21:30 Cümə Axşamı, 05 Dekabr 2019
SOSİAL

Bakıdan Sabirabada dərsə gedən müəllim: "Seçimimi evdəkilərdən xəbərsiz etdim, sonra razı saldım"

14:51, 15.02.20192926
Bakıdan Sabirabada dərsə gedən müəllim:
Düşündüm ki, Bakı, yoxsa digər region nə fərqi var, Azərbaycanın hər bir guşəsi mənim üçün gözəldir. 

Şagirdləri hər gün ondan qəzəl söyləməsini istəyirlər. Deyir ki, müəllimin şagirdlərinə fənni sevdirə bilməsi üçün ilk olaraq müəllim peşəsini sevməlidir.

AZXEBER.COM  "Kaspi" qəzetinə istinadla Sabirabadda yerləşən Cəbrayıl rayon 11 saylı tam orta məktəbin müəlliməsi Leyla Rəsulzadə ilə müsahibəni təqdim edir:

Leyla Rəsulzadə 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olur və 2015-ci ildə təhsili başa vurduqdan sonra məktəblərin birində müəllim kimi işləmək üçün imtahan verir. Lakin ilk cəhdində alınmasa da vaz keçmir:

"Bakı məktəblərini seçdiyim üçün daxil ola bilmədim. Əslində, mənə fərqi yox idi, harada olsa fəaliyyət göstərmək, təcrübə qazanmaq və biliklərimi gələcək şagirdlərimlə bölüşmək istəyirdim. Lakin valideynlərim rayon məktəblərinə təyinat almağımı istəmirdilər. Yalnız Bakıda işləməyimə icazə verirdilər. Ona görə də bir müddət işsiz qaldım və növbəti imtahan günlərini gözləmək məcburiyyətində oldum. Sonra Təhsil Nazirliyindən mənə topladığım bala görə Kürdəxanı məktəbində işləmək üçün iş təklifi gəldi və mən də qəbul etdim. 3 ay müqavilə ilə analıq məzuniyyətində olan bir müəllimənin yerinə Kürdəxanıdakı məktəbdə Azərbaycan dili və ədəbiyyatdan dərs deməyə başladım. Müqavilə müddətim bitdi, lakin üzülmədim çünki artıq 3 aylıq təcrübə dövrünü bitirdim və bu qısa müddətdə çox biliklər, təcrübələr əldə etdim. Bu, mənim peşəmə olan sevgimin daha da artmasına səbəb oldu. Və qərara aldım ki, evdəkilərin xəbəri olmadan rayon məktəblərindən birini seçim. Düşündüm ki, Bakı yoxsa digər region nə fərqi var. Azərbaycanın hər bir guşəsi mənim üçün gözəldir. Və mən həqiqi hünəri, cəsurluğu yaşadığı yerdən kənarda ucqar yerlərdə dərs deyən müəllimələrdə görürdüm. Uzun sözün qısası evdəkilərdən xəbərsiz seçimimi etdim. Sabirabad rayonunu birinci seçdim, çünki Bakıya yaxın idi. Düşündüm ki, valideynlərimi az da olsa, razı sala biləcəyəm. Və Sabirabad rayonunda yerləşən Cəbrayıl rayon 11 saylı tam orta məktəbini seçməyim isə mənim üçün xüsusilə önəmli idi. Öz doğma torpaqlarından məcburən köçkün vəziyyətinə düşmüş həmvətənlərimə dərs deməyim qürurvericidir. Hazırda bu məktəbdə işləyirəm və artıq bu tədris ocağındakı fəaliyyətimin 3 ili tamam olur. 

- Uşaqlıqdan müəllimə olmaq istəyibsiniz, ya qəbul olduqdan sonra bu peşəni sevməyə başlayıbsınız? 

