19:47 çərşənbə, 24 Aprel 2019
SOSİAL

Hökumət sosial siyasətini gücləndirir - Təhlil

11:33, 11.02.20192583
Hökumət sosial siyasətini gücləndirir - Təhlil
Qadir İbrahimli 
 
Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda minimum əmək haqqı 38,5 faiz artırılaraq 180 manata çatıb. Bununla Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq minimum əməkhaqqı ilə yaşayış minimumu eyniləşdirildi. Adətən minimum əmək haqqı yaşayış minimumundan geri qalırdı. Prezidentin son sərəncamına qədər minimum əmək haqqı yaşayış minimumunun 72 faizini təşkil edirdi.

Minimum əmək haqqı dövlətin əlində özəl sektorda məvacibləri tənzimləyə biləcək yeganə mexanizmdir. Əmək qanunvericiliyinə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq heç kəs öz işçisnə bu məbləğdən aşağı maaş verə bilməz. Təxmini hesablamalara görə, minimum əmək haqqının artımı 600 minə yaxın insanın maaşına təsir göstərəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. 
Prezidentin başqa bir sərəncamı ilə, bütün növ əmək pensiyalarının sığorta hissəsi artıtılıb. Tendensiyaların təhlili göstərir ki, hökumətin sosial siyasətini daha da gücləndirir və insan amilinə daha çox üstünlük verir. Prezidentin şəhid ailələrinə sığorta pulunun verilməsi ilə bağlı sərəncamına da bu konteksdən yanaşmaq lazımdır.

2015-2016-cı ildə baş vermiş 122 faizlik devalvasiyanın fəsadları hələ tam aradan qaldırılmayıb. Bu fəsadlar daha çox aztəminatlı təbəqəbənin dolanışığına mənfi təsirlərini göstərir. Hökumət fəsadları neytrallaşdırmaq üçün qərarlar qəbul edir – məcburi köçkünlərin mənzillə təmin olunmasından tutmuş sosial infrastrukturun yenidən qurulmasına qədər.

Bundan başqa, prezidentin ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi yaradılması haqda sərəncamı da əhəmiyyətli amildi.

Sosial sektorda beyin mərkəzinin yaradılması və müstəqil tədqiqatlar, sorğular aparılması çox vacibdir. Çünki sosial sektorda real vəziyyəti hərtərəfli öyrənmədən effekti sosial siyasət yürütmək çətindir. Bütün bunlar göstərir ki, hökumət sosial problemlərin həllinə daha çox diqqət yetirir və bu tendensiya getdikcə güclənir.
XƏBƏR LENTİ