10:47 çərşənbə Axşamı, 11 Dekabr 2018
SİYASƏT

Ermənilərin müdafiə nazirinin gizli saxladığı faktlar: rəngsazlıqdan generalınadək

13:32, 01.12.201812598
Ermənilərin müdafiə nazirinin gizli saxladığı faktlar: rəngsazlıqdan generalınadək

Ermənistanın müdafiə naziri David Tonoyanı indi "general" adlandırırlar. Halbuki nə erməni ordusunda, nə siyasi isteblişmentində, nə də mediasında David Edqaroviç nüfuz və sayğı sahibi deyil.

Rəsmi tərcümeyi-halına baxsaq, 51 yaşlı Tonoyan yüksək səviyyəli peşəkar, müdafəi sisteminin bilicisi, NATO standartlarının postsovet məkanında tətbiqi ilə bağlı ekspert, hərbi sahədə islahatlar və yenidənqurmalar üzrə analitik və s.-dir.

Tonoyan özünü belə təqdim edir, jurnalistlərin suallarını cavablayarkən ciddi görkəm alaraq Ermənistanın hərbi potensialından, müdafiə imkanlarından, hərbi-sənaye kompleksindən bəhs edir.

Eyni zamanda o, silahlı qüvvələrin "içindən çıxmış" adam imici yaratmağa çalışır.

Fəqət, belə deyil. Daha doğrusu, heç belə deyil.

David Tonoyan erməni isteblişmentinin əksər mənsubları kimi, ikili həyat yaşayır. Onun gerçək yaşamı, bacarığı və bilikləri sonradan ciddi şəkildə retuşlanaraq "nizamlanmış" tərcümeyi-halla ört-basdır edilib, pərdələnib.

Pərdənin arxasında isə əsl Tonoyan var.

Həmin o adamı tanıyaq.

... Qərbin ən müxtəlif strukturlarının maliyyələşdirdikləri 350-dən artıq qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyi Ermənistandakı bu qurumlar Nikol Paşinyanı hakimiyyətə gətirən "küçə inqilabı"ndan sonra daha da aktivləşiblər. Fərqli fondlar, cəmiyyətlər, şuralar və dərnəklər adı ilə İrəvanda kök salmış Qərb təşkilatlarının aktivliyi rəngli inqilabların "qoxu"sunu ətrafa yayaraq erməniləri bir daha əmin edir ki, sən demə, onların "inqilab" saydıqları proses əslində çox uzaqlarda hazırlanaraq ölkədə gerçəkləşdirilmiş ssenaridir.

Baş nazir Nikol Paşinyan və onun nazirləri, o cümlədən David Tonoyan fasiləsiz olaraq vurğulayırlar ki, həmin QHT-lər neytral, siyasətdən kənar mövqe tutublar. Halbuki faktlar tam tərsini göstərir.

Ermənistan hökumətinin indiki üzvlərinin total əksəriyyəti İrəvan üçün nəzərdə tutulmuş ssenarinin fiqurantları, ucuz və primitiv vodevilin oyunçularıdır.

Elə həmin David Tonoyan hələ 2005-ci ildə Ermənistanın NATO-dakı daimi nümayəndəsi işləyəndə ABŞ xüsusi xidmət təşkilatlarının "verbovka"sından keçmişdi.

O dövrlərdə Tonoyan Ermənistanda ABŞ-ın biolaboratoriyalarının yaradılmasının "kurator"larından biri idi. Eyni zamanda o, həmin dönəmdəki müdafiə naziri V.Sarqsyanın sağ əli idi.

Tonoyanın nəzarətçisi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin agenti, hərbi attaşeliyin əməkdaşı, ABŞ-ın Təhlükələrin Azaldılması Agentliyinin (DTRA) nümayəndəsi, Ermənistanda ABŞ biolaboratoriyaları şəbəkəsinin genişləndirilməsi layihəsinin nəzarətçisi mayor Erik Larsen idi.

