05:08 Bazar Günü, 18 Avqust 2019
SİYASƏT

Milli Şuranın mitinqi ilə bağlı gizli plan – kamera izləməsi, təqib, cəza...

12:57, 16.01.20198203
Milli Şuranın mitinqi ilə bağlı gizli plan – kamera izləməsi, təqib, cəza...

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirilməsi ilə bağlı müraciətinə cavab verib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumata görə, İH "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla yanvarın 19-da 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib. Toplantı təşkilatçılarından xahiş olunub ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər. 

AZXEBER.COM xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə, Milli Şuranın mitinqinə icazə verilsə də, müxalifətin olan-qalan azsaylı elektoratını daha da zəiflətmək üçün bu aksiyada iştirak edəcək vətəndaşlar xüsusi diqqətdə olacaqlar. Xəbərə görə, artıq indidən aksiya keçiriləcək əraziyə xüsusi izləmə kameraları quraşdırılır. Bununla yanaşı, mitinq günü aksiya iştirakçılarını hətta bir-bir foto və videoya çəkmək üçün xüsusi çəkiliş qrupları hazırlanır.

Məqsəd isə Milli Şuranın mitinqinə qatılan şəxsləri aksiyadan dərhal sonra tapıb, müvafiq qaydada cəzalandırmaq, dövlət qulluğunda, müxtəlif şirkətlərdə çalışan, ali məktəblərdə təhsil alan yaxınlarına təzyiqlər göstərmək, onları da işdən azad etməkdir. Hətta sosial şəbəkələrdə mitinqlə bağlı təbliğati çağırışlar edən şəxslərin də cəzalandırılacağı, inzibati həbs ediləcəkləri də gələn xəbərlər sırasındadır. Qeyd edək ki, sosial şəbəkələrdə müxtəlif çağırışlar edən şəxslərin cəzalandırılması üçün də son illərdə hüquqi mexanizmlər yaradılıb.


Bu, hökumətin yeni taktikası deyil. Xatırlayırsınızsa, Milli Şuranın 2017-ci, 2018-ci illərdə keçirilən mitinqləri zamanı da eyni taktikadan istifadə edilmişdi. 

Belə ki, iqtidar Milli Şuranın mitinqlərində iştirak edən büdcə təşkilatlarında çalışanlara, tələbələrə, tibb personalına və müəllimlərə qarşı cəza tədbirləri həyata keçirmişdi. Bununla bağlı o zamanlar müsavat.com-a onlara şəxs şikayət etmişdi. Şikayətlərdə bildirilirdi ki, mitinqdə iştirakları müxtəlif yollarla fiksə edilib, bundan sonra isə özləri və yaxınlarına təzyiqlər göstərilməyə başlayıb. Məlumatlarda qeyd edilirdi ki, özlərinin və yaxınlarının çalışdıqları, təhsil aldıqları qurumun rəhbərliyə onların mitinqdə iştirakını təsdiq edən foto və video sübutlar təqdim olunub. Bunun əsasında da Milli Şuranın mitinqinə qatılan vətəndaşlara qarşı iş və təhsil yerlərində təzyiq və cəza tədbirləri görülüb. Onlarla şəxs bu səbəbdən işdən azad edilmişdi.

 

 


Hətta özəl şirkətlərdə çalışanlar da işsiz qalmışdılar. Bəllidir ki, Azərbaycanda əksər özəl şirkətlər bu və ya digər şəkildə iqtidara bağlıdır. O səbəbdən özəl təşkilatlarda çalışanlar da mitinqdə iştirakından sonra çalışdıqları şirkətdən kənarlaşdırılıblar.

Musavat.com-a daxil olan xəbərdə o da qeyd edilir ki, hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəsin artıq siyahılaşdırılması aparılır.

 

 


Qeyd edilən bütün bu tədbirlər ona hesablanıb ki, mitinqdən dərhal sonra aksiyada iştirak edən şəxslər sərt cəzalandırılsınlar. 
Məsələ ondadır ki, xüsusi üztanıma proqramları ilə təchiz edilmiş kameralarla və digər üsullarla mitinqə qatılanların hamısını fiksə etmək mümkündür. Əvvəla o səbəbdən ki, təcrübə Milli Şuranın mitinqlərinə maksimum 1000-1500 adamın qatıldığını göstərir, onları da bir-bir təsbit etmək çətin məsələ deyil. Hətta iştirakçılar 3-4 min nəfər olsalar belə, bir neçə qrupun apardığı çəkilişlər, habelə onlarla saytlarda dərc olunacaq şəkillərdən, eyni zamanda meydan ətrafında, - giriş çıxışlarda quraşdırılan kameralarla onları tanımaq, tapmaq cəmi 1-2 saatın işidir...

 

Musavat.com ötənlərdə Milli Şuranın hələ 2017-ci ilin aprelində keçirilən mitinqində iştirak etdikdən sonra işdən azad edilən bir neçə şəxsin kimliyini də öyrənmişdi:

1. Vasif Alışlı, Saatlı rayonu Qaranuru kənd ümumi orta məktəbində müəllim
2. Səmid Məmmədov, Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə müəllim
3. Salam Mahmudov, Göyçay rayon Ləkçılpaq 2 saylı kənd orta məktəbində müəllim
4. Mahir Qocayev, Yuxarı Şirvan Kanal İstismar İdarəsində mühəndis hidrotexnik
5. Əli Abdullayev, Ağdaş Magistral Qaz kəmərləri istismarı sahəsində fəhlə...


 

Görünür, hakimiyyət indiki zəif durumda olan müxalifəti tamamən gücsüz, hətta bir neçə min elektoratı olmasına da razı deyil, bu səbəbdən ənənəvi təzyiq və təqib kampaniyalarını 19 yanvar mitinqindən sonra tətbiq etmək, güzəştsiz davranmaq, mitinqə qoşulan büdcə çalışanlarını, kiçik sahibkarlıqla məşğul olanları, tələbələri, müəllim və tibb personalını da cəzalandırmaqda qərarlıdır. Bundan həm də digərlərinin "gözü çıxmış qardaş”dan nəticə çıxarması kimi yararlanılır. 

XƏBƏR LENTİ