20:23 Bazar Ertəsi, 20 May 2019
SİYASƏT

Azərbaycanlılar və çeçenlər arasındakı kriminal insidentin arxasında kimlər dayanır?

10:22, 17.02.20193877
Azərbaycanlılar və çeçenlər arasındakı kriminal insidentin arxasında kimlər dayanır?
Fevral ayının 14-da Rusiya Federasiyasının paytaxtı Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsində azərbaycanlılara məxsus "Neolit” kafesində gecə saat 23-00-da çeçenlərlə soydaşlarımız arasında baş verən münaqişədə orta hesabla 70-100 nəfər iştirak edib. Hadisə zamanı 10 nəfər yaralanıb. Ancaq, o da bəllidir ki, Rusiyanın bəzi  KİV-ləri bu insidenti "günün hadisəsi”nə çevirməyə çalışdılar. Sanki  hər şey qabaqcadan xüsusi şəkildə planlaşdırılmışdı. Bəs,  əslində Qafqazda strateji baxımdan olan bu iki xalqı bir-birinə qarşı münaqişəyə cəlb edən hadisənin arxasında kimlər dayanırdı? 
   

 

Türk-İslam Birliyinə qarşı ermənilərin məkrli addımları 

Kimsəyə sirr deyil ki, son illər   "Slavyan-Türk Dualizmi” konsepti yenidən ictimai fikirdə aparıcı mövzulardan birinə çevrilib. Bu yöndə müntəzəm elmi konfranslar və toplantılar keçirilir. Əvvəllər tatar, başqırd, çuvaş və digər xalqların nümayəndələri fəallıq göstərirdilərsə, indi qafqazəsilli azərbaycanlılar, qaraçaylılar, balkarlar, noqaylar və kumıklar ön sıraya çıxıblar.   Rusiya prezidenti yanında fəaliyyət göstərən "Millətlər Şurası”nda Çar Rusiyası zamanı olduğu kimi müsəlman xalqlarını birləşdirən nümayəndələrin sayı  üstünlük təşkil edir. Bu da öz növbəsində xalqlararası münasibətlərin inkişafında müsbət mənada çox böyük təsirə malik olan addımlardan biridir. Müsəlman xalqlarının ibadət və mərasimlərdə birgə iştirakı onları daha da yaxınlaşdırır. 1990-cı illərdə baş verən neqativ hallar demək olar ki, arxada qalıb.   Bütün bu uğurlara daim keçmişdə olduğu kimi "kölgə” salmaq istəyən qüvvələr də mövcuddur. Xüsusilə ermənilərin, bəzi sektaların bu yöndə neqativ fəaliyyəti süni   problemlərin əsas səbəblərindən biridir. "Rusiya Federal Ləzgi Milli- Mədəni Muxtariyyatı Mərkəzi” (sədri Akif Kərimov), "Talış Milli-Mədəni Muxtariyyatı Mərkəzi” (sədri İsmayıl Şabanov), "Moskva Osetin İctimai Mədəni Cəmiyyəti” (Valeri Kabolov), "Rusiya Erməniləri İttifaqı” (sədri Ara Abramyan) təşkilatları Moskvadakı azərbaycanlılara məxsus diaspor qurumlarına qarşı olduqlarını gizlətməyiblər.  

 

 

Uzun illər Rusiya Elmlər Akademiyası Etnoqrafiya İnstitutunda "Qafqaz şöbəsi”nə rəhbərlik etmiş Sergey Avanesovun rəhbərliyi altında yetişən kadrların Qafqaz xalqları arasında ədavət qızışdırılmasında müstəsna "xidmətləri” olubdur və elə bu gün də bir sıra neqativ hallara səbəbkarı kimi müəyyən addımlar atırlar. Azərbaycan qarşı tarixi saxtakarlıq edən alimlərdən Ələkbər Ələkbərov, Murtuzəli Hacıyev və digərlərini örnək göstərmək olar. "Qafqaz Albaniyası” tarixini bəhanə edərək erməni alimləri bəzi Qafqaz xalqlarını Azərbaycan Respublikasına və eləcə də azərbaycanlılara qarşı ədavət, kin və küdurət toxumlarını səpməyə çalşırlar. Bundan əlavə, stalinizmdən mirası qalmış "Hind-Avropa” nəzəriyyəsinə əsasında bəzi etnik azlıqların Rusiyada yaşayan nümayəndələrini həmin ssenaridə iştirak etməyə sövq edirlər. İndi nəinki Qafqazda, Rusiyada mövqeləri sarsılan ermənilər digər xalqları antiazərbaycan prosesinə cəlb etməyə çalışırlar. Onların məqsədi mobilliyi ilə seçilən çeçenləri öz niyyətlərinə uyğun bu "proyekt”ə cəlb təmin etməkdir. Ona görə də daim azərbaycanlılar və digər Qafqaz  xalqalrı, xüsusən də çeçenlər arasında konfliktlərin yaranmasına, bu iki qardaş xalqın arasında nifaq toxumu səpməyə çalışılır. 