Mister Larsenin Moldova, Ukrayna və Azərbaycanda fəaliyyət təcrübəsi vardı.

Rəsmi kəlmələr

David Edqaroviç Tonoyanın rəsmi tərcümeyi-halı belədir: "1967-ci ildə Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində anadan olub.

1986-1988-ci illərdə SSRİ ordusunda xidmət edib.

1992-ci ildə Ermənistanın Silahlı Qüvvələrində xidmət edib, 1992-1994-cü illərdə Ermənistan DİN-də çalışıb.

1994-cü ildə Ermənistan Müdafiə Nazirliyində Hərbi Polis İdarəsinin rəisi, 1997-ci ildə Silah və Texnika İdarəsinin rəisi, 1998-ci ildə NATO nümayəndəliyinin əməkdaşı, 2004-cü ildə həmin nümayəndəliyin rəhbəri təyin olunub.

2009-cu ildə nazirliyin Müdafiə Siyasəti İdarəsinə rəhbər təyin edilib.

Bu il Ermənistanın müdafiə naziri postuna yiyələnib.

David Tonoyan 1991-ci ildə İrəvan Dövlət Universitetini, 1997-ci ildə Rusiya Federasiyasının Hərbi-Diplomatik Akademiyasını bitirib. Rus, ingilis, fransız dillərini əla bilir. Evlidir, oğlu və qızı var.

"Stroybat" həyatının kadrı

... Faustovo kəndi. Moskva vilayətinin Voskresenk rayonunda sakit, meşəlik bir məkan. İndi buralar varlı, imkanlı rusiyalıların lüks villalarının, malikanə və kotteclərinin sıralandığı bir yerdir. Beloe Ozero ətrafındakı qonşu kəndlər kimi, Faustovo da noyabrın sonunda dumanlı olur. Dumanın içində meşə qarşısındakı iki dördmərtəbəli, uçulub-dağılan bina görünür.

Binaların qarşısında parçalanmış asfalt yol qalıqları. Yolda nə maşın var, nə adam. Kimsə yox. Burası bir zamanlar qüdrətli və nəhəng Sovetlər Birliyindən qalmış "ölü zona"lardan biridir.

Dağılan, uçulan iki bina isə ötənlərdə 43109 saylı hərbi hissə olub.

Sovet dönəmlərində Faustov bu hərbi hissənin hesabına yaşayırdı. Kəndlilər əsgərlərlə gizirlərin oğurlayıb su qiymətinə satdıqları tikinti materiallarından evlər tikir, əsgərlər də kəndlilərdən aldıqları pula elə kənddəki dükanda araq, pivə, çaxır və yemək alıb "mədəni istirahət" edirdilər.

Təbii ki, əsgərlərin hamısı belə deyildi. "Hamı"dan fərqlənən, uzaq duran, yalnız özünü düşünənlər arasında David Tonoyan xüsusilə fərqlənirdi. O, hərbi hissə komandirinin siyasi və tərbiyəvi işlər üzrə müavininin, yəni  o dönəmdə "zampolit" deyilən mayorun təqdirini qazanmaq üçün dəridən-qabıqdan çıxırdı.

19 yaşlı Tonoyan Qazaxıstandan, Ust-Kamenoqorsk şəhərindən hərbi xidmətə çağırılmışdı.

O, ambisiyalı, xudpəsənd, hiyləgər, hətta həddən ziyadə bic birisi idi. 6 ay xidmət edəndən sonra o, planını reallaşdırmağa başladı.

"Stroybat" kimi qoşun növündə, gözdən-könüldən uzaq Faustovo kəndindəki hissədə xidmət edən orta statistik əsgər ya yerli qaydalara tabe olmalı, ya da o qaydaların ram etmədiyi adam kimi qalmaq üçün çıxış yolu düşünməli idi.

Tonoyan fərqli yolu seçib alternativ çözümü tapdı.

O, xəyanət, yaltaqlıq, müştəbehlik vasitəsilə özünü qorumağa çalışdı və buna da nail oldu.

