14:17 Bazar Ertəsi, 19 Noyabr 2018
SOSİAL

Bu mübarizənin adı – Azərbaycan uğrunda olmayacaq

17:12, 16.11.20172557
Bu mübarizənin adı – Azərbaycan uğrunda olmayacaq

Rza Rzayev

Dünya gücləri həmişə əlaltı etmək istədikləri cəmiyyətlərdə, dövlətlərdə özlərinin hazırladıqları fərdləri üzdə tutmağa çalışırlar. Çünki cəmiyyətin özündən soyulan fərdlər onlar üçün həmişə baş ağrısına çevrilir. Onların planlarını pozurlar. Bütün hallarda dövlətimiz və cəmiyyətimiz üçün həm xarici, həm də daxili parniklərdə yetişdirilmiş fərdlər qorxuludur. Bizim cəmiyyətdə bu özünü zaman-zaman göstərib (adlar çəkmək istəmirəm). Nəticə hər iki halda eyni olur, parnik fərdləri istəyərək və ya istəməyərək satılmağa məhkumdurlar, parnik fəlsəfəsi bunu tələb edir - satılmaq. Qazanc həvəsi ilə yaradılır parnik malı, təbiətin, fəslin qanunauyğunluğu deyil. Amma, təbii yetişən fərd millətinə, dövlət maraqlarına həmişə bağlı qalır – hakimiyyətdə kimin olmağından asılı olmayaraq. Bütün dövrlərdə yetişdirilən parnik fərdlərinin, demək olar ki, çoxu ana dilində danışa bilmir, ya da pis danışır, belə fərdlərə beynəlxalq mükafatlar, adlar verilir, dünya böyükləri sırasına sondan adları salınır, millətə dünya şöhrətli yazıçı, siyasətçi, hüquq müdafiəçisi, ssenarist, rejissor kimi təqdim olunurlar. Yəni hələ sən millət olaraq onların böyüklüyünü dərk etmirsən, sən o qədər böyük deyilsən ki, böyük-kiçik ayırımı apara biləsən, müəyyən edə biləsən. Həmin fərdlər də real olmayan böyüklüklərini "böyük" bilib, milləti tərəfindən başa düşülməzliyini, qəbul edilməzliyini millətinə nifrət ilə əvəzləyir, fərdlər arasında düşmənçilik toxumu səpirlər, daxili qiymətləndirmə meyarına çevrilirlər, qiymətləndirənlərin dedikləri ilə oturub-duranlar çoxalır. Parnik məhsulu hansısa malın kopyasıdır (surətidir), görüntü oxşarıdır, baxımlıdır, aldadıcıdır, xarici görünüşü çox gözəldir, cəlbedicidir, amma, dad və məzmun fərqlidir, yeyəndən sonra işini görür, içəridən. Cəmiyyət üçün ən problemli məsələ parnik məhsullarının uzunömürlü və dözümlü olmasıdır, gec xarab olurlar, onlarla mübarizə çətindir, əks addımlar, cavablar adekvat deyil, hər yola gedə bilirlər. Amma, hələ "böyüklər" elə bir texnologiya icad edə bilməyiblər ki, parnik məhsullarının doğal dadını, keyfiyyətini almaq mümkün olsun. Buna görə problemlər yaşayırlar zaman-zaman.

Öz-özünə yetişən fərdlər planları pozurlar. Uzunmüddətli hazırlanmış, mərhələ-mərhələ həyata keçirilən planları bir anda və gözlənilmədən fərdlər dağıdır. Məsələn, belə planları zamanında Atatürk pozdu, 1993-cü ildə Böyük Heydər Əliyev pozdu, Rusiyada Putin pozdu, son dövrlər belə strateji planları Ərdoğan pozur, bütün hazırlıqlı oyunları dağıdır, özü oyuna gətirir prosesləri. Dünya güclərinin cəmiyyətlərə, dövlətlərə güclü təsir imkanları olsa da, hələ birbaşa bütün fərdlərə eyni təsir imkanları əldə edə bilməyiblər, bu uğura nail ola bilməyiblər, bütün uğursuzluqlarının səbəbi – nəzərə almadıqları fərdlərdir, daha doğrusu, sözə baxmayan fərdlər.

Cəmiyyət öz içindən soyulan fərdlərə üstünlük verməlidir, dövlət və hakimiyyətlər ancaq belə fərdlərə güvənməlidir. Məsələn, idmanda uğur qazanan idmançılarımızın əksəriyyəti öz içimizdən soyulanlardır - hansısa mərhələyə qədər onlar öz güclərinə gəlib çıxıblar, üzə çıxana qədər heç bir parnik üsulundan istifadə olunmayıb. Sonra yaradılan yaxşı şəraitdə belə idmançılar yetişmədi. Və yaxud, son döyüşdə qəhrəmanlıq göstərən hərbiçilərimizi götürək, belə qəhrəmanları bizə başqaları hazırlaya bilərdi?! Onlar öz içimizdən soyulanlar idi. Parnikdə qəhrəman yetişmir, parnikdə nümunə olmur, hamı bir-birinə bənzəyir.

