02:49 çərşənbə, 20 Noyabr 2019
KÖŞƏ

İlham Əliyev təzyiqi sevmir

13:49, 23.01.20193581
İlham Əliyev təzyiqi sevmir

Azər Qismət

Yazıçı Fərman Kərimzadənin romanı əsasında çəkilmiş "Axırıncı aşırım” filmində Kərbalayi İsmayılın adamları ayaqda saxlamaq üçün işlətdiyi fikir belə idi: "Nikolayı müsəlmanların Allahı yıxdı”. Filmdəki bu sözləri Prezident İlham Əliyevin Mehman Hüseynovu bağışlamasından sonra yenidən xatırladım. Müxalifət tərəfi bildirdi ki, "bu, yanvarın 19-da "Məhsul” stadionunda keçirilmiş mitinqin nəticəsidir. Hakimiyyət dala çəkilir, xalqın etirazı qələbəmizi təmin etdi”. Məhz bu baxımdan yanvarın 26-da keçirilməsi gözlənilən mitinqə çağırışlar artdı.

Əslində, təzyiq amili kökündən yanlışdır. İlham Əliyev təzyiqi sevmir. Ümumiyyətlə, heç bir dövlət başçısı təzyiqi xoşlamır. Çünki bunun acı nəticələri ola bilər. Ən azı dövlətçilik üçün. Məsələn, adamların ürəyindən çox şey keçər. İstəyər ki, işləməsin və aylıq məvacibini alsın. İstəyər ki, Azərbaycan Braziliyanın tərkibinə keçsin ki, hər il Rio de Janeyro karnavalındakı qızlara baxsın. Təzyiqlə məsələlər həll olunsaydı, kimsə istəyərdi ki, evindəki krantından su əvəzinə süd axsın. Sadə insan təzyiqdən dala çəkilər. Düşünər ki, vəziyyət gərgin hal almasın. Amma bu dövlət başısı səviyyəsinə qalxanda, məsələ bir az başqa məna kəsb edir. Dövlət başçısı bir sadə insan kimi düşünüb təzyiqə xoş cavab verər. Lakin dövlət başıçısı olduğuna görə təzyiqlə qərar qəbul etməz. Mehman məsələsində vəziyyət tamam başqa idi. Məktubu çatdırdılar ki, bu insan sizin ədalətinizə ümid edir. Və deyir ki, kimsə mənim adımdan istifadə etməsin. Yəni, məni siyasi alət vasitəsinə çevirməsinlər.

Bununla demək ki, İlham Əliyev təzyiqin qarşısında geri çəkildi, sadəlövh yanaşmadır. Xatırlayırsınızsa, İsmayıllı hadisələri zamanı rayon sakinləri ayağa qalxıb icra başçısının tezliklə istefaya göndərilməsini tələb etdilər. O günlərdə prezident tələm-tələsik sərəncam verib icra başçısını azad edər, adamların sevgisini qazanar, yüksək reytinq əldə edərdi. O reytinq ki, Amerika prezidentləri bundan ötəri sinov gedirlər. Ancaq İlham Əliyev sərəncam vermədi. Səbəb adamların etirazının yatmasında idi. "Əsəbi başda ağıl olmaz” prinsipinə elə soyuq başla yanaşmaq lazım idi. Bəli, prezident icra başçısının özbaşınalığını bildi, özlüyündə qərar verdi ki, vəzifəsindən uzaqlaşdırsın. Lakin bunu həmin vaxtda ona görə etmədi ki, əsəbi başların başqa tələbləri ortaya çıxardı. Həmin tələblər isə ölkənin müqəddaratında mənfiliyə doğru pis addım olar. Elə bilməyin ki, yalnız bizim prezidient təzyiqi xoşlamır. Belə hal dünyanın sivil ölkələrinin prezidentlərinin də menyüsünə daxildir. Elə götürək Fransa prezidenti Emmanuel Makronu.

Artıq neçə aydır ki, Fransada "sarıgödəkçəlilər hərəkatı” vüsət alıb. Səbəb bu idi ki, hökümət yanacağın qiymətini qaldırmışdı. Prezident təzyiqlər qarşısında əyilmədi. Başqa vaxt başqa ölkələrə "adamların etiraz tələblərini dinləmək lazımdır” deyə məsləhətlərini verən Makronun özü nəyə görəsə təzyiqlə oturub-durmadı. Lakin ölkədə vəziyyətin pisləşdiyini, hətta Avropanın digər ölkələrində də sarıgödəkçəlilər hərakatının tüğyan etdiyini görəndə etirazları eşitdi. Yanacağın qaldırılması məsələsini dondurdu. Maraqlısı bundan sonradır. Prezidentin təzyiq qarşısında geri çəkildiyini görənlər bayram etdikdən sonra yeni tələb irəli sürüldü: "Ümumiyyətlə, prezdient istefa verməlidir”. Ziddiyyətli məqam ondan ibarət idi ki, xalq özünün seçdiyi prezidentin getməsini istədi. İkinci tələb yerinə yetirilmədi. Çünki Fransa nə qədər də Azərbaycana soyuq münasibət göstərib Ermənistanı bacı adlandırsa da, hər halda hakimiyyətə naməlum qüvvələrin gələcəyinə görə haqlı idi. Ölkənin əsrlərdən bəri formalaşdırdığı ənənə pozular, mənşəyi bilinməyən qara qüvvələrin hakimiyyətə gəlişi ilə nəinki Avropa, eləcə də dünyada söz sahibi olmaqdan geri qalardı. Bununla da dövlətçiliyə ciddi zərbə vurulardı. Məhz bu baxımdan İlham Əliyev təzyiqlə iş görmür. Elə Leyla Yunus, İlqar Məmmədov, Xədicə İsmayıl məsələlərində də uzun müddət beynəlxalq təşkilatların diqtəsinə rədd cavabı vermişdi. Bu gün bu diqtəyə əməl olunsa, sabah başqa diqtələr gələcək. Yox, söhbət Makron kimi hakimiyyətdən getməkdən getmir. Diqtə ümumiyyətlə dövlətçiliyə zərbə vuracaq məsələ şəklində qabardılar. Bu yeri diqqətlə oxumaq lazımdır: "haklimiyyətə” söyləmədim, ümumilikdə "dövlətçiliyə”. Əgər Mehman Hüseynov da məktub yazmasaydı, İlham Əliyev təzyiq amili qarşısından çəkilməyəcəkdi. Sağ olsun o kəslər ki, məktubu prezdentə çatdırdılar. Və onun ədalətinə güvəndilər.

Bir sözlə, sadəlövcəsinə "təzyiqlə qalib gəldik” düşünmək mənasızdır. İlham Əliyev təzyiqi sevmir. Doğrudan sevmir. Mehmanın bağışlanmasını dəyərləndirsəydilər, digər məhbusların da məsələsinə baxılardı. Təəssüf ki, humanist qərarı gözdən salmağa çalışmaq, hələ çox sualın cavabını gecikdirəcək. Gecikməyə də bilərdi, əgər çörək diz üstünə gətirilməsəydi.

Mehman Hüseynova gəlincə, o da barışdı. Fotolar xoş təsir bağışladı. Doğrudan da cəmiyyətdə mehribanlığı görmək necə xoşdur. Kiçik ölkəyik də, mehriban olaq. Yalnız mehribanlıq kiçik ölkəni yağlı tikə gözündə görənlərin qara niyyətini puç edər.             

XƏBƏR LENTİ