07:22 Cümə Axşamı, 14 Noyabr 2019
GƏNCLİK

Gənclər üçün vahid elektron platforma yaradıldı

15:34, 30.09.20194734
Gənclər üçün vahid elektron platforma yaradıldı
30 sentyabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən dövlət və özəl sektor, eləcə də beynəlxalq təşkilatların gənclər üçün təklif etdiyi imkanlar, xidmətlər, tədbir və layihələri barədə məlumatları özündə birləşdirən vahid informasiya portalının - "GəncApp” mobil tətbiqi və genc.az internet səhifəsinin təqdimatı keçirilib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan gəncliyinin hərtərəfli inkişafının dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir. Bu siyasətin bariz nümunəsidir ki, dövlət tərəfindən gənclərin keyfiyyətli təhsil və dayanıqlı məşğulluq ilə təmin olunması, onların şəxsi inkişaf və asudə vaxtının səmərəli təşkili, beynəlxalq təmsilçiliyinin artırılması, sağlamlığının mühafizəsi və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi yetişmələri üçün geniş imkanlar yaradılıb.

Bu xüsusda, "GəncApp” mobil tətbiqinin məqsədi gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, layihələr və təşəbbüslər barədə ən son xəbərlər, eləcə də mövcud dövlət dəstəyi mexanizmləri və xidmətləri barədə ətraflı məlumatların gənclərə vahid mərkəzləşdirilmiş elektron formada effektiv şəkildə çatdırılması, eyni zamanda, gənclərə tətbiq üzərindən bu xidmətlərdən yararlanmaq imkanı tanımaqdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin rəhbəri Tural Kərimli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadə müxtəlif sahələrdə dövlət tərəfindən gənclər üçün yaradılan imkanlar barədə məlumat verib və "GəncApp” portalının bu imkanların gənclərə çatdırılmasınını əhəmiyyətindən danışıblar.

Daha sonra "GəncApp” mobil tətbiqinin təqdimat videoçarxı nümayiş etdirilib. Tətbiq ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər, düşərgələr, mübadilə proqramları və layihələr barədə məlumat əldə etmək və onlara qoşulmaq imkanı təklif edir. Bununla yanaşı, istifadəçilər müxtəlif yerli və xarici qurumların təqaüd proqramları, xaricdə təhsil və təcrübə təklifləri, qrant müsabiqələri və digər elanları barədə "GəncApp” vasitəsilə xəbər tutacaq və tətbiqdən istifadə etməklə bu imkanlardan yararlana biləcəklər.

Son illərdə ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatında gənclərin iştirak imkanı da tədbiqdə nəzərə alınmışdır. Belə ki, "GəncApp” könüllük hərəkatlarının tədbir və layihələri barədə məlumat təqdim etməklə yanaşı, gənclərə maraq dairəsinə uyğun könüllülər hərəkatına üzv olmaq, öz həmfikirləri ilə sosiallaşmaq, ictmai faydalı işlərə cəlb olunmaq və bilik və bacarıqlarını artırmaq imkanı da təklif edir.

"GəncApp” -ın təklif etdiyi interaktiv xəritə funksiyası Bakıda və regionlarda yerləşən Heydər Əliyev Mərkəzləri, gənclər evləri, karyera inkişaf mərkəzləri, gənclər təşkilatları, kitabxanalar, teatr, kino mərkəzləri, milli parklar, olimpiya komplekslərini daha da əlçatan edir.

Tətbiqin üstünlüklərindən biri də ödənişsiz CV generator funksiyasıdır ki, bu funksiya sayəsində gənc öz CV-ni düzgün formada yaradaraq istifadə etmək, həmçinin, tətbiqdə xüsusi bölmədə göstərilən vakansiyalara göndərmək imkanına sahib olacaq. Yeni mobil tətbiq şəxsi kabinetdən fəaliyyət tarixçəsini izləməklə yanaşı, dövlət qurumları və şirkətlərlə interaktiv təmas şansı təqdim edir. Mobil tətbiqin 3 dildə - azərbaycan, rus və ingilis dillərində fəaliyyəti nəzərdə tutulub.

"GəncApp” tətbiqinin yaradılması cənab Prezident İlham Əliyevin ölkə gəncliyinə xüsusi qayğısının, onların qarşılaşdığı çağırışların həllinə dəstəyinin növbəti nümunəsi, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması və vətəndaşlara daha da yaxınlaşdırılmasının təzahürüdür.

GəncApp – gələcəyinizi düşünən mobil tətbiq!

 

 

 

 


XƏBƏR LENTİ