19:13 Bazar Günü, 16 Iyun 2019
SOSİAL

Gürcüstanda qəzada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

22:46, 09.01.20194747
Gürcüstanda qəzada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşınının törətdiyi qəza nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfirinin konsulluq məsələləri üzrə birinci katibi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə hadisə ilə bağlı səfirlik nümayəndələri araşdırma aparıb, hadisə yerində olublar: "Şəxsən özüm hadisə yerində olub, xəsarət alanlarla görüşmüşəm. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır. Yəni Azərbayca əsilli Gürcüstan vətəndaşlarıdır. Dünyasını dəyişən şəxs Bolnisi rayon sakinidir. Mərhumun dəfn mərasimi sabah olacaq. Yaralananlar isə Bolnisi və Marneuli rayon sakinləridir. Mətbuatda həmin şəxslərin Azərbaycan vətəndaşları olması barədə yanlış məlumat verilib. Hadisə ilə bağlı bütün məsələlər nəzarətimizdədir. Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində oldum və məsələ ilə Azərbaycan tərəfinin maraqlandığını bildirdim. Biz hadisəni törədən şəxsin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını diqqətdə saxlayacağıq”.

E.Məmmədov bildirib ki, hadisə təcili tibbi yardım avtomobilinin sürücüsünün yuxulu olması nəticəsində baş verib: "11 nəfər Azərbaycan əsilli Gürcüstan vətəndaşı bu gün səhər saat 07: 50-də işlədikləri tikinti şirkətinə daxil olarkən təcili yardım avtomobilinin sürücüsü sükan arxasında yatdığından avtomobili həmin şəxslərin üstünə sürüb. Hadisə nəticəsində 1 soydaşımız dünyasını dəyişib, 10 nəfər ağır xəsarət alıb”.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

 
XƏBƏR LENTİ