00:51 şənbə, 29 Fevral 2020
SİYASƏT

“Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir”

11:09, 29.01.20204998
“Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir”
"Yanvarın 24-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işini başa vurmasına baxmayaraq, yenə də dünya siyasətçilərinin, iqtisadçılarının, politoloqlarının diqqət mərkəzindədir”.

AZXEBER.COM xəbər verir ki, bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib. O qeyd edib ki, Davos İqtisadi Forumunun 400-dən çox açıq və qapalı iclaslarında 2 mindən çox siyasətçi, akademik, iş adamı, qeyri-hökumət təşkilatlarının nümayəndələri "Birgə və davamlı dünyanın maraqlı tərəfləri”ni müzakirə ediblər.

Hər il olduğu kimi bu il də Azərbaycan beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi Forumda yüksək səviyyədə təmsil olunub. Mötəbər tədbirdə Prezident İlham Əliyevin dünyanın ən tanınmış siyasətçiləri, böyük transmilli şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşləri ölkəmiz ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsini yazıb.

Naqif Həmzəyev onu da vurğulayıb ki, Azərbaycan bu gün qlobal enerji bazarının mühüm faktorlarından biridir:

 "Artıq qlobal platforma hesab olunan Forum təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsir edir. Davos İqtisadi Forumu bir daha göstərdi ki, dünya Azərbaycan Prezidenti İlham Əliyevin qlobal enerji bazarı ilə bağlı uzaqgörən ideyalarını dəstəkləyir. Hələ 5 il əvvəl ölkə Prezidenti Dünya İqtisadi Forumunda Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin və OPEC üzvü olmayan neft istehsalçılarının bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı təşəbbüslə çıxış etmişdi. OPEC və qeyri-OPEC ölkələrinin yaratdığı "OPEC+” koalisiyasının birgə səyləri nəticəsində isə bu gün "qara qızıl”ın qiyməti 55-60 dollar/barrel ətrafında dəyişir. Bazarda tələb-təklif tarazlığı pozulan zaman isə Azərbaycanın da daxil olduğu "OPEC+” ölkələri buna dərhal reaksiya göstərir.

OPEC-in baş katibi Məhəmməd Barkindo 50-ci Davos Forumunda "OPEC+” formatında əməkdaşlığın əsasının məhz Azərbaycan Prezidentinin çağırışı sayəsində qoyulduğunu minnətdarlıq hissi ilə xatırladaraq bildirib ki, tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizin də qeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalıb”.

"Ən diqqətçəkən məqam isə Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, Azərbaycanın dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən tərkib hissəsi olaraq təqdim edilməsinə, nümunə göstərilməsinə şərait yaradır. Sözsüz ki, bunun təməlində ölkə Başçısının çoxşaxəli, davamlı siyasəti, böyük siyasi iradəsi sayəsində Azərbaycanı təhlükəsizlik adasına çevirməsi dayanır”, - deyə Naqif Həmzəyev bildirib.
XƏBƏR LENTİ