02:03 Bazar Ertəsi, 22 Yanvar 2018
Maqazin

İqbal Ağazadənin çıxışı Nuranı hiddətləndirdi: "Ən böyük rüşvətxor efirlərdədir"

14:19, 23.04.201719497
İqbal Ağazadənin çıxışı Nuranı hiddətləndirdi:
Tanınmış müğənni Nura Suri deputatların Milli Məclisdə müğənniləri müzakirə etməsinə sərt reaksiya verib.
 
AZXEBER.COM xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə kəskin fikirlər səsləndirib və televiziya kanallarını ifşa edib:
 
"Müzakirə etməyə mövzu olmayanda müğənnilərdən danışırlar. Ağzının danışığını bilməyən, hər yerindən duran pul verib efirə çıxır. Tv rəhbərləri, işçiləri bütün qohum-qonşu tədbirlərinə havayı çağırtdırıb oxutdururlar. Müğənni bilmir vergi ödəsin, işçilərinə maaş versin, geyim alsın, salona xərcləsin ya ailəsini dolandırsın. Bütün dövlət tədbirlərinə ayrılan vəsait televiziya işçilərinin cibinə gedir, ifaçılar isə təmənnasız çıxış edirlər. Getməyəndə isə həmin kanalda müğənnilər "zapret"ə salınır". 
 
Qeyd edək ki, Nura Surinin etirazına səbəb olan çıxış bir neçə il öncə Milli Məclisdə səslənib. Bu fikrin müəllifi sabiq deputat İqbal Ağazadədir. O bu çıxışı 11 il öncə 30 sentyabr 2006-ci il tarixində səsləndirib.
 
Eks-deputat demişdi: Bu çıxışımda heç də indiyə qədər səslənməyən və daha çox üzərindən keçilən məsələ barədə fikrimi bildirmək istəyirəm. Uzun zamandır ki, Azərbaycanda sənətkarlara, sənət adamlarına fəxri adlar verilir və biz tez-tez sənətkarlara belə adların verilməsi ilə bağlı Prezident fərmanlarını eşidirik. Əlbəttə, bu, Prezidentin Konstitusiya ilə verilmiş müstəsna səlahiyyətidir və Prezident, təbii ki, bu sahədə fəxri adların verilməsi işi ilə məşğul olanların təqdim etdiyi siyahı əsasında nələrisə təsdiq edir. Amma çox qəribə, paradoksal hallar yaranır. Ömründə yarım saat səhnədə çıxış eləməyən, canlı ifası ilə qəlblərə yol tapmayan adamlara respublikanın əməkdar artisti, xalq artisti adları verilir. Adam tarixə nəzər salır, Bülbülü, Rəşid Behbudovu, Şövkət Ələkbərovanı, Sara Qədimovanı yada salır, canlı korifeyimiz Zeynəb xanım Xanlarovaya baxır və düşünür ki, bu gün xalq artisti adı niyə belə ucuz tutulur? Bəzən elə adamlara xalq artisti adı verilir ki, nəinki sənəti, əxlaqı və mənəviyyatı ilə nümunə ola bilməz, ümumiyyətlə, efirə buraxılmalı deyil. Bir neçə deputat mədəniyyət nazirinə də, mədəniyyət nazirinin müavininə də bununla bağlı rəsmi məktub göndərmişdi. Azərbaycan muğam sənətində 60 il külüng çalan Süleyman Abdullayev dəfələrlə müraciət olunmasına baxmayaraq, əməkdar artist belə deyil. Amma efirdə üst-üstə yarım saat konserti olmayan, şit sözləri və bayağı musiqisi ilə yalnız zövqləri korlayan ifaçıların adlarını yazıb Prezidentin stolunun üstünə qoyurlar. Düşünürəm, bu sahədə vəziyyəti nizama salmaq üçün ya bir bədii şura, ya da hansısa bir formada komissiya yaratmaq lazımdır ki, Azərbaycanda sənəti də, sənətkarlığı da doğru-dürüst qiymətləndirsin. Yoxsa Zeynəb xanım da xalq artistidir, sənəti, sənətkarlığı bilinməyən, repertuarı və ifası ilə Azərbaycan dinləyicisinin zövqünü oxşamayan adamlar da. Nəhayət ki, bir normal şura fəaliyyət göstərməli, ya da bütün bu adların hamısı bütövlükdə ləğv olunmalıdır. Heç bir fəxri ad sistemi olmamalıdır. Mən hesab edirəm ki, buna əvvəl-axır cavabdeh olan insanların özünə də bir komissiya şəklində nəzarət olunmalıdır. Azərbaycan səhnəsini və efirini zövqsüz sənət adamları ilə, verilən fəxri adlara layiq olmayan xalq artistləri və əməkdar artistlərlə doldurmaq lazım deyil”
 
0
XƏBƏR LENTİ