23:56 Bazar Ertəsi, 15 Iyul 2019
SİYASƏT

Güclü prezident, ona arxa duran güclü xalq – Azərbaycan prezidenti niyə uğur qazanır

10:28, 11.04.20193648
Güclü prezident, ona arxa duran güclü xalq – Azərbaycan prezidenti niyə uğur qazanır

Səbuhi Məmmədli
 
…Əslində, gözlənilən idi, heç kim zərrə qədər tərəddüd də etmirdi.

...Əslində, zamanın tələbiydi. Hə, bu dəfə 7 illik müddətə seçiləcəkdi.

Çünki Azərbaycan Respublikasının Prezidentinin fəaliyyət dövrünün Referendum Aktında 5 il əvəzinə 7 il müddətində nəzərdə tutulmasına dair dəyişikliklər zərurət idi.

Çünki nəinki ölkəmiz üçün, həm də region, ümumiyyətlə dünya üçün əhəmiyyətli olan bu möhtəşəm və inanılmaz layihələrin həyata keçirilməsi baxımından təklif edilən 7 illik prezidentlik müddəti daha geniş perspektivlər vəd edirdi.

Əslində, 11 aprel prezident seçkiləri təkcə Azərbaycanda demokratiyanın təntənəsi deyildi. Bu, son 15 ildə aparılan uğurlu siyasətin məntiqi sonuncu idi. Və davamı gəlməliydi. Gəldi də. Gəlir də. Gələcək də...

Biliisinizmi, cənab Prezident niyə böyük səs fərqi ilə qalib gəlib həmişə? Hə, mübahisəsiz, ölkə insanı prezidentin xoşbəxt gələcəyin böyük qarantı olduğuna ürəkdən inanırdı. Bu inam idi, həmin gün xalqı seçki məntəqələrinə aparan.

Hə, Azərbaycan xalqı 7 il müddətinə öz prezidentini seçdi. Bu 7 ilin bir ili isə artıq arxada qalıb. Elə təkcə bu bir il sübut etdi ki, xalq-prezident vəhdəti necə sarsılmazdı, qarşılıqlı inam və etibardan doğan dəmir məntiqdir.

"Gələcəyə baxmalıyıq”

Yadınızdadırsa, seçkidən bir həftə sonra, aprelin 18-də prezident andiçmə mərasimindəki çıxışında sanki gələcək 7 ilin tezislərini bəyan etdi: "Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik”.

Prezident qarşıda hansı hədəflərin olduğunu gözəl bilirdi.

Prezident bu hədəflərə çatmağın yollarını da gözəl bilirdi.

Prezident elə məhz bu əminlikdən dolayı haqlı olaraq deyirdi:"Biz daha da irəli getməliyik. Biz dərin milli-mənəvi köklər üzərində güclü

dövlət qurmuşuq. Ancaq bu o demək deyil ki, əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik”.

Və irəliyə doğru növbəti bir yol başladı

Uğurla keçirilən sosial-iqtisadi islahatlar, hakimiyyətlə vətəndaş arasında səmimi dialoq, məhkəmə-hüqüq sistemiylə bağlı verilmiş olduqca vacib fərman, xarici siyasətdəki uğurlar…saymaqla bitməz Azərbaycan prezidentin son 12 aydakı fəaliyyətindəki məqamlar.

Son 12 ayın hər ayı Azərbaycan tarixini araşdıranlar üçün geniş araşdırma mövzu ola bilər nə vaxtsa.

Təsəvvür edin, çox yox, ay yarım sonra mayın 29-da prezident İlham Əliyev Cənub Qaz dəhlizinin açılışını edir. Bütün dünyanın gözü Azərbaycandadır. Dəyəri 40 mlrd. ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Yerigəlmişkən, elə ötən ilin oktyabrında bu çərçivədə Türkiyədə "Star” neft emalı zavodu istifadəyə verildi. Bu, qardaş ölkəyə qoyulmuş ən böyük investisiya layihəsi idi.

