17:35 Bazar Ertəsi, 18 Noyabr 2019
SAĞLAMLIQ

Bakıda "Diabetik Pəncə Günü" adlı elmi-praktiki konfrans keçirildi - FOTO - VİDEO

14:08, 15.10.20194678
Bakıda
12 Oktyabr tarixində Modern Hospitalın dəstəyi ilə ölkəmizdə artıq III dəfə təşkil olunan Diabetik Pəncə Günü elmi-praktiki konfransı keçirildi.

AZXEBER.COM xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd dünya və özəlliklə tibb sahəsində öz sözünü demiş qardaş və qonşu ölkə Türkiyədə bu istiqamətdə mövcud 50 ilə yaxın olan təcrübənin Azərbaycandaki həkim və tibb işçiləri ilə bölüşülməsi və bu təcrübədən yararlanılması olub. Konfransda 400-ə yaxın bu sahə ilə maraqlı tibbi əməkdaşlar iştirak etmişdirlər. Bu isə sevindirici haldır ki, spesifik sahə olmasına rəğmən bu sahə ilə bağlı məlumat almaq, təcrübələrdən faydalanaraq əhalimiz arasında bu xəstəlikdən əziyyət çəkənlərə daha yüksək keyfiyyətli xidmət göstərrmək istiqamətində konfransımıza həddindən çox maraq var. Qeyd edək ki, statistika əsasən hazırda diabetik ayaq xəstəliyi ölkəmizdə də geniş yayılmışdır. Bu səbəbdən də Azərbaycan təbabətində gündəmdə olan əsas məsələlərdən biridir. 

Bu ilki tədbirdə öncəki illərdən fərqli olaraq yalnız həkimlər deyil, eyni zamanda bu sahə ilə əlaqəli olan tibb işçilərinin maarifləndirilməsi istiqamətində də elmi praktiki kurs keçirilmişdir. Tibb işçilərinə diabetik ayağa qulluq istiqamətində gərəkli əsas məlumatlar verilmiş və bu istiqamətdə maraqlananların bütün sualları Türkiyədən təşrif buyuran mütəxəssislər tərəfindən cavablandırılmışdır.

Bu barədə "Modern Hospital"ın baş həkimi Taryel Ömərov bildirib ki, "Tədbirin əsas məqsədlərindən biri dinləyicilərimizə əsrin bəlası olan şəkərli diabet və bu xəstəliyin ən böyük ağırlaşmalarından olan diabetik ayaq probleminə multidisiplinar yanaşmanın mütləqliyini aşılamaqdır. Çünki diabetik ayaq xəstəliyinə məruz qalan pasiyentlərdə həyat keyfiyyətinin aşağı düşməsi halları, eləcə də, ölüm faizi yüksəkdir. Belə ki, bu cür xəstələrin üçündən birində şəxs periferik orqanlarından hər hansı birini və ya hər ikisini, yaxud pəncəsini itirmiş olur, digər üç xəstədən birində isə letal son olur. Ona görə də bu cür nəticələrin qarşısını almaq üçün şəkərli diabet və diabetik ayaq xəstəliyinə multidisiplinar yanaşma lazımdır.

Bu məqsədlə də "Modern Hospital"da "Diabetik Ayaq Mərkəzi” fəaliyyət göstərir. Bunların sayəsində pasiyentlərdə dərinləşmiş yaraların sağalmasında, onların həyat keyfiyyətinin artmasında  müsbət nəticələr müşahidə olunur”, – deyə T.Ömərov bildirib.

 "Niyə diabetik ayaq və şəkərli diabet xəstəliyi hər zaman aktual olaraq qalmaqdadır?” sualına cavab olaraq "Modern Hospital"ın "Diabetik Pəncə Mərkəzi"nin rəhbəri və həkim endokrinoloqu Gülay Həsənqızı bildirib ki, bu xəstəlik "əsrin epidemiyası" adını alıb. Hazırda dünyada 400 milyona yaxın insan bu xəstəliklərdən əziyyət çəkir və 2040-cı ildə bu göstəricinin 600 milyondan çox olacağı qeyd olunur.

Şəkərli diabet xəstələrində ölüm səbəbi daha çox diabetik ayaqlarla bağlıdır. Dünyada hər 6 saniyədən bir bu bəlaya düçar olan insan dünyasını dəyişir və hər 30 saniyədən bir şəkərli diabetik xəstəsinin ayağının böyük major amputasiyası olunur. Bu qorxunc rəqəmlər dünya statistikasıdır”, - deyə endokrinoloq bildirib.

G.Həsənqızı bunu da qeyd edib ki, şəkərli diabet xəstələrinin başlıca problemi yoluxduqları xəstəlik barədə kifayət qədər məlumata malik olmamalıdır. Onun sözlərinə əsasən, yalnız xəstə təlimli olmaqla amputasiyaların qarşısı 75%-ə qədər alına bilər. Yəni ayağa düzgün qulluq olduqda, şəkəri düzgün kontrol etdikdə amputasiyadan yayınmaq olar.

"Şəkərli diabet xəstələrində aşağı ətrafların amputasiyanın qarşısını almaq məqsədilə 2014-cü ildə "Modern Hospital"da "Diabetik Ayaq Mərkəzi”ni açdıq. Mərkəzi açdığımız gündən bu günə kimi mərkəzimizdə minlərlə pasiyent müalicə olunaraq normal həyat tərzlərinə geri qayıtmışlar.

Diabetik ayaq xəstəsinin müalicəsi yalnız tək bir həkimin görə biləcəyi iş deyil. Müalicə mütləq komanda şəklində aparılmaldır. Yalnız bu halda uğurlu nəticələr almaq və amputasiyaların sayını azaltmaq olar. Bizim mərkəzdə də endokrinoloq, ümumi cərrah, travmatoloq, ortoped,  infeksionist, plastik cərrah, dermotoloq kimi həkim qrupu komanda şəklində bir yerdə fəaliyyət göstərir.