- Əslində, uşaqlıqda tamamilə qeyri-adi peşəni arzulamışam. Amma yaşım artdıqca fikirləşdim ki, nəyi bacarıramsa o ixtisası, peşəni seçməliyəm. Ali məktəbə hazırlaşanda isə xüsusi bir peşənin sahibi olmaq kimi məqsədim yox idi. Həmin dövrdə əsasən universitetə qəbul olmağa çalışırdım. Topladığım bala əsasən, Pedaqoji Universitetin Filologiya fakültəsinə daxil oldum. Məndən çox valideynlərim sevindilər (gülür). Amma mən peşəmi işlədikdən sonra sevməyə başladım və zamanla bu sənətin mənə uyğun olduğunun fərqinə vardım. 

- Peşənizi sonradan sevdiyinizi deyirsiniz. Maraqlıdır, sizin üçün "müəllim" nə deməkdir?

- Hz. Ali demişdir ki, "mənə bir hərf öyrədənin köləsi olaram". Bu ifadə müəllimliyin necə müqəddəs bir peşə olmasının göstəricisidir. Müəllimlik, ideal, şərəfli peşədir. Hətta deyərdim ki, müəllim bir bələdçidir. İşini və yolunu bilən bələdçi ilə edilən səyahət xoşbəxt sonluqla bitər. Müəllimlər əsl ayna rolunu oynamalıdır. Ayna qırıq olarsa, ona baxanlar baxdıqları üçün peşman olarlar. İnsan kimlərisə öyrədəndə zövq alır. Ona görə də müəllim ədalətli, düzgün olmalıdır, öyrəndiklərini paylaşmalıdır. Müəllimlik tarixin ölümsüz, əbədiyaşar bir peşəsidir. Məsuliyyəti ağır olsa da bənzərsiz bir qürur mənbəyidir. 

- Uşaqlarının dərsi yaxşı oxuması üçün həmin fənni sevmələri vacibdir. Siz fənninizi uşaqlara necə sevdirirsiniz? 

- "Azərbaycan dili" fənni Ana dilimizdir, dövlətimizin dilidir. Bu, hər kəsin dərindən bilməyə borclu olduğu bir fəndir. Azərbaycan vətəndaşlarının hər biri bu fənni sevməli və öyrənməlidir. Eləcə də bunu ədəbiyyata da aid etməliyik.  Ona görə ki, hər bir azərbaycanlı tarixinin şəxsiyyətlərini, ədəbi nümunələrini bilməli və sevməlidir. Ədəbiyyat zövqverici və tərbiyəedici fəndir. Tərbiyə millətin inkişafında əsas amildir. Ona görə də ədəbiyyat fənnini bütün şagirdlər sevməli və öyrənməlidir. Mən də əlimdən gələni edirəm ki, bu fənləri uşaqlara sevdirə bilim. Və düşünürəm ki, buna nail olmuşam. Çünki elə bir şagirdim yoxdur ki, hansısa bir əsəri sevməmiş olsun. Hər dəfə qəzəl deyəndə uşaqlar elə maraqla qulaq asırlar ki, hər gün "müəllimə yenə qəzəl deyin də" deyə müraciət edirlər. Çalışıram ki, dərsdən kənar da maraqlı əsərləri, romanları, hekayələri şagirdlərimlə bölüşüm. 

- Görünən odur ki, müəllim kimi şagirdlərinizin qəlbinə yol tapa bilibsiniz. Ümumiyyətlə, bir müəllim özünü şagirdlərə necə sevdirməlidir?

- Müəllim qiymətləndirmə edərkən ədalətli olmalıdır, hər zaman şagirdlərində oxumağa motivasiya hissi oyatmalıdır. Ən, əsası isə müəllimin öz fənnini sevdirə bilməsi üçün özü peşəsini çox sevməli, aid olduğu sahəni dərindən bilməli, söz sahibi olmalıdır. Sinif daxilindəki vəziyyəti düzgün qiymətləndirməyi bacarmalı, çalışmalıdır ki, tədris prosesində bütün şagirdlər bərabər formada iştirak etsinlər. Bundan əlavə, müəllim mövzuları şagirdlərin bacarıq, səviyyə və anlama qabiliyyətlərinə uyğun şəkildə izah etməli və uşaqlara maraq göstərməlidir. Əks halda, şagirdlər həm müəllimə, həm də sinfə etinasız olacaq.  