İdman və hərbdə olanların hamısı "kasıb" ailələrin uşaqlarıdır, öz hesablarına bu yüksəkliyə dirənə-dirənə gəliblər, heç bir parnik təsiri olmadan öz istəkləri ilə, seçim özlərinin olub. Belə fərdlər millətin özünə inamını təmin edir, dünya güclərini qorxuya salır. Milli kimlik, özünə inam dünya gücləri üçün qorxulu məfhumdur – o, gözlənilməz halda planları pozur. Həm də, belə fərdlər çox vaxt "görünməz" olurlar, ani parlayırlar, yerləri, kimlikləri öncədən məlum deyil. Mübariz, Dilqəm, Şahbaz, Həsən kimi...

Parnik təsiri bizim müxalifəti demək olar ki, məhv etdi, o müxalifəti ki, öz içimizdən soyulmuşdular zamanında, güclü idilər, nə vaxt ki, parnik təsirinə düşdülər – gücsüzləşdilər. Gübrə verənlər tez-tez partiyaları, partiya rəhbərlərini dəyişdilər, zaman-zaman fərqli fərdlərin işığını çoxaldıb-azaltdılar, gücsüzləşdirdilər.

İndi bu proses hakimiyyətə adlayıb, hakimiyyətin içində daxili və xarici parniklərdə yetişən fərdlər var, bu çox qorxulu prosesdir, hakimiyyətin daxilindən olanlar "uzaqlaşdırıldıqca", parnikdə yetişdirilmiş, süni fərdlərə yer verildikcə, bu yerdəyişmə yerində olmayacaq, yerinə düşməyəcək, yersiz olacaq. Son dövrlərin xarici valyutasına bənzəyir bu fərdlər – üzən məzənnə sisteminə, keyfiyyətləri sabit deyil, istənilən təsir ilə qalxıb-düşə bilərlər. Hakimiyyətin müxalifətin gününə düşməməyinin bir yolu var, yoldan çıxanları cəzalandırmaq, "yola" gətirdikləri fərdləri isə gün işığına tutmaq lazımdır, həm də - o dövrün, çətin dövrün işığına, çox yaxın zamandır, gözlə görünən məsafə qədər, yoxsa getdikcə məmləkətin işığı sönüb-yanacaq, keyfiyyət aşağı düşəcək, xəyanət baş alıb gedəcək.

Sadiqlik bütün dövrlərin tələbatıdır – hələ kimsə onu parnikdə yetişdirə bilməyib. Sadiqlik təbiətin məhsuludur - doğaldır, adamda ya olur, ya da olmur. Gur işıqda görünməyən tərəflər var, işıq tutmayan tərəflərdə də görünməyənlər var, buna görə də, arxa divara işıq vuran kimi özünü doğma, sadiq göstərənlər divardan ayrılacaqlar. Sadiqləri işıqda yox, qaranlıqda axtarmaq lazımdır, onlar istənilən an səsə səs verəcəklər. Onları axtarmaq lazım deyil, onlar öz yerlərində gözləyirlər, yerlərini dəyişməzlər. Onlar görünsünlər deyə özlərini onsuz da işığın altına tutan deyillər.

Nə hakimiyyətdə olan parnik fərdləri hakimiyyəti qorumaq uğrunda, nə də müxalifətdəkilər hakimiyyətə gəlmək uğrunda birləşə bilərlər, deməli fəlakət yaxınlaşır, birləşməyə qoymayanlar, parçalayanlar var!

Təhlükə yaxınlaşmaqdadır, çünki qonşu tərəflərimizdən əmin deyilik. Yeni təhlükələr isə göydən müxtəlif təriqət adları ilə gəlir, biz bütün təhlükələrə hazır olmalıyıq, hazır kimi göstərməməliyik, Azərbaycandan yana olmalıyıq!

Parnik fərdləri müxtəlif adlarla dəyişiklik istəyirlər. Amma, Azərbaycanda bütün dəyişikliklər mövcud olanı qorumaq üçün edilməlidir, başqa yol yoxdur, başqa hakim yoxdur, parnikdə yetişən hakimlərin qərarları millətimiz və dövlətimiz üçün çox acınacaqlı ola bilər, çoxlarına bu lazımdır, təkcə bizə yox.

Parnik fərdlərinin bir halda qarşısı alınmaz olacaq ki, xaricdən komanda verilən kimi iqtidar və müxalifət adını unudub yeni ad yaratmaq uğrunda mübarizəyə girişəcəklər, bu mübarizənin adı – Azərbaycan uğrunda olmayacaq!

 


XƏBƏR LENTİ