Qroznıda antierməni baxışların səbəbləri

1944-cü ildə "ellər atası” İosif Stalinin qərarı ilə Çeçen-İnquş Respublikasından bu iki qardaş xalq elliklə Orta Asiya və Sibirə sürgün edildilər. Zorakılıqla baş verən sürgün zamanı imkanlı inquşlar və çeçenlər var-dövlətlərini əsasən öz erməni qonşularına əmanət olaraq qoyub getdilər. Həmin vaxt Qroznı və Qudermes kimi sənaye mərkəzlərində ermənilər və yəhudilər çoxluq təşkil edirdilər. 1957-ci ildə sürgün olunmuş xalqların öz tarixi vətənlərinə dönmək barəsində verilən məşhur qərardan sonra geri dönən çeçen və inquşlara yəhudilər dərhal onlara əmanət edilmiş ləl-cəvahirat, qızıl-zinət əşyalarını geri qaytardılar. Ermənilər "əmanətə xəyanət” edərək minbir bəhanələrlə əmanəti qaytarmaq istəmirdilər. SSRİ Baş Prokurorluğunun 1957-1965-ci illərdəki arxiv sənədləri də təsdiq edir ki, çeçenlərlə ermənilər arasında bu müddət çoxsaylı silahlı münaqişələr olubdur. 1991-ci ildə Sovetlər Birliyi dağılanda Qroznı, Qudermes, Şatoy, Maqas, Qarabulaq və Nadtereçnıy rayonlarında toplam 100 min erməni yaşayırdı. 
  
Çeçenistanın paytaxtı Qroznıda ermənilərin sayı 30 min nəfər idi. Çeçen xalqı onlara olan ədavəti də unutmuşdu. 1994-1996 və 1999-2001-ci illərdə yaşanılan rus-çeçen müharibələri ərəfəsində gözlənilmədən çeçenlərin ermənilərə nifrəti ruslara olan mənfi münasibətindən qat-qat üstün mövqelərə çıxdı. Bunun əsas səbəbi o idi ki, müharibə zamanı dağılan evlər, fabrik və zavodlar, avtomobillər, kənd təsərrüfatı texnikası, sıradan çıxmış ağır silahları "metallon” kimi Krasnodardakı erməni "işbazları” ələ keçirərək milyardlar qazanırdılar. Çeçenlər isə bir ağızdan: "Biz burada döyüşüb şəhid oluruq, evlərimiz dağılır, övladlarımızı itiririk, qaçqın-köçkün durumunda yaşayırıq, minlərlə əlilimiz var, ermənilər isə siçovul kimi qan üzərində milyardlar qazanırlar. Azərbaycan bizim qaçqınlarımıza qucaq açıb. Orada ailələrimiz əmin-amanlıq içində yaşayırlar” deyərək ermənillərə nifrət etməyə başladılar. Aradan 18 il keçməsinə baxmayaraq, indi Çeçenistanda bir nəfər də erməni yaşamır. Ona görə ki, qorxularından bu Qafqaz respublikasına yaxın dura bilmirlər. 

