12:33 çərşənbə, 25 Aprel 2018
SOSİAL

Azərbaycanlını silahla hədələyib 27 min dollarlıq saatını aldılar - FOTOLAR

11:29, 03.01.20182854
Azərbaycanlını silahla hədələyib 27 min dollarlıq saatını aldılar - FOTOLAR

İstanbulda azərbaycanlılar arasında daha bir mafiya hesablaşması baş verib.

Azərbaycandan olan iş adamı, podratçı şirkətin sahibi İ.G. polisə müraciət edərək 2 Azərbaycan vətəndaşının onu "Glock” markalı tapança ilə təhdid edərək "Mercedes” markalı avtomobilini və 27 min dollar dəyərində olan iki qol saatını qəsb etdiklərini bildirib.

İş adamı şikayətində göstərib ki, soyğunçular avtomobili və saatları geri qaytarmaq üçün ondan 40 min dollar tələb edirlər. Habelə iş adamı soyğunçuların onu ailəsiylə də təhdid etdiyini göstərib.

İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsində biznesmenə bildiriblər ki, soyğunçularla əlaqə yaradıb onların şərtini qəbul etdiyini, pulu verəcəyini bildirsin. Azərbaycanlı iş adamı belə də edib və İstanbul Fatihdəki ticarət mərkəzlərindən birinin kafesində soyğunçularla görüş təyin edib.

İ.G. hadisədən bir gün sonra axşam saatlarında kafedə soyğunçularla görüşüb. Bu vaxt əməliyyatçılar da mülki geyimdə yan masada oturmuşdular və cinayətkarları gözləyirdilər. Görüş başlayanda polis hərəkətə keçib və 4 nəfər soyğunçunu yaxalayıb. Onlar Azərbaycan vətəndaşları R.H. və S.A., habelə Türkiyə vətəndaşları Ş.S. və İ.G.-dir. Polis saxlananların üzərində axtarış aparıb və iş adamının avtomobilinin açarını, sənədini, qol saatlarını və "Glock” markalı tapança aşkar edib. Qəsb olunan avtomobil ticarət mərkəzinin avtoparkında tapılıb.

Saxlanılan soyğunçular məhkəməyə çıxarılıb, onlardan ikisi - Azərbaycan vətəndaşları barədə həbs qətimkan tədbiri seçilib. Qalan ikisi isə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.



0
XƏBƏR LENTİ