- Bəzən uşaqlar öz düşüncələrində, müəllimləri iki yerə ayırır. Onlar üçün kimisi yaxşı, kimi pis müəllim olur. Sizcə, müəllimin yaxşısı pisi olurmu? Şagirdlər hansı xüsusiyyətlərinə görə müəllimləri pis və ya yaxşı adlandırır? 

- Ümumiyyətlə, insanları, eləcə də müəllimləri tanımaq uzunmüddətli və çətin prosesdir. Şagirdlərin müəllimlərini tanıması, eyni zamanda müəllimlərin də şagirdləri tanıması üçün vaxt lazımdır. Şagirdlərin hərəsi bir ailədən gəlir və hamının ailəsi eyni deyil. Evdə baş verən proseslər uşaqlara təsir edir. Düşünürəm ki, nə pis müəllim, nə də pis şagird var. Məncə, müəllim şagirdlərinin səhv hərəkətlərinə görə onları cəzalandırmamalı və yoldaşlarının yanında tənqid etməməlidir. Şagirdi yanına çağırıb səhvini ona başa salmalı, düzgün olanı göstərməlidir. Laqeydlik müəllimə yaraşmaz. Biz çalışmalıyıq ki, şagirdlərimizə doğru olanı göstərək. Bir təcrübəmi sizinlə bölüşmək istəyirəm. Dərs dediyim ilk vaxtlarda şagirdlər mənə "Bakıda dərs deyən müəllimlər daha savadlıdır, sizin balınız Bakıya çatmadığı üçün gəlib burada dərd keçirsiniz, savadlı müəllimlər Bakıya gedir" deyirdilər. Bu imtahan sistemi müəllimlər haqqında yanlış təsəvvürlər yaradır. Amma uşaqlar məni tanıyandan sonra fikirlərinin yanlış olduğunu fərqinə vardılar. Axı, hamımız müəllimik, nə qədər bal toplamağımızın fərqi yoxdur. mən onsuz topladığım bal Bakı məktəblərinə keçid üçün bəs edirdi. Amma nəzərə alaq ki, imtahan verənlərin sayı vakansiyaların sayından çox olur.

- Evdən, ailədən kənarda yaşayıb müəllim işləmək çətin deyil ki?

- Rayonda işləməyin mənim üçün çətin olan cəhəti elə ailəmdən uzaqda olmağımdır. Çünki insan xəstə olanda, halsız olanda ana nəvazişinə ehtiyacı olur. Deyə bilərsiniz ki, indi sizin özünüzə baxan, hətta öz uşaqlarınıza baxan yaşınızdır (gülür), lakin belə deyil. Hər cümə gününü gözləyirəm ki, şənbə-bazar evə gedib, valideynlərimi, bacılarımı görüm. Bir məlumatı qeyd edim ki, hər həftə evə gedib-gəlirəm, Bakı-Sabirabad yolundayam. Xüsusən də qəsəbədə internet şəbəkəsinin, telefon xəttinin olmamağı məni üzür, çünki evdəkilərlə mütəmadi əlaqə saxlaya bilmirəm. İnternetin müsbət cəhəti odur ki, istənilən vaxt valideynlərimlə əlaqə saxlayıram, şəkillər, videolar göndərirəm. Onlar da görürlər sən nə edirsən və rahatlıq hiss tapırlar, arxayın olurlar ki, övladlarının vəziyyəti yaxşıdır. Çünki biz hələ də onların gözlərində uşağıq. Anama zəng edəndə hər dəfə deyirəm ki, yaxşıyam narahat olma, amma inandıra bilmirəm, taki görməyənə kimi rahatlıq tapmır. 

- Bəs, yaşadığınız rayonun hansı problemləri var?

