14:14 Cümə, 15 Noyabr 2019
MƏDƏNİYYƏT

Gənc Tamaşaçılar teatrının direktoru: “Bu onların öz səviyyəsini göstərir” - AÇIQLAMA

16:30, 07.01.20122774
Gənc Tamaşaçılar teatrının direktoru: “Bu onların öz səviyyəsini göstərir” - AÇIQLAMA

Mübariz Həmidov: “9 milyonluq xalqın gözü qarşısında bu cür məsələləri qabartmaq heç də doğru deyil”.

Ötən gün ANS-in efirində yayımlanan “Günə Baxan” verilişinin canlı efirində qalmaqal yaşanıb.

AZXEBER.COM portalının məlumatına görə, canlı efirdə təzəliklə işdən azad edilmiş xalq artisti Tariyel Qasımov və əməkdar artist Naibə Abdullayeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimovadan narazı olduqlarını söyləmişdilər.

Cənnət Səlimovanın teatrda ayrı-seçkilik yaratdığını deyən Tariyel Qasımov, köhnə aktyorlara ya dublyor veridiyini, ya da ümumiyyətlə rol verilməməsiyindən şikayət etdi: “Yeni gələn komanda gənclərdir. Maşallah, onlar 2-3 il işləyəndən sonra hamısı əməkdar artist olublar. Mən bütün adları SSRİ dövründə almışam. Amma 10 işləyəndən sonra əməkdar, onun üstündən 10 il keçəndən sonra da xalq artisti olmuşam”. Yaşına görə teatrdan uzaqlaşdırılan Tariyel Qasımov, aktyorlara laqeyd münasibətdən gileyləndi: “Bizi Heydər Əliyev ərköyün böyüdüb. Bizə diqqət-qayğı göstərib, təqaüd verib. İlham Əliyev isə təqaüdümüzü 500 manatdan qaldırıb 1000 elədi. Heç bir ölkədə belə şey yoxdur. 2005-ci ildə mənə həm ev, həm də təqaüd verildi. Bu təqaüdün müqabilində bundan sonra mən daha yaxşı işləməliyəm, daha yaxşı rollar oynamalıyam. Amma məni işdən çıxardılar. Əgər yaşla əlaqədardırsa, Cənnət Səlimovanın 75 var. Bəs o niyə işləyir? Üstəlik də Azərbaycan dilini bilmir.”

Xalq artisti son dövrlərdə teatrda aparılan islahatların onların teatrına mənfi təsir göstərdiyini söyləyir: “Hörmətli nazirimiz teatrlarda islahatlar apardı. Yeni direktorlar təyin etdi. Bizim teatrı direktoru gəncdir. O, teatra gələndə bizr sevindik ki, özü də aktyor olub. Aktyorları başa düşər. Mən işdən çıxanda özü də məəttəl qaldı ki, niyə görə belə oldu? İndi isə Naibə mənə deyir ki, Mübariz müəllim deyir ki, Tariyeli müqavilə əsasında dəvət edəcəyik. Yəni sözümü ona gətirmək istəyirəm ki, mən teatrda həmişə gənclərə imkan vermişəm. Biz vaxtilə teatra gələndə yadımdadır ki, Hüseynağa Sadıqov, Osman Hacıbəyov, Süleyman Ələsgərov kimi korifey sənətkarların 45 yaşları vardı. Səhnədə 17 yaşlı cavan gəncləri oynayırdılar. Biz onların yanında kütləvi səhnələrə çıxırdıq. Yəni onlara baxıb öyrənib bu səviyyəyə gəlmişik. İndi isə bizi işdən çıxarırlar. Bu gənclər kimlərə baxıb öyrənəcəklər? Bizim teatrda elə aktyorlar var, 45-50 yaşı var, əsə-əsə yeriyir. Amma mənim şükür Allaha 70 yaşım, amma elə deyiləm. Bundan başqa, bu yaxınlarda Moskva teatrı Bakıya gəlmişdi. Aktyor Vladimir Etuş 90 yaşında səhnəyə çıxdı və tamaşaçıları valeh etdi”.

Əməkdar artist Naibə Allahverdiyeva Akademik Milli Dram Teatrında baş verənlərin onların teatrları ilə müqayisəedilməz olduğunu dilə gətirdi. Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası hətta teatrdaxilində cinayət xarakterli insidentlərin baş verdiyindən söz açdı: “Necə olur ki, Rəfael müəlimə adi gecikdiyinə görə xəbərdarlıq edilir. Amma bizim teatrda Cənnət Səlimovanın yetişdirdiyi bir aktyor teatrın içində başqa bir aktyorun üstünə bıçaq çıxarır. Bəs bu necə olsun? Deməli, ayrı-seçkilik bundan başlayır. Cənnət Səlimova haray-həşirlə gəldi ki, onu çıxarma, bunu çıxarma. Özü ilə gətirdiyi aktyorlara havadar çıxır, bizi isə ayaqlayır”.

Bütün bu ittihamların ünvanı olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova səhəri gün “Günə Baxan”a gəldi. Dünənki verilişdən səslənən ittihamları, eləcədə proqramın aparıcısı İlqar Mikayıloğlunun suallarını dinləmək istəmədiyini qətiyyətlə bildirən Cənnət Səlimova sadəcə teatrdan danışmaq istədi: “Mən Rus Dram Tetrında 20 tamaşa qoymuşam. Gəlin bu barədə danışaq. Hansısa şayiələr və sairələr haqqında danışmaq istəmirəm. Mən teatrdan danışmaq istəyirəm, teatr ətrafında gedən şayiələrdən danışmayacam. Mən hamının xoşuna gələ bilmərəm. Məni sevən və sevməyən insanlar var. Kimlərsə məni ittiham edə bilər. Mən rejissoram, sizin qarşınızda tamaşalar qoyan rejissor var”.

Aparıcının “Axı sizin qoyduğunuz tamaşaların zəif olduğunu deyirlər?” sualına Cənnət Səlimovanın cavabı belə oldu: “Əgər siz mənim necə rejissor olduğumu müzakirə etmək istəyirsizsə, kassaya gedin. Əgər mən zəif tamaşalar qoyuramsa, niyə bu tamaşalar 15-20 il ərzində müvəffəqiyyətlə səhnəyə qoyulur? Hər kəsin öz fikri var. Amma əsas göstərici kassadır. O aktrisanın ( Naibə Abdullayevanı nəzərdə tutur) öz zövqü, təhsili, öz tərbiyəsi var. Mənimsə öz təhsilim, öz tərbiyəm, öz zövqüm”.

AZXEBER.COM portalı məsələnin ictimaiyyət üçün əhəmiyyətli olduğunu düşünərək, problemə aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidovun münasibətini öyrənib. Əməkdar artist teatrın daxili məsələlərinin ictimaiyyətə bu cür çatdırmağın heç də düzgün bir davranış olmadığını söyləyib: “Bunların hamısı teatrların daxili məsələləridir. Bir neçə şəxsin televiziyaya çıxıb teatrın daxili mətbəxi ilə bağlı əsassız ifadələr işlətməsi düzgün deyil. Bu həmin insanların öz səviyyəsini göstərir. Hesab edirəm ki, bu cür problemlər mətbuatda deyil, teatrların öz içərisində həll edilməlidir. 9 milyonluq xalqın gözü qarşısında bu cür məsələləri qabartmaq heç də doğru deyil”.

XƏBƏR LENTİ