında bir rol olur ki, onu məşhurlaşdırır, tanıdır fikirləşmədən deyə bilərsinizmi sizi hansı rol ilk dəfə tanıdıb?
- “Anlamaq istəyirəm”filmindəki Çinarə obrazı mənim ilk uğurlu rolum olub. Bu filmə görə 1986-cı ildə Lenin komsomolu mükafatı laureatı aldım və ondan sonra ardıcıl olaraq ildə 3-4 filmə dəvət olunmağa başladım.
- Həmidə xanım İrandakı festivala dəvət almağınız nə ilə əlaqədardır?
İranın Azərbaycandakı konsulu tərəfindən dəvət almışam, festivalın adı “Fəcr”-dir. Festival fevral ayında keçiriləcək. Festivala dəvət olunmağımın səbəbi “Hz.Yusif”serialındakı Züleyxa obrazının səsləndirilməsi olub.
- Maraqlıdır Həmidə xanım teatra tamaşaya baxmağa gedir və nə vaxtsa onu teatr aktrisası kimi görə bilərikmi?
- Bu mənim özüm üçün də çox maraqlıdır, amma bəzi teatr aktrisaları kənardan teatra aktrisanın dəvət olunmasına  çox qısqanclıqla yanaşırlar. Akademik Milli Dram Teatrında bir neçə dəfə baş rollara dəvət almışam. Hətta teatr direktorları dəvət etdikləri tamaşadakı baş rollar barədə mənimlə ətraflı danışıblar, razılığa gəlmişik.Amma bir müddətdən sonra rol bölgüsü siyahısında öz adımı görməyəndə bərk təəccüblənmişəm. Belə nəticə çıxarıram ki, bəzi aparıcı rollar aparan aktrisalar güclərinə arxayın deyillər, ona görə də dublyor  istəmirlər. Amma teatrın qanunu var, dublyor bütün rollarda olmalıdır. Axı aktyor xəstələnə bilər, o zaman onu əvəz edən mütləq başqa bir sənətkar olmalıdır. Mən belə düşünürəm ki, öz gücünə tam arxayın olan aktrisa teatrda özünə dublyor seçilməsindən qorxub çəkinməz. Məni baş rollara dəvət edib, sonra məlum səbəblərdən süni yolla roldan uzaqlaşdırılan tamaşalara maraq üçün gedib baxıram və hər dəfə də bu qənaətə gəlirəm ki, böyükdən tutmuş kiçiyə qədər bütün obrazların dublyoru  var.
-Deyə bilərsinizmi hansı baş rollara dəvət almısınız teatrda?
- Elə biri bu son vaxtlarda primyerası olan tamaşalardan biri. Ad çəkməyimin mənası yoxdur onsuz da bilən bilir.
-Hansı sualı istərdiniz verim sizə maraqlı və mənalı olsun?
- Düzü heç nə. Anam dünyasını dəyişəndən sonra çox şey mənim üçün mənasızlaşıb.Əli NOVRUZƏLİYEV
   
XƏBƏR LENTİ