07:26 çərşənbə, 19 Sentyabr 2018
SOSİAL

Gənclər Təşkilatlarından vəzifəyə gələn məmurlar - SİYAHI

15:53, 07.09.20186807
Gənclər Təşkilatlarından vəzifəyə gələn məmurlar - SİYAHI
Hər bir ölkənin gələcəyi onun gənclərindən, daha doğrusu gənclərin inkişafından asılıdır. Heç şübhəsiz bu gün yüksək vəzifə daşıyan məmurlar arasında vaxtilə müxtəlif gənclər təşkilatlarına rəhbərlik etmiş məmurlar da az deyil.
 
AZXEBER.COM bu məqalədə vəzifəyə gənclər sektorundan gəlmiş məmurlarla bağlı araşdırma aparıb.
 
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bir zamanlar ölkəmizin aktiv gənclərindən olub. O uzun müddət Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinə rəhbərlik edib.
Gənclər siyasətinin formalaşmasında, gənclərlə bağlı keçirilən ictimai müzakirələrdə, toplantılarda əsas təşkilatçılardan olan S.Novruzov eyni zamanda Azərbaycanın ilk gənc deputatlarından biri olub.
 
Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev diplomat kimi fəaliyyətə başlasa da, sonradan yolunu gənclər sektorundan salıb. Son təyinata qədər ölkəmizin ən böyük gənclər təşkilatlarından olan - İDEA İctimai Birliyinin icraçı direktoru olub.
 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektorunun müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev də gənclər sektorunda ən fəal gənclərdən olub. O 2000-2008-ci illərdə "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin, 2003-2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olub.


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov son illərə qədər gənclər sektorunun fəal simalarından olub. 2002-2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri olan F.Muradov az keçmir ki, 2002-2004-cü illərdə Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, 2004-2012-ci illərdə isə sədri işləyir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ötən əsrin sonlarında ölkəmizin ən fəal gənclərindən olub. 1993-1998-ci illərdə "Elitar" Gənclər Klubunun və "Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı" İctimai Birliyinin sədri olan A.Quliyev 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri vəzifəsini tutur.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimov da dövlət idarəçiliyinə gənclər sektorundan gəlib. Müxtəlif gənclər təşkilatlarında yüksək vəzifələr tutan gələcək məmur 1998-1999-cu illərdə Gənclər Təşkilatları Milli Şurasının sədr müavini olub.
 
Gənclər və idman nazirinin müavini İntiqam Babayev 90-cı illərdə gənclər sektorunda təmsil olunub. 1991-1994-ci illərdə "Tarixçi - tələbələrin Elmi Cəmiyyəti”nin İdarə Heyətinin üzvü olan gələcək nazir sonradan Bakı Gənclər Klubuna rəhbərlik edib. 1995-1998-ci illərdə onlarla gənclər təşkilatlarını öz sıralarında birləşdirən Gənclər Təşkilatları Milli Şurasının sədri olub.
 
Gənclər və idman nazirinin daha bir müavini Fərhad Hacıyev bu sahəyə gənclər sektorundan gəlib. Harvard Kennedi Məktəbinin məzunu olan F.Hacıyev 1998-1999-cu illərdə Gənclər Təşkilatları Milli Şurasında departament müdiri, 1999-2001-ci illərdə ARGTMŞ-in Məclis Sədri və baş katibi olub. Bir müddət Gənclər Fonduna rəhbərlik edib.
 
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu vəzifəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən gəlsə də, bir müddət gənclər sektorunda fəal olub. Azərbaycan həqiqətlərinin dünyaya yayılması ilə məşğul olan aparıcı gənclər təşkilatlarından biri - "Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin baş mütəxəssisi olub.
 
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov da yaxın tariximizin fəal gənclərindən olub. 2005-ci ildə əsası qoyulan "İRƏLİ” İctimai Birliyinin 6 təsisçisindən biri olub. "İRƏLİ”nin inkişafında misilsiz xidmətləri olan F.Məmmədov sonradan yolunu dövlət idarəçiliyindən salıb. Hazırda SAM-a rəhbərlik edir.
 
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov uzun müddət Bakı Dövlət Universiteti Tələbə Həmkarlar Komitəsinin sədri olub. O dövrdə gənclərlə bağlı keçirilən əksər tədbirlərdə fəallığı ilə seçilən gələcək rektor bir müddət Təhsil nazirinin müavini olur. Hazırda isə yüksək bal toölayan abituriyentlərin ən çox üz tutduğu elitar universitetlərdən biri - Bakı Ali Neft Məktəbinin rektorudur.
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, bir müddət bu ali məktəbə müvəqqəti rəhbərlik etmiş Eldar Aslanov da fəal gənclərdən olub. 1994-ci ildən Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri və dekabr 2006-cı ildən Beynəlxalq Mətbuat Klubunun Direktoru, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının komissiya sədri və Məclis sədri olub.
 
Odlar Yurdu Universitetinin prorektoru Ceyhun Osmanlı da fəal gənclərdən olub. O "İrəli" İctimai Birliyinin həmtəsisçisidir. 
 
Milli Məclisin deputatı Şahin İsmayılov 2008—2009-cu illərdə Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədri olub. 2009-cu ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ARGTMŞ) təsis qurultayında İttifaqın sədri seçilir. Bu müddətdə müxtəlif layihələrə rəhbərlik edən Ş.İsmayılov "İlin gənci” mükafatına layiq görülür. 
 
Azər Niftiyev,
AZXEBER.COM
XƏBƏR LENTİ