02:22 Cümə, 23 Fevral 2018
SOSİAL

Əhməd Şahidov: "2 yaşlı Zəhra ilə bağlı Azərbaycan diasporasının gördüyü işlər çox zəifdir" - MÜSAHİBƏ

14:08, 12.07.20172170
Əhməd Şahidov:
Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstutunun direktoru Əhməd Şahidovun AZXEBER.COM-a müsahibəsi...


- Əhməd bəy, ilk olaraq bir hüquq müdafiəçisi kimi Azərbaycanda insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiz?
- Azərbaycanda insan haqlarından danışarkən, ilk növbədə ölkənin yerləşdiyi siyasi-coğrafi məkanı, habelə dini-etnik müxtəlifliyi və bütün bunların fövqündə dayanan milli maraqları nəzərə almaq lazımdır. Çünki, insan haqları müəyyən mənada nisbi anlayışdır. Hansısa ölkələrdə yasaq olunan dəyərlər bizdə tam sərbəstdir və ya əksinə, bəzi Avropa ölkələrində təbliğ olunan həyat tərzi Azərbaycanda qəbuledilməzdir. Bütün bunları nəzərə alaraq, ümumən Azərbaycanda insan haqlarının durumunu dəyərləndirsək, deməliyəm ki, vəziyyət qənaətbəxşdir. Düzdür, bu sahədə vəziyyətin ideal olduğunu demək doğru olmazdı, amma yenə də hökumətin son illər həyata keçirdiyi islahatlar, ölkə başçısının imzaladığı əfv sərəncamları, bir çox sahələrdə innovativ xidmətin təşkil olunması insanların hüquqlarının qorunması istiqamətində ciddi irəliləyişlərin olmasından xəbər verir. Bu gün Azərbaycanda dinindən, milliyyətindən və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir kəs azaddır və Konstitusiyada nəzərdə tutulmuş bütün hüquqlardan sərbəst şəkildə istifadə edir. Azərbaycanda dini müstəvidə hər hansı problem yoxdur, 1 km radiusda məscid, kilsə, sinaqoq və digər dini inanclara məxsus ibadət evlərinə rast gəlmək mümkündür. Halbuki, Avropanın ən inkişaf etmiş ölkələrində sinaqoqları silahlı şəxslər qoruyur, onlar buna məcburdular. Bu kimi bir çox müqayisələr aparmaq mümkündür.
 
- Sizi ölkədaxili məsələlərdə çox passiv görürük. Bu nə ilə bağlıdır? Nəyə görə daha çox beynəlxalq məsələlərdə ön planda olursuz?
- Deməzdim ki, passivəm. Mənim bütün fəaliyyətim şəffafdır. Həm sosial şəbəkələrdə, həm də şəxsi saytımda fəaliyyətimlə bağlı kifayət qədər məlumat var. Sadəcə olaraq, gündəlik məşğul olduğumuz sahələr üzrə, xüsusən də bizə müraciət edən vətəndaşların hüquqi problemləri ilə bağlı gördüyümüz işləri işıqlandırmırıq. Bu, sırf hüquqi prosedurlarla tənzim olunur və biz bu istiqamətdə gündəlik olaraq, fəaliyyət göstəririk. O ki qaldı ölkəmizin milli maraqları naminə gördüyümüz işlərə, təbii ki, bunu işıqlandırırıq, hətta bu sahədə təbliğata da xüsusi önəm veririk. Çünki, Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində görülən işlər həm də müxtəlif dillərdə təbliğ olunmalıdır. Təbliğat bu fəaliyyətin tərkib hissəsidir.
 
- Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov düşməsindən 3 il ötür. Onların geri qaytarılması üçün nə kimi işlər görülür? Sizcə Azərbaycan bu şəxsləri layiqincə qoruya bilirmi?
- Artıq 3-cü ildir ki, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. 2014-cü ilin iyul ayının 11-də öz dədə-baba məzarlarını ziyarət etmək üçün Kəlbəcərə səfər edən üç azərbaycanlı - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ermənilər tərəfindən əsir götürülür. Qeyri-insani rəftara və işgəncələrə məruz qalan əsirlərdən Həsən Həsənov 2014-cü ilin iyul ayının 11-də qətlə yetirilir. Ermənilər Həsənin meyitini vermək istəmirdilər. Yenə də Azərbaycan dövlətinin güclü siyasi iradəsi və beynəlxalq ictimaiyyətin davamlı təzyiqləri nəticəsində ermənilər cəsədi təhvil verirlər. Təəssüflər olsun ki, girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də erməni girovluğundadırlar. Bu müddət ərzində ermənilər girovlar üzərində saxta məhkəmə prosesi qurdular və uydurma ittihamlarla Şahbaz Quliyevi 22 il, Dilqəm Əsgərovu isə ömürlük azadlıqdan məhrum etdilər. Bu proses ümumilikdə bütün bəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır, Ermənistan dövlətinin terrorçu mahiyyətinin əyani sübutudur. Çünki, bu insanlar - Dilqəm və Şahbaz azərbaycanlılardır, getdikləri ərazilər rəsmən Azərbaycan torpaqlarıdır, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş Azərbaycan sərhədləri daxilində bir məntəqədən digərinə hərəkət ediblər, Azərbaycan-Ermənistan sərhədlərini pozmayıblar. Ötən üç il ərzində azərbaycanlı girovların azad edilməsi istiqamətində müxtəlif istiqamətdə intensiv iş aparılır. İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüş və çıxışlarında bu məsələni qaldırması və dünya ictimaiyyətinə çağırışlar etməsi xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, Xarici İşlər Nazirliyi, habelə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da bu sahədə kifayət qədər intensiv fəaliyyət göstərirlər. Bu məsələdə əsas məsuliyyət həm də Azərbaycanın vətəndaş cəmiyyətinin üzərinə düşür. Bu məsələnin dünya ictimaiyyətinə, xüsusən də beynəlxalq insan haqları təşkilatlarına çatdırılmasında ardıcıl fəaliyyət göstəririk. İndiyə kimi ATƏT-in bütün tədbirlərində birbaşa və ya dolayısıyıa bu məsələ ilə bağlı çıxışlarımız olub. Avropada keçirdiyimiz görüşlərdə Dilqəm və Şahbaz barədə dəfələrlə məsələ qaldırmışıq. Qətərdə keçirilən və əsasən ərəb dünyasının rəhbər şəxslərinin qatıldığı beynəlxalq konfranslarda girovlarımız barədə müsəlman dünyasına çağırışlar etmişik. Müxtəlif beynəlxalq təşkilatların qərargahları qarşısında səssiz aksiyalarımız olub. Konkret olaraq, Brüssel şəhərində Avropa Parlamentinin qarşısında, Strasburqda Avropa Şurası Parlament Assambleyasının qarşısında, Cenevrədə Qırmızı Xaç Cəmiyyətinin qarşısında, habelə Ermənistanın Varşavadakı səfirliyi qarşısında etiraz aksiyalarımız olub. Bakıda fəaliyyət göstərən diplomatik korpuslara bir-neçə dildə məlumatlar göndərmişik.
 
