04:02 çərşənbə Axşamı, 21 Avqust 2018
SOSİAL

Ərinə onun ən yaxın dostu ilə xəyanət edən qadının "İkinci pərdə"si

17:42, 15.11.20176419
Ərinə onun ən yaxın dostu ilə xəyanət edən qadının

Hacıbəy Heydərli 

 

Ötən gün "İkinci pərdə” filminin premyerası baş tutdu. Təqdimat haqda mətbuatda kifayət qədər xəbər yazılıb, məlumat paylaşıb. Təkrarçılığa yol vermədən "İkinci pərdə”də gördüklərimi yazmaq istədim.

İlk olaraq qeyd edim ki, filmin təqdimatı adət etdiyimiz kimi dəbdəbəlli müğənnilərin, qlamur modellərin, "instagram”da "follow"a görə qiymətini müəyyənləşdirən qızların moda nümayişi deyildi. Təqdimata bu sahənin peşəkarları, sənətdən anlayışı olan şəxslər, hətta ictimai-siyasi xadimlər də dəvətli idi və onlar 1 saat öncədən yerlərini almışdı. Hər kəs də premyeranı səbrsizliklə gözləyirdi.

"İkinci pərdə” filminə maraq yaradan ən önəmli amil isə filmin adı yox, rejissorunun kifayət qədər ciddi və şou adamı olmaması ilə bağlı idi. Belə ki, Emil Quliyev uzun illər polis müstəntiqi çalışıb və yaratdığı filmlər də hər zaman həyat hekayələrindən ibarət olub. Hüquq – mühafizə orqanlarında çalışması, insanlarla ünsiyyəti, onların əsl simasına bələd olması filmin uğurlu olacağından xəbər verirdi. Həm də rejissorun bundan öncə çəkdiyi "Pərdə” filmi milli-mental dəyərləri və bu dəyərlərin fəsadlarını çılpaqlığı ilə ortaya qoymuşdu.

"Pərdə”dən sonra "İkinci pərdə” də real həyat hadisələrindən bəhs edir. Hadisələri qabaqlayaraq deyim ki, bu izlədiyim ilk film idi ki, ən az alqışa səbəb oldu. Buna səbəb də tamaşaçıların filmə aludə olması və bir növ filmdə öz yaxınlarını, tanışlarını, hətta özlərini görməsi idi. Başqasının həyatına "mız” qoymağı, ondan şou düzəltməyi, onları qınamağı həyat tərzinə çevirən şəxs heç vaxt özünü güzgüdə görəndə alqışlamaz. "İkinci pərdə”də elə oldu, çünki filmi izləyənlər arasında arvadına xəyanət edən də var idi, ərini gündə bir kişiyə dəyişən də, qumar oynayan da, insanların nə deyəcəyindən qorxub, bacısını min iztirabına rəğmən boşanmağa qoymayan da, pulsuzluqdan hər cür şərəfsizin önündə əyilən ofisiant da, ailəsi mükəmməl olub, xoşbəxt olmayan qadın da...

Filmə gəlincə isə ekran işində baş rolları əməkdar artist Hikmət Rəhimov, aktrisa Günay Əhməd və aktyor Qorqud Cəfər oynayıb.

Film ərinə onun uşaqlıq dostu Arif ilə xəyanət edən Samirə və bunu öyrənib çətin imtahan qarşısında qalan Timadan bəhs edir.

Rejissor filmdə ən abırlı xəyanət ilə xəyanətin ən son həddini çılpaqlığı ilə göstərib. Belə ki, Tima gənc yaşlarında Günaya aşiq olur, ancaq valideynləri Günayın boşanması və övladı olmasını göstərib, onunla evlənməyə icazə vermirlər. Tima da milli mental dəyərlərə uyğun həyat yaşadığı üçün, yaxşı işi, ətrafı olduğuna görə Günaydan ayrılır və Samirə ilə ailə həyatı qurur. Burada rejissor Timanın özünə xəyanətini və sevdiyi şəxslə ailə qurmamasının fəsadlarını göstərir. Nəticədə isə Tima ən abırsız xəyanətlə qarşılaşır: Arvadı ən yaxın dostları ilə yatır, o işdə olanda yatağına uşaqlıq dostunu salır.