Gənc Tonoyan səxavətli deyildi. O, vaxtının və pulunun qədrini bilən simic adamdı.

"Stroybat"da xidmət edənlər bilir: bu qoşun növündəki hərbi hissələrin tam əksəriyyətində gənclər nizamnamələrdən kənar, daha çox kriminal aləmin "qayda"larına uyğun tələblər qarşısında əzilir, zorakılıq və qanunsuzluq mancanaqları arasında parçalanır, ruhlarını və mənəviyyatlarının zədələnməsini acizliklə seyr edirdilər.

43109 saylı hərbi hissədə də SSRİ-nin Silahlı Qüvvələrinin Nizamnaməsi hökm sürmürdü. Hissə nümunəvi də deyildi. Hər kəs - zabitlər və əsgərlər - komandirin iradəsinə tabe idilər. Sözün əsl mənasında. Başqa çıxış yolu yox idi, alternativ də aranmırdı.

David Tonoyan "oyun qaydaları"nı çox tez anladığından vəziyyətdən mümkün qədər bəhrələnməyə çalışdı.

Xidmətə hamı kimi sıravi qismində başlayan Tonoyan yüzlərlə əsgərin rutin yaşamını təkrarlamamaq üçün dərhal "işə başladı". O, xəyanət, yalan və saxtakarlıq yolunu seçmişdi.

Beləcə, adidən adi erməni əsgər hiyləgər, prinsipsiz, çoxüzlü, maraqları naminə hər şeyi və hər kəsi qurban verməyə hazır adama döndü. Əsgər dostluğu, qarşılıqlı yardım, şərəf, ləyaqət kimi anlayışlar ona yad idi.

Bəlkə də buna görə həmin hissədəki erməni əsgərlərdən biri David Tonoyanı "bozi txa" (erməni dilində "it oğlu") adlandırmışdı.

Yefreytor olandan sonra Tonoyana "Xmır" ləqəbi verildi: ləqəbin müəllifləri hissədəki "qocaman" əsgərlər idi.

Tonoyan həmişə komandirlərin gözü qarşısında olmağa can atır, verilən əmrləri zahiri itaətlə yerinə yetirir, komandirlərin göstərişlərini dərhal, irəli atılaraq gerçəkləşdirən sıravi obrazı yaratmağa çalışırdı.

Ən başlıcası isə Davil Tonoyan çuğuldu. Sovet dönəmində belə əsgərlərə "stukaç" deyərdilər. Növbətçi qalan zabitlər əmindilər ki, kazarmada nə baş versə, Tonoyan vasitəsilə mütləq xəbər tutacaqlar.

Dörd aydan sonra yefreytor, 6 aydan sonra kiçik serjant olan Tonoyan "stroybat"dakı "qoca"lardan qorxmurdu. O, xəbər daşıdığı, qulluqlarında durduğu zabitlərə güvənirdi. "Əzabkeş və qədim millət"in nümayəndəsi etnosuna xas xüsusiyyətlərdən "bəhrələnib" nifrət etdiyi kazarmadan qurtulmağa çalışırdı.

Çuğul, yaramaz "it oğlu"

O, nə etmirdi ki... "Ded" və "dembel"lərin mübhəm danışıqlarını, içib sərxoş olandan sonrakı etiraflarını dərhal komandirə çatdırır, gizirlərin anbarlardan oğurluqlarında "işçi qüvvə" funksiyasını yerinə yetirirdi.

Yeşikləri daşıyır, kərpic və armatur yükləyir, kisələri belinə alıb maşına aparır, gizir və zabitlər üçün kəndə qaçıb siqaret, içki alır, növbətçi zabitin çəkmələrini təmizləyirdi.

Naçar qaldığından "qoca" əsgərlərin də nökərçiliyini edirdi. Döşəkağlarını yırtıb "yaxalıq" tikir, qış papaqlarını ütüləyir, kəlbətinlə uzunboğaz çəkmələrə "dizayn" verir, gecələr "Lenin otağın"da bir küncdə oturub növbəti "dembel albomu"nu bəzəyir, yeməkxanaya çay və kərə yağı dalınca qaçırdı.

