10:45 Bazar Günü, 18 Avqust 2019
KÖŞƏ

Bakı Avropada “qaz savaşı”nı udur

17:34, 23.03.201914343
Bakı Avropada “qaz savaşı”nı udur
Elçin Alıoğlu
 
Yeddi ölkənin və onlarla şhirkətin birlikdə reallaşdırdıqları Cənub Qaz Dəhlizi (CQD) layihəsi başa çatmaq üzrədir. İşlər artıq son mərhələlədir.

Layihənin inşa və tikinti işləri ilə bağlı sonuclanma dönəminə qalmış vaxt azaldıqca, müzakirələr, iddialar, mənasız açıqlamalar və ittihamlar da artır.

Hədələr və vaysınmalar da öz yerində.

Əslində, başqa cür ola da bilməzdi.

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi "Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.

Cənub Qaz Dəhlizi eyni zamanda cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
 

İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Bütün bunlar ötə məqam da var. O, Cənub Qaz Dəhlizinin çox yaxın zamanlarda Avropa ilə yanaşı, bütün dünyanın enerji xəritəsini dəyişəcək amilə çevrilməsidir. Bakıdan, "Şahdəniz” yatağından başlayacaq boru kəməri təxminən bir il sonra Azərbaycanın təbii qazını Cənub-Şərqi Avropa ölkələrinə çatdıracaq. Bununla da bölgənin və dünyanın böyük dövlətlərinin geosiyasi oyunları nəticəsində həmin regionda yaranmış təbii qaz təminatı problemi həll olunacaq.

Əvvəlcə daha bir fakt.

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün mühəndis-sahibkar seçilib.

ICGB layihə şirkəti IGB üçün mühəndis-sahibkarın seçilməsi üzrə dövlət satınalmaları prosedurunu uğurla yekunlaşdırıb. ICGB tərəfindən təyin olunan komissiya TIBEI konsorsiumunu podratçı qismində seçib. Konsorsium əsas xidmətlər paketinə daha qənaətcil qiymət təklif edib – 5,67 milyon avro.

TIBEI – "Tractebel Engineering SA” (Belçika), "Tractebel Engineering SRL” (İtaliya), "INTBER GMBH” (Avstriya), "psilon Consult OOD” (Bolqarıstan) və "Engineering EAD” (Bolqarıstan) şirkətlərini özündə birləşdirən konsorsiumdur.

Mühəndis-sahibkarın seçilməsi layihənin yekunlaşdırılması üçün 3 əsas tenderdən biridir. Mühəndis-sahibkar hazırlıq mərhələsi və tikinti prosesi zamanı IGB layihəsinin reallaşdırılmasına nəzarət edən əsas müqaviləçidir.
 


Mühəndis-sahibkarın vəzifələrinə sifarişçiyə tikinti mərhələsində boru kəməri istifadəyə verilənə qədər layihənin reallaşdırımasında kömək göstərilməsi, həmçinin layihə ilə bağlı bütün əsas müqavilələrin, o cümlədən boru kəmərlərinin tədarükü, layihələndirmə və tikinti üzrə müqavilələr də daxil olmaqla idarə edilməsi daxildir.

Faktın açması isə budur ki, Rusiya yaxın dövrdə Ukrayna ərazisindən Avropaya təbii qaz tranzitinei tamamilə dayandırmaq və bu minvalla Cənub-Şərqi Avropada "mavi qaz” təminatı ilə bağlı prolblemin yaranmasına təkan vermək niyyətindədir.

Türkiyə prosesləri əvvəlcədən təxminlədiyindən Qara dənizin təki ilə Rusiyadan "Türk axını” adlı yeni qaz boru kəməri çəkilməsinə nail olub.

Rusiyanın "Qazprom” şirkəti isə artıq fəal işə başlayıb. Şirkət Bolqarıstana xəbərdarlıq yollayaraq gələn ilin əvvəlindən etibarən Transbalkan boru kəməri ilə qaz tranzitinin dayandırılacağını bəyan edib. "Türk axını” kəmərinin ikinci marşrutunun Avropaya çəkilməsi ilə bağlı ehtimallar da səbatlı deyil. Rusiyanın təbii qazını Avropa bazarına çıxarmağı nəzərdə tutan "Şimal axını-2” layihəsi təki, "Türk axını” da ABŞ-ın maneələr yaratmağa, başa çatmasına imkan verməməyə çalışdığı marşrutdur.