- Əslində, elə ciddi problemlər yoxdur. Hazırda qaldığım kəndin də gözəl imkanları var, yolları tərtəmiz, insanları gözəl, amma çatışmazlıqları da qeyd etməsəm olmaz. Çox yaxşı olardı ki, kommunal cəhətdən imkanlardan yaralana bilək. Məsələn, internet, isti su təchizatı, nəqliyyat kimi məsələlər həll olunsa yaxşı olar. Və bir də yaxşı olardı ki, qəsəbə ictimai nəqliyyatla təmin edilsin, insanlar bir kənddən digərinə ya taksi, ya şəxsi maşın, yaxud at arabası ilə gedirlər. Düzdür, qəsəbə gözəldir, yolları yaxşıdır, havası təmizdir, lakin bir-iki çatışmayan cəhət var ki, onlar da həll olunsa, çox yaxşı olardı.  

- Cəmiyyətimizdə belə ucqar kəndlərə gedib dərs deyən müəllimlərə çox yaxşı münasibət olur. Həmin müəllimlər daha çox sevilir. Siz necə düşünürsünüz, sizə münasibət necədir?

- Müəllim işlədiyim hazır ki məktəbdə mənə çox hörmət edirlər. Qəsəbə Cəbrayıl və Füzuli rayonlarında olan məcburi köçkünlərin məskunlaşdığı ərazidir. Çox mehriban, səmimi, hörmətcil insanlardı. Ailəsindən uzaq yaşayan gənc xanım olduğumu görüb evlərində nə bişirsə, mənə də pay göndərirlər, süfrələrini mənə açırlar, bəzən qonaq çağırırlar. Uşaqlar da məni çox sevirlər. Hərdən deyirəm ki, nə zamansa sizlərdən ayrılacağam. İnanın ki, uşaqlar çox məyus olurlar.

- Kənd məktəblərindəki uşaqlarla, şəhərdəkilər arasında hansı fərqləri müşahidə edibsiniz? 

- Şagirdlər arasında fərq qoymaq, zənnimcə, düzgün deyil. Artıq 3 ildir ki, dərs keçirəm və burdakı uşaqların tərbiyəsi, müəllimlərə olan hörməti mənim üçün çox dəyərlidir. Yaxşı ki, mənim şagirdlərimdirlər, hər birinin yeri mənim üçün ayrıdır. Bildirdiyim kimi, Sabirabadda dərs deməmişdən əvvəl Kürdəxanı məktəbində də müəllimə kimi fəaliyyət göstərmişəm. Əsas fərq valideynlərdədir. Məsələn, Bakıda dərs deyəndə adicə uşağı nədəsə qınayanda ya azacıq acıqlananda, layiq olduğu aşağı qiyməti yazanda anası üstümə gəlirdi ki, mənim uşağım hamıdan yaxşı bilir, yaxud hamıdan tərbiyəlidir, uşağımla işiniz olmasın, o nə edirsə, düz edir deyib, məni haqsız çıxarıb gedirlər. Amma rayondakılar elə deyil, əskinə mənim davranışlarıma haqq qazandırırlar. Bu da məni fərəhləndirir, çünki görürəm ki, mənim qərarlarıma çox hörmətlə yanaşılar. 

Subay bir xanımın ucqar bir kənddə işləməsi çətin olar yəqin ki, maraqlıdır valideynlərinizin bu seçiminizə münasibəti necə oldu?
Validenlərim hələ də Bakıda, evimə yaxın məktəbdə dərs deməyimi istəyirlər. Düzdür, mənimlə qürur duyurlar, hər dəfə də deyirlər ki, hər xanımın işi deyil ki, evini-yurdunu qoyub getsin. Amma yenə də Bakıda işləməyimin daha düzgün olduğunu deyirlər. Hər dəfə deyirlər ki, illər əvvəl kim harada yaşayırdısa, qeydiyyatda olduğu ərazi üzrə təyinat alırdı və ümid edirlər ki, gələcəkdə də bu nəzərə alınar.

- Bu peşəni seçmək istəyən gənclərə məsləhətiniz ?

- Məncə gənclərə nə isə deməyə ehtiyac yoxdur. Çünki hamı çox gözəl bilir ki, müəllimlik necə bir peşədir, müəllimlərə olan hörmət göz önündədir. Çalışıb bu ada layiq olmaq lazımdır.
 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