- Kənardan belə müşahidə olunur ki, sizin rəhbəri olduğunuz təşkilat bu şəxslərə ayırdığı diqqəti digər əsir və girovlarımıza ayırmır. Bildiyiniz kimi. bu gün Ermənistanda nə qədər uşaq, qadın girov və əsirlikdədir...
- Tamamilə yalnış fikirdir. Biz Azərbaycanın milli maraqları naminə, xüsusən də Dağlıq Qarabağ münaqişəsi sahəsində çox istiqamətli işlər həyata keçiririk. Sadəcə, kəlbəcərli girovlarımız son illərin hadisəsi olduğu üçün onlar barədə kifayət qədər dolğun məlumat, foto-video sübutlar mövcuddur. Həm də onların tezliklə azadlığa çıxması üçün səfərbər olmağımız labüddür. O ki, qaldı digər əsir və girovlarımıza, əlbəttə ki, onlar barədə də mütəmadi işlər görürük. Təşkilatımızın saytında bu istiqamətdə gördüyümüz işlər barədə kifayət qədər informasiyalar mövcuddur.
 
- 2 yaşlı Zəhra bala ilə bağlı xarici mediada müsahibələriniz çıxır. Sizcə Azərbaycan diasporası bu işdə nə dərəcədə fəaldır və siz bu yöndə nə kimi addımlar atmağı planlaşdırırsız?
- Bəli, Füzuli rayonunun Alxanlı kəndində baş vermiş məlum hadisə ilə bağlı həm yerli, həm də xarici mətbuatda intensiv işlər görürük, açıqlama və müsahibələrimiz yayılır. İstəyirik ki, erməni vəhşiliyini bütün çılpaqlığı ilə dünyaya çatdıraq. Azərbaycan diasporu da bu istiqamətdə müəyyən işlər görür. Bir çox diaspora təşkilatlarımız olduqları ölkələrin yerli mətbuatında bu barədə yazılar dərc etdirir, xaricdə etiraz aksiyaları keçirirlər. Amma ümumilikdə baxsaq, Azərbaycan dövlətinin və şəxsən Cənab Prezident İlham Əliyevin xaricdəki diasporumuza göstərdiyi diqqət və qayğının fonunda bu görülən işlər çox zəifdir. 
2 yaşlı Zəhranın ölümündən dərhal sonra bütün Avropa paytaxtlarında ardıcıl aksiyalar keçirilməli idi, Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrdə hər gün yüzlərlə azərbaycanlının iştirakı ilə etiraz dalğası təşkil olunmalı idi. Təəssüflər olsun ki, biz bunu görə bilmədik. Ayrı-ayrı diaspor fəallarının gördükləri işlər var ki, onlar da ölkə başçısının cızdığı yol xəritəsinə uyğun olaraq şəxsi təşəbbüsləri ilə hərəkət ediblər. Mən özümü diaspor fəalı hesab etmirəm, amma yenə də Avropadakı əlaqələrimi işə salıb, bu sahədə müəyyən addımlar atmağa çalışırıq. Artıq Kipr, Türkiyə və İran televiziyalarında bu mövzuda çıxışlarımız olub. Bir-neçə dildə bu hadisə ilə bağlı təbliğatımızı bugün də davam etdiririk. Sosial şəbəkələrdə gündəlik olaraq, aktiv işlər aparırıq.
 
- Xaricdə yaşayan azərbaycanlılar nəyə görə bu tip hadisələrdə bir araya gələ bilmir?
- Bu, bəlkə də ən ağrılı problemimizdir. Dəqiq səbəblərini bilmirəm. Bəzən obyektiv, bəzən də subyektiv səbəblərdən diasporumuz yumruq şəklində birləşə bilmir. 
 
AZXEBER.COM
0
XƏBƏR LENTİ