BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Fərid Şahbazlı leriklilərə müraciət etdi: “Deputatın qəbul günü” anlayışını birlikdə yox edəcəyik!

Fərid Şahbazlı leriklilərə müraciət etdi: “Deputatın qəbul günü” anlayışını birlikdə yox edəcəyik!
Seçki2020
12:54 18.01.2020
4891
78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı Lerik rayon sakinlərinə müraciət edib. Müraciəti təqdim edirik!

Əziz leriklilər!

Əziz həmyerlilərim!

Uzunömürlülər diyarının möhtərəm insanları!

Mən Şahbazlı Fərid Tahir oğlu 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakalavr pilləsində Odlar Yurdu Universitetinin Jurnalistika ixtisasını fərqlənmə diplomu ilə və magistr pilləsində isə Türkiyə Respublikasının İstanbul Aydın Universitetinin İctimaiyyətlə əlaqələr ixtisasını bitirmişəm.
Hələ məktəb illərindən aktiv ictimai fəaliyyətlə məşğulam. Orta təhsil aldığım məktəbdə Şagird Parlamentinin sədri, bakalavr təhsili aldığım universitetdə Tələbə Elmi Cəmiyyətinin sədri, magistr təhsili aldığı Türkiyə Respublikasında 107 ölkədən 4500 xarici tələbənin təhsil aldığı Beynəlxalq Tələbələr Birliyinin rəhbəri kimi fəaliyyət göstərmişəm.

Rəhbərlik etdiyim "İslahatçı Gənclər” İctimai Birliyinin xətii ilə 2005-2019-cu illərdə 600-dən artıq yerli və xarici layihə və tədbir reallaşdırmışıq.

Bir gənc olaraq Polşa, Avstriya, Bolqarıstan, Slovakiya, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Gürcüstan, Monteneqro, Şimali Kiprdə bir sıra nüfuzlu beynəlxalq təşkilatların keçirdiyi beynəlxalq tədbir və görüşlərə qatılaraq Azərbaycanı təmsil etmişəm.

Eyni zamanda aktiv jurnalistika fəaliyyəti ilə məşğulam. Qaynar.info Milli Xəbər Portalı və Editor.az İnformasiya Portallarına rəhbərlik etmişəm. Doğma vətənimiz Azərbaycanı, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə məqalə və müsahibələrim dəfələrlə Estoniya, Gürcüstan, Türkiyə, Pakistan, Əfqanıstan, Qazaxıstan, Ukrayna, Misir, Küveyt, Monteneqro, Latviya, Şimali Kipr Türk Respublikasının nüfuzlu televiziyaları, qəzetləri və informasiya portallarında yayımlanıb.

2018-2019-cu illərdə Polşanın paytaxtı Varşavada ATƏT-in 57 ölkədən diplomat və siyasətçilərin iştirak etdiyi İllik Zirvə Toplantısında bir neçə dəfə çıxış edərək, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan müxtəlif yerli və xarici təmsilçilərə cavab vermişəm.
Bundan başqa Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa edilməsi, Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə bu ölkənin Varşavadakı səfirliyi önündə etiraz aksiyasına rəhbərlik etmişəm.

2016-cı ildə Azərbaycanda keçirilən Ümümxalq səsverməsi-Referendumda "Vətəndaş Cəmiyyəti” Təşviqat Qrupunun 25 vəkilindən biri kimi MSK tərəfindən təsdiqlənib.

2017-ci ildən etibarən 45 ölkədən 90-dan artıq universitetin birləşdiyi beynəlxalq statuslu Avrasiya Universitetlər Birliyinin(EURAS) Gənc Səfiri kimi fəaliyyət göstərirəm.

2017-ci ildə Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə tərəfindən "İlin Gənci” Fəxri adına layiq görülmüşəm.

Əziz leriklilər!

Atam – tarix üzrə fəlsəfə doktoru, dosent Tahir Şahbazov Lerikin Aran kəndində anadan olmuş, orada boya-başa çatıb. Elə mənim də uşaqlıq illərimin mühüm bir səhifəsi Leriklə – Aran kəndi ilə sıx şəkildə bağlıdır. Bu gün Bakıda yaşasam da tez-tez ata yurduma baş çəkir, təşkilatımızın xətti ilə həyata keçirilən bir çox layihələri Lerikdə keçirir və bununla da dünya və ölkə ictimaiyyətin diqqətini rayonumuza cəlb etməyə çalışıram.