Qafqazda sabitlik doktrinası və Azərbaycanın rolu

Keçmiş Sovet İttifaqı dağılandan sonra, Gürcüstan və Azərbaycanda etnik müstəvidə baş verən bir sıra separatçı qüvvələr hərəkətə keçərək xalqlararası silahlı münaqişələr sayəsində özlərinə "dövlət statusu” əldə etməyə çalışdılar. Bu, bədnam Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiyadan ibarət idi. Bu qanlı müharibələri regional və beynəlxalq siyasi avantüristlər meydana gətirmişdi. 1993-cü ildən sonra, addım-addım Qafqazda etnik münaqişələrin qarşısının alınmasında sadəcə Rusiya Federasiyasının deyil, həm də Azərbaycanın iradəsi çox mühüm rol oynadı. Bu ənənə indi də davam etməkdədir. Şimali Qafqaz respublikalarının, Dağıstan, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiyanın rəsmilərinin, din xadimlərinin, elm-mədəniyyət xadimlərinin tez-tez Bakıda regional və beynəlxalq statuslu tədbirlərdəki iştirakı buna əyani sübutdur. Halbuki, 1991-ci ildən üzü buna yana Ermənistanda Qafqaz sabitlik və sülhün təmin edilməsi, xalqlararası münasibətlərin inkişafı adına bircə dəfə də olsun adi tədbir belə, keçirilməyib. Azərbaycanın atdığı addımların sayəsində Qafqazda regional və xalqlararası münasibətlərin yeni məzmunda inkişaf etdirilməsi sülhün bərqərar olmasında xüsusi önəm daşıyır. Təbii olaraq bu münasibətlər Rusiya Federasiyasında Qafqaz xalqları arasında münasibətlərə böyük təkan verir. Rusiyada olduğu kimi, Azərbaycanda da "etnik separatizmə”, "radikal dini baxışlara” və digər mənfi hallara qarşı barışmaz mövqe sərgilənir. Etnopsixoloji və milli genefonduna bağlı və "nihilizm xəstəliyi” taktikası ilə hərəkət edən bəzi qüvvələr istər Qafqazda, istərsə də Rusiyada xalqlararası münasibətlərə kölgə salmaq, baş verən hadisələri böhranlı həddə çatdırmaqla skandallara çevirməklə hədəflərinə nail olmağı düşünürlər. 14 fevral tarixində Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident də bu qəbildən idi. Bu dəfə dövlət rəsmiləri deyil, elə bu iki qardaş xalqın nümayəndələri KİV-lərdə və sosial şəbəkələrdə çıxış edərək baş verən hadisəni qınadılar. Həm də qeyd etdilər ki: "Bizlər qafqazlıyıq və müsəlman kimi heç bir zaman aramıza kimsə girə bilməz”. Beləliklə xalq diplomatiyasının sayəsində baş vermiş insidentin böyüməsinə, xalqlararası ədavətə anındaca son qoyuldu. 

Baş verən heç bir hadisə əslində təsadüfi olmur. Bəzən süni şəkildə səpilən ədavət, kin və qəzəbə səbəb olan amillər yığılır, sonra isə öz acı nəticələrini biruzə verir. Qafqaz xalqları arasında ədavətin baş verməsinə və bu neqativ halların dərinləşməsinə səbəb olan amillərdən biri də, son zamanlar Ermənistan tərəfindən əsasən Rusiyada "təriqət”, "məzhəb” və "xalqlararası münasibətlər”də ədavət toxumlarının səpilməsi sirr deyil.  Moskvada   yaradılmış "İran Mədəniyyət Mərkəzi”nin nəzdindəki "Moskva İslam Mərkəzi” və onun rəhbəri höccətülislam İbadulla Ocaqnəjad uzun müddət Azərbaycanda göstərdiyi fəaliyyətləri indi də Rusiyada həyata keçirir. Bu,  şiə və sünni icmaları arasında  münasibətləri ədavətə çevrilməsindən ibarətdir. Bu adamlar "məzhəblərarası”, Ermənistan isə, "xalqlararası ədavət” strategiyası ilə birlikdə hərəkət edirlər. Məqsəd İran və Ermənistanın Qafqazda tədricən itirilən mövqelərinin tamamilə sarsılmasının qarşısını almaqdır. Fərqli bölgədə belə bir insidenti yaratmaqla və bunun ardınca baş verənləri şişirtməklə sabitliyin pozulmasını sərgiləmək bu iki dövlətin nə qədər məkrli siyasət yürütdüklərini isbat edir. Rusiyada bu iki dövlətin xüsusi xidmət orqanlarının alovlandırmaq istədikləri "ləzgi-azərbaycanlı”, "talış-azərbaycanlı”, "sünni-şiə” və digər süni gərginlik ocaqlarına, bu dəfə isə "çeçen-azərbaycanlı” ədavətin əlavə edilməsinə də çalışıldı. KİV-lərdə mümkün qədər bu insidenti ictimailəşdirmək üçün dərin çaba göstərdilər. O da bəllidir ki, bu oyunlara azərbaycanlılar, nə də çeçenlər getmədilər. 
 
Ə. Yusifoğlu


XƏBƏR LENTİ