Əslində, mərkəzimizin daha önəmli məqsədlərindən biri də əhali, xəstələr arasında çox böyük maarifləndirmə işlərinin aparılmasıdır. Təəssüf ki, xəstələr  bəzən çox gecikmiş mərhələlərdə müraciət edirlər. Buna görə əhali arasında maarifləndirmə işinin aparılması bizim üçün çox önəmlidir. Xəstələr bir neçə mm-lik yaradan böyük problemlərin yarana biləcəyini və bunun aşağı ətrafların itirilməsinə gətirib çıxaracağını bilsələr, bu məsələyə daha ciddi yanaşarlar”, - deyə G.Həsənqızı bildirib. 

Endokrinoloq "Diabetik Ayaq Mərkəzi”ndə xəstələrə komanda şəklində psixoloji dəstəyin də göstərildiyini vurğulayıb. 

"Bu mərkəzin funksiyası xəstənin ayağını amputasiya etmək deyil, biz çalışırıq ki, bu prosesin mümkün qədər qarşısını alaq. Lakin bəzən amputasiya qaçılmazdır.  Bununla üzləşən xəstələrə və onların yaxınlarına mütləq psixoloji dəstək lazımdır. İnsana bir orqanını, xüsusən də gözlə görünən bir orqanını itirmək psixoloji təsir edir.  Belə vəziyyətdə mərkəzimizdə çalışan psixoloq və psixiatrların  yardımına müraciət olunur. Onların məqsədi xəstələri motivasiya etməkdir.  

Bu cür psixoloji konsultasiyanın digər məqsədi şəkərli diabet olan insanlar arasında maarifləndirmə işinin aparılmasıdır. Belə problemlərlə üzləşmiş insanlara izah olunur ki,  bu xəstəliyi kontrolda saxlamaq mümkündür. Sadəcə nəzarət mexanizmlərinə düzgün əməl etmək lazımdır”, - deyə G.Həsənqızı vurğulayıb.

Yalnız Türkiyədə deyil, bütün dünyada tanınan prof.dr. Tamer Tetiker qeyd edib ki Şəkərli diabet və onun fəsadlarına diqqəti cəlb etmək üçün, belə bir qlobal xəstəliklə mübarizə aparmaq üçün media, həkimlər, səhiyyə sistemi birgə fəaliyyət göstərməlidir.  

"Dünyada milyonlarla insanda bu xəstəlik əziyyət çəkir. Özlərinin qeydlərinə qalmayan pasiyentlərdə, pəhriz saxlamayanlarda, dərmanlarını vaxtında qəbul etməyənlərdə, həkimlə konsultasiya keçməyənlərdə çox zaman ciddi problemlər yaranır. Şəkər ilk növbədə ayaqlara vurur. Bu isə ayağın hissiyyatının itirilməsinə gətirib-çıxarır. Bu cür ayaqlar bir yerə dəydikdə, nəsə batdıqda insanın xəbəri olmur. Beləliklə, infeksiya düşdükdə, xəstənin özü də xəbərsiz olur. Nəticə isə xoşagəlməz olur.”

Bundan əlavə Türkiyədən çıxışçı qismində konfransa dəvət olunan Adana Çukurova Universiteti tibb fakultəsi professorları – prof.dr.Behice Kurtaran, prof.dr. Erol Kesiktaş da bildiriblər ki, "Modern Hospital" Azərbaycanda ilk dəfə olaraq diabetik ayaq probleminə diqqət çəkərək, bu konfransın III dəfə keçirərək bizə öz təcrübələrimizi paylaşmamız üçün müraciət edib. Müraciətin nəticəsi olaraq məmnuniyyətlə belə dəyərli və faydalı konfransda iştirak etmək istədiyimizi bildirdik. Qeyd edə bilərik ki tədbir çox yüksək səviyyədə təşkil olunub və əminik faydalı olması baxımından heç də beynəlxalq konfranslarından geri qalmadı.

Modern Hospital İctimai əlaqələr şöbəsinin rəhbəri Azər Rzayev bildirib ki, "Dünya diabetik ayaq cəmiyyəti diabetik ayaq xəstəliyinə diqqəti cəlb etmək üçün hər dörd ildən bir konfrans keçirir. Ölkəmizdə isə bu silsilə şəklində artıq 3cü il ard-arda təşkil olunaraq təqdirəlayiq işlər görülmüşdür. Hər il keçirilən konfransdan iştirak edən həkimlərin çox razı olması və qarşılığında aldığımız xeyli təşəkkürlər seçdiyimiz istiqamətin düz olmasının bir göstəricisidir. Maarifləndirmə istiqamətində görəcəyimiz işlərin davamlı olacağını isə indidən deyə bilərik. Klinika olaraq hər zaman əsas məqsədimiz "öncə insan sağlamlığı” prinsipi olub. Bu prinsipi özümüzə əsas seçməyə davam edərək pasiyent məmnuniyyətini də hər zaman ən üst səviyyədə saxlamağa çalışacağıq.

Ən sonda diabetik ayaq yaralarından əziyyət çəkən pasiyentlərə bir müjdə də verə bilərəm ki, yaxın gələcəkdə müalicənin optimallaşdırılması istiqamətində hər zaman yenilikləri təqib edən klinikamız Diabetik Pəncə Mərkəzimizi yeni avadanlıqlarla- müalicə üsulları ilə təchiz edərək pasiyentlərimizə daha keyfiyyətli daha müasir xidmət verəcəyik. Bizi təqibdə saxlasınlar və hər zaman sağlamlıqlarına diqqət etsinlər!”


 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