Ötən bir il ərzində dördüncü Dövlət Proqramı qəbul edildi. Regionların sosial-iqtisadi durumunun yaxşılaşdırılması, həmçinin infrastruktur layihələri ilə bağlı neçə-neçə sərəncam imzalandı. Bir il ərzində president ölkəsini qarış-qarış gəzdi. 30-a yaxın rayona səfər etdi. İnsanlarların problemlərini onların öz dilindən eşitdi.

İndi rəqəmlər danışacaq. Fikir verin, dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5 faizə enib. Təkcə ötən il 118 min yeni iş yeri yaradılıb.

Son 15 ildə əhalimizin sayı 1,6 milyon nəfər artıb. Və nəhayət, bir neçə gün əvvəl 10 milyonuncu sakinimiz dünyaya gəlib. Daha bir maraqlı fakt: Azərbaycanın son 1 ildə dövlət büdcəsinin artımı 2.8 milyard dollardır. İşğalçı Ermənistanın illik büdcəsi 2.8 milyard dollardır. Yəni başqa izaha ehtiyac yoxdur məncə.

Ölkədə sosial siyasət vətəndaşlarının sosial müdafiəsinin təminatı əsas prioritet mövzulardandır. Bu il minimum əməkhaqqı 130 manatdan 180 manata, minimum pensiyaların məbləği 116 manatdan 160 manata çatdırıldı.

Cənab Prezidentin şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə daim diqqət və qayğısı da danılmazdır. Prezident həmişə olduğu kimi yenə də sübut etdi ki, o, hər bir şəhid ailəsinin yanındadır, onun dayağıdır.

Prezidentin 11 aprel seçkilərindən sonra imzaladığı ilk fərman şəhid ailələrinə birdəfəlik 11 min manat məbləğində kompensasiyanın verilməsi ilə bağlı oldu. Növbəti fərmanla şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələri üçün nəzərdə tutulan müavinət 220 min manatdan 300 manata çatdırıldı. Şəhid ailələrinə ödənilməsi ilə bağlı kompensasiyalarla bağlı manipulyasiya edən bəzi çevrələrə isə prezident qəti yerlərini göstərdi. Dövlət hər bir şəhidinə yiyə durmağı bacarır. Onun həmin ailələrə görüşə gəlməsi, oradakı kövrək anlar hələ uzun müddət yaddaşlardan silinməyəcək.

Çox uzağa getməyək, bir qədər əvvəl Şamaxıda və Ağsuda zəlzələ zamanı Prezidentin birbaşa hadisə yerinə gedib sakinlərlə görüşməsi, onların probleminin şəxsən öz dillərindən eşitməsi, bu və ya digər məqmalarla bağlı şikayət məktublarını şəxsən özü qəbul etməsi, onun atdığı hər addımla ölkə vətəndaşının yanında olduğunu təsdiqləyir. "Diqlas” ticarət mərkəzində zərərçəkən sahibkarlara yardım ayrılması barədə sərəncam da elə bu qəbildəndir.

Cənab Prezident bütün çıxışlarında qeyd edir ki, onun üçün əsas amil, onun apardığı siyasətin əsas məqsədi vətəndaşdır, onun hüqüqlarıdır. Bu sıradan əməkhaqqı və pensiyaların, təqaüdlərin, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı sərəncamların imzalanması ölkə vətəndaşlarınının böyük sevincinə səbəb oldu. Ölkə vətəndaşı bir şeyə bir daha əmin oldu:

Dövlət baba onun yanındadır,

Prezident onun arxasındadır!.

Bu günlərdə Prezident Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün istifadəyə verilən yeni yaşayış kompleksinin açılışında iştirak etdi. Yeri gəlmişkən, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir.

