07:52 şənbə, 24 Fevral 2018
KÖŞƏ

Demokratiya onlar üçün arzu etdikləri yerdən və zamandan başlayır...

04:04, 22.11.2014791
Demokratiya onlar üçün arzu etdikləri yerdən və zamandan başlayır...

Niyaz NİFTİYEV  O yerdə ki, dövlətin maraqları sənin siyasi ambisiyalarınla toqquşur, ikincidən imtina etməlisən, sənin PREZİDENTin təhqir olunur, orda sözünü deməli, dövlətinin mühüm atributlarından olan PREZİDENTini müdafiə etməyə borclu olmalısan. Bu İlham Əliyev də ola bilər, başqası da... Məqsəd birdir və sən ona doğru can atmalısan. Dərk etməlisən ki, HAKİMİYYƏTlə DÖVLƏT tamam başqa-başqa anlayışlardır. Bu sənin VƏTƏNDAŞlıq borcundur.  Ermənilər zaman-zaman beynəlxalq tədbirlərdə Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Təəssüf ki, bu tədbirlərdə iştirak edən Azərbaycan nümayəndələri bəzi hallarda onlara “ləbbeyk” deyir. Arxasını Azərbaycanı müdafiə edənlərə çevirib ermənilərlə bir safda olanları da gördük, “mən tualet istəyirəm” deyib haray-həşir salan erməni xislətlilərə dəstək verənləri də... Əlbəttə, onlar zaman-zaman həmin beynəlxalq təşkilatların büdcəsindən qidalanan, onlara bu və ya digər mənada satqınlıq edən sapı özümüzdən olanlardır. Konkret ad çəkməyə lüzum yoxdur, biz və elə siz də onların kim olduğunu yaxşı bilirsiniz.  İndi də Batumidə keçirilən beynəlxalq tədbirdə Azərbaycana qarşı çıxırlar. Məqsədləri yenə bəllidir. Ermənilərlə ittifaqda olan bəzi beynəlxalq təşkilatlar hər vəchlə Azərbaycanı ləkələmək, gözdən salmaq istəyirlər. Onlara qarşı çıxış edənləri isə antidemokrat kimi qələmə verir və əleyhinə kampaniyaya başlayırlar. Bu kampaniyanın sərhədləri təəssüf ki, Azərbaycandan başlayır və Avropaya qədər gedib çıxır.  Çexiyanın "People in Need" təşkilatının erməni drijorluğu ilə idarə olunduğu heç kimə sirr deyil. Tədbirdə iştirak edən erməni Boris Novosardiyanın da bu təşkilatla xüsusi layihələri var ki, həmin layihələr də bilavasitə Cənubi Qafqazda insan hüquqlarının vəziyyətinə, xüsusən də Azərbaycana qarşı yönəlib. Boris Novosardiyan hər şeyi gözə alaraq tədbirin keçirildiyi yerdə - foyedəki stendə Azərbaycana dair tənqidi plakatlar asır və həmin plakatlardan birində isə Azərbaycan prezidentini təhqir edir. Bu adam Leyla və Arif Yunusların həbs edilməsinə ilk etiraz edənlərdən olub və Azərbaycanı “ölkədəki insan haqlarının mühafizəsi təşkilatlarının fəaliyyətinə limit qoymaq”da ittiham edir. Boris deyilən bu ünsür həm də Türkiyə-Ermənistan sərhədlərinin açılmasında canfəşanlıq edənlərdəndir və deyir ki, bütün olanlara baxmayaraq münasibətlərin bərpası üçün hər iki tərəf israrlı olmalıdır.  Qayıdaq Batumiyə... Təbii ki, planlı şəkildə baş verən bu hadisələrə Azərbaycandan gedən nümayəndə heyətinin reaksiyası gözlənilən oldu və siyasi əqidəsindən asılı olmayaraq onlar da ölkələrinin təklənməsinə etirazlarını bildirdilər.  Tədbirin təşkilatçısı olan "People in Need" təşkilatı isə nəyinki regionda, dünyanın siyasi mənzərəsində, enerji təminatında öz sözünü demiş olan bir ölkənin – Azərbaycanın prezidentinin təhqirinə göz yumdu. Baxın, demokratiya bu kimi təşkilatlar üçün praktikada arzu etdikləri yerdən və zamandan başlayır, ümumi dünya üçün isə nəzəriyyədən o yana keçmir.  "People in Need" - Çexiyanın qeyri-hökumət təşkilatıdır. Təhsil və qismən də insan haqları sahəsində uzunmüddətli layihələr həyata keçirir, daha çox isə təhsil və humanitar sahədə ölkələrə yardım edir. Bu təşkilatın birdən-birə spesifik sahə olan insan hüquqlarına bu qədər önəm verməsi heç də təsadüfi deyil. Həm də Azərbaycana qarşı... Deməli, "People in Need" Ermənistana bütün növ yardımlar edir. Hətta 1988-ci ildə baş verən zəlzələ zamanı təşkilata yaxın olan erməni dostlarının köməyi ilə yenə Ermənistanın yanında olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı işğala məruz qalanın deyil, işğal edənin yanında yer alaraq guya müharibənin Ermənistana vurduğu təsirlərin ağrı-acısından gileylənib. 2003-cü ildə isə Ermənistan üzrə xüsusi missiya yaradaraq bu ölkəyə humanitar yardımlarını genişləndirməyə başlayıblar.  Azərbaycana münasibətinə gələndə isə "People in Need" daha çox “siyasi məhbus” məsələsinə toxunub və bir də film festivalı... Bu qədər qaçqın və məcburi köçkün ordusu "People in Need"in yadına belə düşməyib.  Ermənistan və Gürcüstanda daha çox təhsil və humanitar sahədə layihələr həyata keçirən "People in Need"in Azərbaycana gələndə insan hüquqları və “siyasi məhbus” məsələsindən danışması yuxarıda qeyd etdiyimiz kimi təsadüfi deyil. Konkret Batumi tədbirində iştirak edən Ermənistan və Gürcüstanın özündə belə insan hüquqlarının pozulduğunu az müşahidə etmirik. Hətta kobud şəkildə pozulduğunu görürük. Amma di gəl, yenə də namlının ucunda Azərbaycan var..

0
XƏBƏR LENTİ