16:29 Cümə Axşamı, 21 Fevral 2019
SOSİAL

Bakıda sosial mənzillər bu ərazidə tikiləcək

15:18, 01.08.20161498
Bakıda sosial mənzillər bu ərazidə tikiləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə ilk layihəsinin icrasına başlayır.
Agentlikdən Trend-ə verilən məlumata görə, artıq ilk şəhərciyin salınacağı ərazi müəyyən edilib. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunacaq ilk mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə tikiləcək.
Nazirlər Kabinetinin qərarı ilə sözügedən ərazi Agentliyin tabeliyində olan və çoxmənzilli binaların tikintisininin sifarişçisi qismində çıxış edən "MİDA" MMC-nin sərəncamına verilib.
Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin tikilməsi planlaşdrılan ərazinin seçilməsi zamanı insanların rahat yaşayışı üçün zəruri olan bütün amillər nəzərə alınıb. İlk güzəştli mənzillərin inşa olunacağı ərazi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir. Bu əraziyə bitişik şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonası mövcuddur.
Eyni zamanda, seçilmiş ərazinin paytaxtın əsas iş yeri mərkəzlərinə yaxınlığı insanların çox vaxt itirmədən öz iş yerlərinə çatmasına imkan verəcək. Bu məqsədlə şəhərciyin salınacağı ərazidə yeni təşkil ediləcək nəqliyyat sisteminin Bakı şəhərinin mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiyası da layihə çərçivəsində nəzərə alınacaq.
Şəhərcikdə çoxmənzilli binalarla yanaşı, vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə müvafiq sosial infrastrukturun (məktəb, uşaq bağçası və s.) yaradılması, habelə məişət və xidmət obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur.
Seçilmiş ərazidə çoxmənzilli binaların tikintisinə başlanılması üçün artıq şəhərsalma əsaslandırılmasının hazırlanması başa çatmaq üzrədir. Tezliklə tikintinin işçi layihəsinin hazırlanmasına başlanılacaq və layihələndirmə işləri bitdikdən sonra dərhal inşaata start veriləcək. Artıq mühəndis-kommunikasiya sistemlərinin çəkilməsi ilə bağlı müvafiq dövlət qurumları ilə texniki şərtlərin alınması işlərinə başlanılıb. İnşa olunacaq binalar yaşayış üçün zəruri olan rabitə və kommunal xidmətləri ilə tam təmin olunacaq.
İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.
Agentlik vətəndaşların güzəştli şərtlərlə mənzil ilə təmin edilməsini nəzərdə tutan vəzifələrin layiqincə yerinə yetirilməsini və bu layihənin uğurla reallaşdırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.
XƏBƏR LENTİ