14:33 şənbə, 20 Oktyabr 2018
KÖŞƏ

Daha qaçqın olmaq istəmirəm …

16:16, 28.10.20152270
Daha qaçqın olmaq istəmirəm …
Elmir Murad xüsusi olaraq Dailykarabakh saytı üçün
7-8 yaşımda qaçqınlıq həyatını yaşadım. O həyat ki Vətənimi, evimi, torpağımı, uşaqlığımı əlimdən aldı. Bakıya üz tutduq. Hansı qapını döyəcəyimizi də bilmirdik. Hər həftə bir qohum evində qalmalı olurduq. Bu vəziyyət uşaq olsam da, məni çox utandırırdı. Ermənilər torpaqlarımızı işğal etməsəydi, bizim də evimiz, isti ocağımız olardı, düşünürdüm.
Zəngilandakı evimizi burdakı evlərin heç birinə dəyişməzdim. Uşaq olsam da, valideynlərimin nələr çəkdiyini anlayırdım. Qapı-qapı gəzib kiməsə sığınmaq, kimi isə narahat etmək… Alnımıza yazılmış yazı idi…
Kənddəki geniş həyətimizi, evimizi, bağ-bağatımızı yadıma salanda bu böyüklükdə şəhər mənə dar gəlirdi. Ailənin yükü, qaçqınlıq həyatı atamı yaman sıxmışdı. Elə bil çiyinlərindən ağır yük asılmışdı. Yaşım az olsa da, ev-eşiyini qoyub gələn, min əziyyətlə 5 uşağı böyüdüb bir tərəfə çıxarmaq üçün özünü oda-közə vuran valideynlərimin nələr çəkdiyini görürdüm.
Elə ona görə də valideynlərimdən ürəyim istəyən, nəfsim çəkən nəyi isə istəməzdim. İstəklərimi içimdə boğardım. Boynumu büküb dondurma yeyən uşaqlara həsrətlə baxardım. Bu düşüncələrim məni uşaq ikən tez böyütdü. Yataqxanada kiçik bir otaqda məskunlaşanda çox sevinmişdim. Otağımız balaca olsa da, “artıq bizim də evimiz var” idi. Artıq qohum-əqrəba qapısını döyməyəcək və buna görə sıxılmayacaqdım. Amma yataqxanada yerləşməyimiz güzəranımızı, qaçqınlıq həyatımızı heç də dəyişmədi. Dəyişə də bilməzdi. Yataqxananın yaxınlığındakı yolda çörək satmağa başladım. Buna da alışmamışdım. Amma məcbur idim. Valideynlərimə kömək etmək istəyirdim. Bir dəfə müştəriyə çörək aparan uşağı maşının vurması məni dəhşətə gətirdi. O da mənim kimi çörək pulu qazanmaq üçün evdən çıxmışdı.
Həmin hadisədən sonra atam məni daha çörək satmağa qoymadı. Qaçqınlıq həyatı məktəbdə uşaqların mənə pis, ögey münasibətini yaşatdı. Bunlar azmış kimi imkansızlıqdan əynimdəki köhnə, yamaqlı şalvar da məni bir tərəfdən sıxırdı. Elə bil hamı baxışları ilə məni “qaçqın-qaçqın” deyə çığırırdı. Heç kəsin mənə o gözlə baxmasına, qaçqın deməsinə dözə bilmirdim.
Təkcə məktəbdə yox, hər yerdə qaçqınlığım hiss olunurdu. Çox sıxılırdım, çox...
Hamı torpaqlarını atıb gələn biri kimi baxırdı mənə. Hətta üzümzə belə bunu deməkdən çəkinmirdilər. Ona görə də məktəbdə sinif yoldaşlarımdan kənar gəzirdim. Artıq tək-tək hər kəsə qaçqın olmadığımı, torpağımdan məcburən gəldiyimi izah etməkdən bezmişdim. Axı Bakı da, Şəki də, İsmayıllı da, Masallı da hər yer bizim torpaqlardı, axı hamısı bütöv Azərbaycanımızdır.
Axı niyə biz öz Vətənizmidə qaçqın olmalıydıq ki? Axı mən İsrailə, Qazaxıstana, İngiltərəyə deyil, öz Bakımıza pənah gətirmişdim. İnsanların bizi anlamaması mənə çox pis təsir etmişdi.
O vaxtdan 22 il keçib. Çox şey dəyişib. Ali təhsil almışam. Peşə sahibi olmuşam. Çörək sataraq yox, jurnalistlik edərək pul qazanıram. Ailə həyatı qurmuşam.
Amma dəyişməyən yalnız bir şey var. Hələ də qaçqınam...
P.S Oktyabrın 29-u Zəngilan rayonu erməni hərbçiləri tərəfindən işğal edilib.
XƏBƏR LENTİ