03:29 Bazar Ertəsi, 18 Dekabr 2017
SOSİAL

İlhaməyə dəstək məqsədilə yarmarka təşkil olunacaq - "Park Bulvar"da

15:04, 16.11.2017405
İlhaməyə dəstək məqsədilə yarmarka təşkil olunacaq -

Sağalmasına bir addım qalan qızcığaz onu yolun sonunda tək buraxmamağı xahiş edir

İllərdir həyat mücadiləsi verən, talassemiyadan əziyyət çəkən və nəhayət ilikköçürmə əməliyyatı keçirərək, həyatda qalan 10 yaşlı İlhamə Nağızadə xeyirxah insanlara son ricası var. İlhaməyə dəstək məqsədilə noyabrın 18-19-u "Park Bulvar"da növbəti xeyriyyə aksiyası baş tutacaq.

İlhamə haqda oxucularımız məlumatlıdırlar. Onun haqqında bir neçə dəfə informasiya vermişik, xahişini çatdırmışıq, müalicəsi üçün təşkil olunan xeyriyyə marafonları haqda da bilgi vermişik.

İlhamə Nağızadə 2007-ci ildə doğulub və ötən ilə qədər ağır talassemiya xəstəsi idi. Onun özünün və anası Günay Əsgərovanın çağırışı ilə xeyirxah insanlar İlhaməni tək və çarəsiz buraxmadılar. Günay Əsgərovadan sitat: "Bir neçə il çalışdıqdan sonra xeyirxah insanların köməyi ilə qızıma Almaniyanın Tübingen şəhər Kinder klinikasında sümük iliyi nəqli edildi. Mən bizə dəstək olan hər bir kəsin qarşısında baş əyir və dərin minnətdarlığımı bildirirəm. Şükürlər olsun ki, qızım talassemiya xəstəliyindən xilas oldu. Bu transplantasiya həddən artıq bahalı və sonrakı müalicələr uzunmüddətlidir.

2016-cı ilin yanvar ayından 2017-ci ilin iyun ayına qədər qızım Almaniyada müalicə aldı. 2017-ci ilin iyun ayından etibarən Bakıya qayıtsaq da bir müddətdir, həkimlər uşağın dərisində baş qaldırmış GVHD (yeni nəql edilmiş iliyin bədən ilə mübarizəsi) səbəbindən bizi təcili olaraq Almaniyaya klinikaya dəvət edirlər. Uşağın klinika xərcləri əvvəldən ödənilib, lakin Almaniyada qalmaq və yaşamaq xərcləri çatışmadığı üçün bizə son kömək lazımdır”.

Artıq yaşayacağına əmin olan və xeyirxah insanlara hər gün təşəkkür edən İlhamənin son ricası isə budur: "Mən yaşamaq istəyirdim və artıq Allahın və sizlərin dəstəyinizlə yaşayacam, ölməyəcəm! Bunun üçün son dəstəyinizə ehtiyacım var. Mənim xəstəliyimin geriyə dönməməsi üçün Almaniyaya getmək üçün biletlər artıq alınıb. Amma qalıq borcumuz var, onu da ödəməliyik. Orada qalmaq xərclərimizi əldə edə bilmirik. Mənim anam və qohumlarım mənə görə hər şeylərini satıblar. Mən o klinikaya yenidən tezliklə gedib son müalicə kursunu almalıyam. Bakıya qayıtdıqdan sonra azca uzanmış saçlarım yenidən tökülüb, bədənim qızarıb. Həkimlər xəstəliyin geriyə dönməməsi üçün məni təcili klinikaya çağırıblar. Xahiş edirəm ki, bu təcili vəziyyəti nəzərə alaraq yolun sonunda bizi darda qoymayasınız. Sizə sonsuz təşəkkür edirəm, son ricamı nəzərə alçağınıza inanıram və əvvəlcədən təşəkkür edirəm”.

İlhamənin valideyni ilə 0559895474 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 

 

 

 

 

 

 


 

0
XƏBƏR LENTİ