21:43 Bazar Günü, 17 Dekabr 2017
MÜSAHİBƏ

Gövhər Həsənzadə: "Bu gün efirə çıxmaq asandır və hər şey maliyyə ilə həll olunur" - MÜSAHİBƏ

13:41, 25.04.20172294
Gövhər Həsənzadə:
Məşhur bəstəkar Gövhər Həsənzadə AZXEBER.COM-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
 
- Son illər yazılan mahnılar hit olmur. Müğənnilər də səbəb kimi "indi yaxşı bəstəkar yoxdur" deyirlər...
- Biz həmişə belə dalğaları yaşamışıq. Bir az şərait yaratmaq lazım idi ki, hər kəs öz yaradıcılığını və istedadını göstərsin. Yaradıcılıqda heç kəsə sədd qoymaq olmaz. Bax biz bu gün o azadlığı gənclərə verdiyimiz üçün belə fikirlər yaranır. 
 
- Mahnılarınız dillər əzbəridir. Amma son illər kənara çəkilmisiz. Bu nə ilə bağlıdır?
- Mən öz tərbiyəmə görə bir az kənara çəkildim. Çox istedadlı gənclərimiz var, qoy onlar yaradıcılıqda rahat olsunlar. Çox əfsuslar olsun ki, bundan sui-istifadə edən bəzi efirlər reytinq naminə bunu düzgün qəbul etmədilər. Peşəkarlaşdırmağın əvəzinə elə necə var yəni çiy vəziyyətdə tamaşaçıya təqdim etdilər.
 
- Sui-istifadə deyərkən nəyi nəzərdə tutursuz?
- Mən bu gün də mahnı yazanda özümə müəllim bildiyim adamlardan Faiq Sücəddinov, Mübariz Tağıyev, Eldar Mansurov kimi sənətkarların fikrini öyrənirəm. Hər kəsin peşəkar fikrini dinləyib, nəsə qəbul olunmayanda onu dəyişirəm. Mən bu gün də öyrənirəm. Əgər sənə azadlıq veriblərsə, sən mükəmməlsən deyə düşünə bilməzsən. Bu gün efirə çıxmaq asandır və hər şey maliyyə ilə həll olunur. 30 ildən artıqdır ki, bu sənətdəyəm. Kiməsə mahnını utana-utana göstərirəm. Birdən nəyisə bəyənməz və deyərlər ki, Gövhər tükəndi. Hər gün bu məqamları düşünürəm.
 
- Deyirsiz gənclər arasında qeyri-peşəkar olanlar var. Bəs siz onlara dəstək olursuz?
- Gənc kim olursa olsun bir azərbaycanlı kimi dəstək oluram. Biz onların qeyri–peşəkarlığını bəyənməyə bilərik. Onların üzərində işləyib, daha da irəli aparmaq olar. Ancaq bəzi gənclər öyrənməkdən çox, öyrətməyə meyllidir. 
 
- Bəzən müğənnilər mahnıların qiymətinin baha olmasından gileylənirlər. Deyilənə görə sizin mahnılar da bahadır...
- 15 il bundan əvvəl də, indi də məndə qiymətlər baha olub. Mən mahnını satmaq üçün yazmıram. Hansısa müğənniyə "hə 5 min ver, götür apar" demirəm. Məcazi mənada mahnı hazır olana kimi qanını içirəm. Onun aranjmanın kimin edəcəyini belə əvvəlcədən düşünürəm. Deyirəm ki, mahnının bu hissəsində qaval olmalıdır, mahnının "sividenya"sı Türkiyədə olunmalıdır. Bunlar hamısı maliyyə tələb edir və ona görə də hər müğənni mənimlə işləyə bilmir. 
 
- Çox istərdik ki, baha deyilən mahnının qiymətin açıqlayasız...
- Bir mahnımın ərsəyə gəlməsi üçün ən 7 min manat lazımdır.

- Sizdən mahnı istəyib ancaq sizin vermədiyiniz müğənni olub?
- Kim qapımı döyüb mahnı istəyir, deyirəm gəl görək nə edirik. Yox həyatı boyu olmayıb. Bu günə qədər 120 mahnım oxunub, qalanları qalıb.
 
Nazim Qasımzadə, 
AZXEBER.COM
0
XƏBƏR LENTİ