Bu arada Avropa Birliyinin Daimi Nümayəndələr Komitəsi AB ilə Avropa Parlamenti arasında qaz anlaşmasını təsdiqləyib. Anlaşmaya görə, Avropa Birliyinin energetika sahəsindəki normativləri üçüncü ölkələrdən AB dövlətlərinə çəkilən bütün qaz boru kəmərlərinə şamil olunur. Tələbə dəniz təki ilə çəkilən boru kəmərləri də daxildir.

Anlaşma faktiki olaraq "Şimal axını-2” layihəsinə qarşı yönəlsə də, "Türk axını” marşrutu ilə bağlı işlərin də səngidiləcəyi əsla şübhə doğurmur.

ABŞ da Avropa Birliyinə təzyiq edərək "qoca qitəyə” daha çox təbii qaz satmağa çalışır. ABŞ-ın energetika naziri Rik Perri CERAWeek energetika konfransında açıq deyib: "Demək istədiyim əsas məsələ budur – paylaşmağa hazır olduğumuz böyük ehtiyatlarımız var. Amerika energetikasının yeni erası başlanır”.

Onun sözlərinə görə, 2025-ci ildə dünyada təbii qaz və neft hasilatı artımının tam yarısı ABŞ-ın payına düşəcək. ABŞ artıq 5 qitədə 34 ölkəyə maye qaz satır. Amerikalılar Avropaya qaz satışını elə bu il artırmaq istəyir və bununla "transatlantik enerji təhlükəsizliyini möhkəmlədəcəyini” deyirlər.

Vaşinqton onu da vurğulayır ki, Avropa Birliyi ölkələrinin Rusiyadan təbii qaz satın almaları Moskvaya "Avropanın bir sıra ölkələrinə təzyiqlər göstərməyə imkan verir”.

ABŞ ilə Rusiya Avropa bazarları uğrunda mübarizə apararaq əsl energetika savaşına başladıqları bir zamanda Azərbaycan emosional bəyanatlar səsləndirmədən, əsəbləri tarıma çəkəcək açıqlamalar vermədən "Şahdəniz” yatağında hasil ediləcək qazı "qoca qitə”yə aparacaq boru kəmərini Avropanın mərkəzinədək uzatmaqba davam edir.

Layihələrini reallaşdırmağa çalışan Rusiyadan və Avropaya maye qazı yenicə satmağa başlayan ABŞ-dan fərqli olaraq Azərbaycanın geosiyasi baxımdan fenomen təsiri bağışlayan Cənub Qaz Dəhlizi Avropada heç bir maneələr görmədən, Qərbin müqaviməti ilə rastlaşmadan irəliləyir.

Cənub Qaz Dəzlinin son mərhələsi olan 4,5 milyard dollarlıq Transadriatik boru kəmərinin (TAP) inşası ilə bağlı işlərin artıq 90 faizi tam başa çatıb.

"Fitch Ratings” beynəlxalq reytinq agentliyi də bu günlərdə "Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli reytinqini "BB+” səviyyəsində təsdiqləyib və "stabil” adlandırıb. Həmin avrobondlar da hər biri 1 milyard dollarlıq iki emissiyadan sonra məhz belə reytinqin sayəsində sürətlə satılaraq böyük gəlir gətiriblər.

9,6 milyard dollarlıq investisiya yatırılmış Cənub Qaz Dəhlizinə bu ilin sonunadək daha 900 milyon dollar sərmayə qoyulacaq.

Bu isə Rusiya və ABŞ-ın reallaşdırmaq istədikləri layihələrdən fərqli olaraq Cənub Qaz Dəhlizinin sərmayə və sərmayədar axtarışı problemi ilə üzləşmədiyini, layihənin çox böyük effektivlik səviyyəsinə malik olduğunu göstərir.

Beləlikdə, layihə mürəkkəb siyasi problem müstəvisini tərk edərək sırf texniki məsələyə dönüb.

Azərbaycan daha bir möhtəşəm layihəni başa çatdırmaq üzrədir.

Və onu da unutmayaq ki, Avropa Birliyinin Rusiya qazından asılılığını azaldacaq layihənin böyük perspektivləri var. Türkmənistan, İraq, İsrail və sanksiyalarla bağlı məsələlər həll olunarsa İran da Cənub Qaz Dəhlizinə qatıla bilərlər.

Gələcəkdə layihə ilə ildə 32 milyard kubmetr təbii qaz nəql oluna bilər.

Avpopa Birliyi ölkələri də məhz bu səbəbdən Azərbaycanla tərəfdaşlığı və əməkdaşlığı daha da gücləndirməyə çalışırlar.
XƏBƏR LENTİ