02:37 Cümə Axşamı, 18 Iyul 2019
SOSİAL

Hüseyn Abdullayev məhkəmədə ağladı

17:02, 25.04.20193318
Hüseyn Abdullayev məhkəmədə ağladı

Sabiq deputat və iş adamı Hüseyn Abdullayev bugünkü məhkəmə iclasında ilk dəfə ifadə verib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, daha öncəki iclaslarda ifadə verməkdən imtina edən H.Abdullayev bir neçə şahid dindiriləndən sonra israrla ifadə vermək istədiyini bildirib.

Hüseyn Abdullayev ifadəsinə məhkəməni və proses iştirakçılarını salamlamaqla başlayıb: "Cənab hakim, xahiş edirəm mənim ifadəm sözbəsöz protokola yazılsın. Dediklərimin hamısını yazın. Mən 2018-ci ci il aprelin 21-də Türkiyədə qanunsuz saxlanılarkən BMT-nin Cenevre Konvensiyası pozulub. Cənab prokuror, mən başa düşmürəm, metal, pul məsələləri ilə bağlı ittiham hardan gəlir. Mən 2000-2018-ci illər ərzində metal biznesi ilə məşğul olmamışam. Mən qanuni yollarla 1991-1998-ci illərdə Ukraynada metal biznesi ilə məşğul olmuşam, oradan əlvan və qara metalı başqa ölkələrə ixrac etmişəm. 1991-ci ildə Culfa keçid məntəqəsi açılandan sonra İranla geniş ticarət əlaqələri qurmuşam. 1992-ci ildə Naxçıvan ağır blokadada olanda İnkişaf və Müdafiə Fondunun əsas sponsorlarından biri olmuşam. Əsgərləri geyim və ərzaqla təmin etmişəm. Ölkənin  ilk rəsmi milyonçularından biri olmuşam. Belə tarixi, imkanları olan adam sizcə ittihamda yazıldığı kimi belə utancverici iş görər? Mən o günə qalmışam ki, kiməsə zəng edib 3 min manat tələb edim? Yazıblar ki, guya atamın, anamın adına aldığım mülklər qanunsuz yolla əldə edilmiş pulla alınıb. 

 

Mən hansı gizli işi görmüşəm, bunu konkret deyin. Bizim xaricdə olan bank hesablarımıza gəlincə, mənim və anamın adına İsveçrə, mənim adıma Almaniya bankında hesablar olub. Bu pullar xaricdəki biznesimdən halal, qanuni yolla qazanılıb, vergisi də ödənilib.

İndi isə Nərimanov heykəlinin yanındakı başıbəlalı binadan danışım. 2005-ci ildə deputat seçildiyim üçün qanun mənə bizneslə məşğul olmağı qadağan edirdi. Mən də işləri anamla atamın adına keçirtdim. Onlar da deyilənlər kimi yüzlərlə yox, cəmi 1 bina tikdilər. O binanın da bütün ödənişləri edilib, bununla bağlı dövlət tərəfindən protokol da tərtib olunub. 2013-cü ildə mənə cinayət işi başlanıldı, ödədiyimiz vergini ikinci dəfə bizdən aldılar. Buna görə anamdan 1,8 milyon manat pul aldılar. İstintaq isə bu ödənilən məbləği görməzdən gəlib cinayət işinə xitam vermədi. Bütün bunlardan sonra mən məcbur qalıb doğma yurdumdan didərgin düşdüm, 2013-cü ildə Almaniyadan siyasi sığınacaq istədim, sağolsunlar razılıq verdilər. Burdakı adamlar məni deputat və mahnı bəstələdiyim üçün bəstəkar kimi tanıyırlar. Amma vaxtilə dəstək verdiyim, kömək etdiyim insanları bunları unudublar. Bunu bilirəm, amma eybi yoxdur. Mən bütün gəncliyimi dövlətçiliyimizin möhkəmlənməsinə, qorunub saxlanılmasına qurban vermişəm. Ölkədə sabitlik, kriminal dəstələrin baş qaldırmaması üçün həyatımı təhlükəyə atıb fəaliyyət göstərmişəm. Bundan da peşman olmamışam, heç vaxt dövlətimizə xəyanət etməmişəm".

H. Abdullayev çıxış edərkən bir neçə dəfə kövrəlib, Almaniyadan sığınacaq istəməyə məcbur qalması haqda danışarkən özünü saxlaya bilməyərək ağlayıb.

XƏBƏR LENTİ