Son bir ildə xarici siyasətdə sahəsində də uğurlar ard-arda gəldi. Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan "Tərəfdaşlığın prioritetləri” adlı sənədi, həmçinin

Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində ölkəmizdə olaraq reallıqlarımızı yüksək dəyərləndirməsini, ən əsası Azərbaycanı ənənələri olan ölkə kimi təqdir etməsini xüsusi qeyd olunmalıdır. Azərbaycanla Avropa İttifaqı, həmçinin quruma üzv olan ölkələrlə əməkdaşlığın yüksələn xətlə inkişafı xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyin ortaya qoyulmasında əhəmiyyətli rol oynayır.

Ötən ay 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumunda dövlətimizin başçısı Azərbaycanın xarici siyasətinin prioritetlərini və dəyişməz olan mövqeyimizi bir daha diqqətə çatdırdı.

Son bir ilin uğurları sırasında Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasını qeyd etməliyik. Bu Konvensiyanın imalanmasında və danışıqların müsbət sonluqla başa çatmasında Azərbaycanın, onun Prezidentinin rolu inkaredilməzdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqarda Ermənistanın yeni baş naziri Nikol Paşinyan fəaliyyətə başladığı ilk gündən münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində tərəf kimi separatçı rejimin iştirakının vacibliyini iddia edirdi. Amma dövlətimizin sərt reaksiyası, bu iddianın nə qədər yersiz olduğunu Ermənistan tərəfinə çatdırdı. Ölkə Prezidentinin bu günlərdə Vyanada Paşinyanla görüşündə də danışıqlar formatının dəyişməzliyini nümayiş etdirdi.

Bu gün Azərbaycan regionun sabitlik, dinclik adasıdır. Məhz həm də bu səbəbdən ölkəyə turist axını güclənir, ASAN viza sistemi tətbiq olunub. İnsanlar dincəlmək üçün məhz Azərbaycanı seçirlər.

İctimai münasibətlər sisteminin qanuna müvafiq qaydada tənzimlənməsində, insan və vətəndaş hüquq və azadlıqlarının təminatında mühüm rol oynayan məhkəmə hakimiyyətində kompleks islahatların həyata keçirilməsi Prezident İlham Əliyevin daim xüsusi diqqət mərkəzində olub. Dövlət başçısı hər zaman bu sistemdə şəffaflığın yaradılması, bəzi arzuolunmaz halların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” da islahatların mühüm istiqamətlərindən biriydi.

Prezident haqlı olaraq qeyd edirdi ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir."Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır”.

Fərmandan da göründüyü kimi, cənab Prezident ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə ölkənin bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiya və qanunlarda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Fərmanda, həmçinin ədalət mühakiməsinin əlçatanlığının və şəffaflığının daha da artırılması məqsədilə "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması da qarşıya qoyulan tələblərdən biridir.

***

İslahatlar dayanmayacaq. Bunu cənab Prezident də çıxışlarında dönə-dönə deyir. Təsadüfi deyil ki, Dünya Bankı tərəfindən açıqlanan "Doing Business 2019” hesabatında Azərbaycan Planetimizin 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Prezidentin cəmiyyətdəki nüfuzu Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələrində öz əksini tapıb.

"Opinion Way” qeyd edir ki, respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. "Prezident

İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1%-i bütövlükdə müsbət cavab verib.

"Opinion Way”in "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5%-i bütövlükdə müsbət cavab verib.

"Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85%-nin səsini qazana bilər”, - deyə "Opinion Way”də hesab edirlər.

...7 ilin 1 ili keçib hələ Prezidentin açıqladığı tezislərdən. Necə demişdi Prezidentimiz? Hə, belə: "Azərbaycanı güclü dövlətə çevirəcəyik”.

Azərbaycan güclü dövlətə çevriləcək. Cünki onun güclü Prezidenti və ona güc verən arxalandığı, arxasında durduğu böyük xalqı var. Bundan böyük gücü necə təsəvvür etmək olar?

XƏBƏR LENTİ