Belə yaşama nifrət edən David Tonoyan 1987-ci ilin aprelində rəngsaz olmaq qərarına gəldi. Nədən ki, rəngsazlar "stroybat"da xüsusi "təbəqə" sayılırdılar. Niyə də yox: onlar hərbi hissədən kənarda müxtəlif obyektlərdə işləyirdilər, kənd və şəhər küçələrində rahat gəzirdilər, həmişə pulları olurdu. Ən əsası isə kazarmada gecələməyə də bilərdilər.

Ən nəhayət, rəngsaz beton qarışdırmırdı, daş daşımırdı, binanın damında bitum döşəyib donmurdu, tikinti meydançasını təmizləyib süpürmürdü.

O dönəmdəki "stroybat" əsgəri üçün hərbi xidmət yox, az qala "cənnət"di rəngsazlıq.

Sınanmış çuğul və etibarlı xəyanətkar statusuna malik Tonoyan komandirə yalvardı, o da düşündü, daşındı, "keyfiyyətli" buyruq qulunu rəngsazlar bölməsinə yolladı. Özü də adi əsgər kimi yox - kiçik serjant kimi.

43109 saylı hərbi hissənin komandiri əmri də imzalamışdı.

David Tonoyan 15 əsgərdən ibarət rəngsazlar bölüyünün rəhbəri oldu.

Çoxsimalı, yalançı, xəbərçi bir adam nəhayət ki, rahat nəfəs aldı.

Hərbi hissələrdəki ermənilərin David Tonoyana nifrəti daha da artdı: onlar arasında bu adamı görəndə şapalaqlamayan, söyməyən kəs nadir tapılardı. Bəziləri isə ümumiyyətlə, "murdar"la salamlaşmırdı.

David Tonoyan da soydaşlarına nifrət edirdi: xidmət ərzində o, ermənilərdən uzaq durdu, erməni dilində danışmadı və ümumiyyətlə, ermənilərlə əlaqə saxlamağa çalışmadı.

"Nümunəvi serjant" kimi görünmək üçün o, məzuniyyətdən belə, boyun qaçırdı, valideynlərilə görüşmək istəmədi.

Silah və hərbi texnika ilə davranışa gəldikdə isə, David Tonoyanın fəxr edəcəyi bir məqam yox. İki illik hərbi xidmətində o, vur-tut bir dəfə (!) poliqonda olub və düz 3 dəfə avtomatdan boş güllə ilə atəş açıb.

Atışların nəticələri bərbaddı: hədəfi vurmamağı bir yana, Tonoyanın çiyni qundağın tərs təpməsindən sərpmiş, bir həftə göyərti yeri getməmişdi.

Və indi bu sabiq rəngsaz, xəbərçi, çuğul və yaramaz intriqan Ermənistanın Müdafiə Nazirliyinə başçılıq edir.

Əsgərlikdə əldə etdiyi bacarıqlar da deyəsən, David Tonoyanın karına gəlir.

Rəngsaz kimi o, erməni ordusundakı gerçək vəziyyəti malalayır. Ermənistan ordusundasa rüşvətxorluq, qanunsuzluq, dərəbəylik baş alıb getdiyindən ölkənin hərbi-müdafiə potensialı faciəli duruma düşüb və ermənilər bütün ümidlərini Rusiyanın ölkədəki hərbçilərinə, bir də Moskvanın himayəsi ilə müdafiəsinə bağlayıblar.

İntriqan kimi o, məqsədinə doğru qətiyyətlə addımlayıb, mənəviyyatın və sivil siyasətin bütün qaydalarını rədd edib.

Çuğul kimi o, həmişə ağalarına sədaqətlə, can-başla xidmət edib.

Lakin David Tonoyan yaponların bir müdrik kəlamını bilmir: "Ən bic meymun da bir gün ağacdan yıxılır".

///milli.az

XƏBƏR LENTİ