Dəfələrlə Lerikdə sakinlərin qarşılaşdığı müxtəlif sosial problemləri rəhbərlik etdiyim media qurumlarında işıqlandıraraq, həlli üçün az da olsa töhfə verməyə çalışmışam.

Beləliklə, bu gün mən bir lerikli, Sizin bir övladınız olaraq qarşınızda çıxış edir və Sizə müraciət edirəm.

Əziz həmyerlilərim!

Bildiyiniz kimi, 2020-ci ilin fevral ayının 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Cənab Prezident İlham Əliyevin "Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar” çağırışıdan güc alaraq və Siz- dəyərli leriklilərin etimadına güvənərək, Azərbaycanda 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarı vermişəm. Təbii olaraq, namizədliyimi məhz doğma rayonum olan 78 saylı Lerik seçki dairəsindən irəli sürmüşəm. Məqsədim leriklilərə xidmət etmək, onların qayğılarına və problemlərinin həllinə yardımçı olmaqdır.

Sirr deyil ki, Ulu tanrı bu bölgədən – doğma Lerikimizdən demək olar ki heç nəyi əsirgəməyib. Başı qarlı dağlar, zümrüd meşələr, bumbuz bulaqlar, bərəkətli torpaqlar böyük yaradanın sizlərə və bizlərə bir lütfi, misli görünməyən bir hədiyyəsidir. Son illər Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən islahatların nəticəsi kimi bizim də rayonumuzun siması xeyli dəyişmiş, sosial-iqtisadi cəhətdən xeyli inkişaf etmişdir. Yəni burada xoşbəxt yaşamaq, işləmək və yaratmaq üçün hər şey vardır.

Amma şübhəsiz ki, həyat davam edirsə, problemlər də həmişə var olacaqdır. Doğma Lerikimiz də bu problemlər, çətinliklərdən xali deyil.

Dövlətimiz tərəfindən görülən böyük işlərlə yanaşı, bugün rayonumuzun təhsil, səhiyyə, iş, yol, qaz, işıq, su ilə bağlı problemləri öz aktullığını qorumaqdadır.

Bütün bunlar bir lerikli olaraq məni çox narahat edir. Deputatlığa namizədliyimi irəli sürməyimin əsas səbəblərindən biri də məhz budur. İnanıram, Lerikdən ən gənc namizəd olaraq mənə etimad göstərəcək və rayonumuza, Sizə xidmət etmək üçün mandat verəcəksiniz.

Sizi əmin etmək istəyirəm ki, millət vəkili seçiləcəyim təqdirdə Sizin bütün problemlərinizin həlli üçün əlimdən gələn bütün addımları atacağam. Deputat olaraq, leriklilərlə dövlət qurumları arasında körpü rolunu oynayacaq, problemlərinizin ən ali tribunalarda həllinə çalışacağam.

Bir millət vəkili kimi, Sizin məni axtarmağınıza ehtiyac qalmayacaq. Mən Sizin olduğunuz hər yerdə-Xeyirdə də, şərdə də, xoş günlərinizdə də, çətinliklə qarşılaşdığınızda anlarda da Sizin yanı başınızda olacağam. "Deputatın qəbul günü” anlayışını birlikdə yox edəcəyik!

Bəli, bəlkə də, bir deputat kimi obyektiv və subyektiv səbəblərdən Sizin bütün problemlərinizi həll edə bilməyəcəyəm. Amma Sizi əmin edirəm: Sizə yalnız vəkil olmağa deyil, bir dost, həmdərd olmağa gəlirəm!

Lerikin inkişafı naminə həyata keçirmək arzusunda olduğum layihələri inşallah təbliğat-təşviqat kampaniyası dövründə sizinlə bölüşəcəyəm.

Hələlik isə hər birinizə ayrı-ayrılıqda təşəkkür edir və Lerikdə görüşmək ümidi ilə "hələlik” deyirəm!

Hörmətlə,
Fərid Şahbazlı Tahir oğlu

OXŞAR XƏBƏRLƏR