15:40 şənbə, 15 Dekabr 2018
SAĞLAMLIQ

İştaha artıran naringi hansı xəstəliklərə qarşı faydalıdır?

00:08, 06.12.20188189
İştaha artıran naringi hansı xəstəliklərə qarşı faydalıdır?
Hər birimizin daha çox iştaha artıran meyvə kimi tanıdığımız naringi qonaqpərvər azərbaycanlı süfrəsinin bəzəyi olmaqla yanaşı, həm də bir çox xəstəliklərin müalicəsində əla vasitədir.

AZXEBER.COM bildirir ki, Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, Meyvələrlə müalicə sahəsində elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində naringinin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışarkən deyib: "Sortlardan asılı olaraq naringinin tərkibi müxtəlifdir. Bir qrup sortlar yüksək şəkərliliyi, digərləri isə tərkibində çoxlu üzvi turşular olması ilə fərqlənir. Eyni zamanda, bütün sortlar yüksək vitaminlidir. Tərkibində şəkər (fruktoza, qlükoza), limon turşusu, pektin maddələri, A, B1, B2, C, PP vitaminləri, mineral maddələr və digər elementlər var. Naringi meyvələri bədxassəli şişlərin, aterosklerioz, piylənmə, podaqra, sinqa, anemiya, hipertoniya, soyuqdəymə, infeksion xəstəliklər, şişmə, qəbizlik, dəri və digər xəstəliklərin kompleks müalicəsində istifadə olunur".

Fitonsid xüsusiyyəti olduğundan naringi meyvələri mikrob əleyhinə təsir göstərərək bağırsağın işini nizamlayır. Yüngül səviyyədə bərkidici fəaliyyət göstərir. Ümumi əhval-ruhiyyəni yaxşılaşdırır, həzmi gücləndirir, iştahanı artırır.

Alim bildirib ki, naringinin qabığının sulu məhlulu iştahanı artırır, həzmi yaxşılaşdırır, öskürəyi yumşaldır, qurudulmuş qabıqdan alınmış həlim öskürəyi kəsir, bronxit, ürək bulanması zamanı sakitləşdirici təsir göstərir.
XƏBƏR LENTİ