Filmdə Arif obrazı da cəmiyyətimizdən götürülüb. Arif mental gəncdir, o bacısının boşanmaq istəyini radikallıqla qarşılayır, buna imkan vermir, əvəzində isə özü ən yaxın dostunun yoldaşı ilə yatır. Arif həm də qumarbazdır və qumarda uduzduğuna görə çıxılmaz duruma düşür. Onu bu durumdan ən yaxın dostu və arvadıyla xəyanət etdiyi Tima qurtarır. Tima ona son pulunu verir, əvəzində isə Arif ona "təşəkkür” olaraq, arvadı ilə yatır. Burada da rejissor yaxşılıq ilə yamanlığı üz-üzə qoyur.

Rejissor eyni zamanda Arif vasitəsiylə kişi fahişəsi ilə qadın fahişəni qarşılaşdırır. O arvadına təklif edir ki, yatdığı dostunu öldürsün, onu bağışlayacaq. Ancaq Samirə bundan imtina edir, Arif isə razılıq verir. Bu yerdə deyilən sözün isə artıq şərhə ehtiyacı yoxdur: "Bir fahişə qədər qeyrətin olmadı sənin”.

Filmdə tamaşaçıya mesaj çoxdur, hər kəs öz dünyagörüşünə görə düşünə bilər.

Film isə punktlara ayırsaq bunları deyə bilərik:

1.İnsan həyatda düzgün seçim etməlidir. Özü də lap əvvəldən, həyatda addımlamağa başladığı ilk anlardan. Çünki bütün yanlışlar zəncirvari şəkildə davam edir və sonda səni məhv edir. Özünə xəyanət edən insan mütləq başqalarından da xəyanət görəcək.

2.Pis yola düşən insanı heç bir vəchlə geri döndərmək mümkün deyil. Bu gün qumarda uduzan, sabah da dostunun yoldaşına göz tikər. Çünki onun üçün həyatda dəyərli heç bir şey qalmayıb.

3.Fahişə elə hər zaman fahişədir, onun üçün gecəsini-gündüzünə qatıb, çalışan həyat yoldaşı olsa da, hər cür zinət əşyasına, var-dövlətə sahib olsa da, xislətində fahişəlik olan qadın hər zaman öz yoluyla gedəcək. Ona haqq qazandırmaq mümkün deyil.

4.Xəyanət edən şəxs bir gün xəyanətlə qarşılaşar.

5.Ən nəhayət, yaxşı rejissor olmaq üçün yaxşı tamaşaçı və dinləyici olmaq lazımdır. Eynən "İkinci pərdə”nin rejissoru kimi.
Son olaraq aktyorlardan da danışmaq istərdim. Əminəm ki, Qorqud da, Hikmət də bu filmdə rola girməyiblər, elə hər gün çayxanada, "Topaz”larda, həyətdə olan söhbətləri kamera önündə danışıblar. Çünki cəmiyyətimiz də Timalar da, Ariflər də çoxdur.

Filmdə ən böyük çətinlik aktrisa Günay Əhmədə düşüb, çünki Hikmətin rolunu hər biri kişi hiss edir, yaşayır. Ancaq ərinə ən yaxın dostu ilə xəyanət edən aktrisa rolunu canlandırmaq, o hisləri yaşamaq, hətta bəzi məqamlarda özünə haqq qazandırmağa çalışmaq xüsusi qabiliyyət tələb edir.

Rejissor da sağ olsun ki, küyə getməyərək hər təqdimatda gözləri "mazol” edən qlamur modelləri yox, bu işin, teatrın, kinonun haqqını verən aktrisaya meydan verib.
Bir daha "İkinci pərdə”də əməyi keçən hər kəsə təşəkkür etmək lazımdır. Sonda deyim ki, filmaqressiv tonu və radikal məzmunu seçilir eyni zamanda söyüşlərdən, vulqar ifadələrdən də istifadə olunub. Kim ki bu günə qədər söyüş etməyib, kimisə təhqir etməyib,çayxanalarda elmdən, təhsildən, ədəbiyyatdan danışıbsa, film onlara tövsiyyə olunmur. Amma bir şeyi də unutmayaq ki, tərbiyəmizi söyüşlər yox, ona gətirib çıxaran hallar korlayır. Bu halların qarşısının alınması üçün filmdə ürəklə söyüşləri eşidə bilərsiz.

 


XƏBƏR LENTİ