17:45 çərşənbə, 12 Dekabr 2018
KRİMİNAL

Generalın qohumu barəsində cinayət işi başlandı

20:38, 13.11.20185453
Generalın qohumu barəsində cinayət işi başlandı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AZXEBER.COM report.az-a istinadən xəbər verir ki hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin oğlu Fərid Talıbov ifadə verib.

O bildirib ki, cinayət işində zərərçəkmiş qismində tanın Amid Hüseynovun qardaşı ilə sinif yoldaşı olub: "Onları uşaqlıq vaxtdan tanıyıram. 2008-ci ildə mənə torpaqları olduğunu, ona sənəd almaq lazım olduğunu dedi. Mən də bu barədə atama müraciət etdim. Atam həmin vaxt dövlət işində çalışırdı, razılaşdı. Sonra Amid atama 6 min dollar pul verdi. İş alınmadı, atam pulu geri qaytardı, lakin o, yalnız 500 dolları götürdü. Amid bildirdi ki, "pul evdə qalsa xərclənəcək". Bir müddət keçəndən sonra Amidin atası qəza törədib, həbs edildi. Atam onun yanına gedib-gəldi. Biz bu barədə sorğu da vermişik, atam onun yanına düz 52, ya 53 dəfə gedib".

F.Talıbov qeyd edib ki, onun da barəsində cinayət işi başlanılıb: "Guya mən Amidə özümü Nizami Rayon Prokurorluğunun əməkdaşı kimi təqdim etmişəm. Belə şey olmayıb. Buna görə də barəmdə cinayət işi başlanılıb və ibtidai istintaq yekunlaşıb, hazırda Nizami Rayon Məhkəməsində baxılır".

Daha sonra o, təqsirləndirilən şəxsin vəkilinin suallarını cavablandırıb. Deyib ki, bu cinayət işi üzrə təqsirli bililən və ayrıca icraata ayrılıb, Xətai Rayon Məhkəməsində hökm çıxarılmış Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri Elçin Qurbanov onun dayıdır: "Dayımın heç bir günahı yoxdur. O, Amiddən pul almayıb".

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

İttiham aktına əsasən, M.Talıbov qonşusunun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.

Xatırladaq ki, Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri Elçin Qurbanov dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilib və Xətai Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XƏBƏR LENTİ