10:19 Bazar Günü, 21 Iyul 2019
SİYASƏT

Maaş artımı və iqtisadi cığallıq

16:14, 20.06.20193206
Maaş artımı və iqtisadi cığallıq
Aygün Muradxanlı 
 
Hər zaman Azərbaycanda əmək haqlarının aşağı olması haqqında odlu-alovlu çıxışlar edənləri son 3 gündə anlamaqda çətinlik çəkirəm. Prezident fərmanı ilə sentyabrın 1-dən əmək haqları orta hesabla 40 faiz artıb, 1 milyon vətəndaşın əməkhaqqı yüksəlib, Azərbaycan orta aylıq məvacib məsələsində MDB ölkələrinin ilk üçlüyünə daxil olub, amma nədənsə bu vaxta qədər "maaşlar artırılsın” tələbi ilə hökuməti bacarıqsızlıqda suçlayanlar qara geyinib…

Azərbaycanda milyonlarla büdcə çalışanı hökumət qara mühasibatlıqlara savaş açandan, gizli iqtisadiyatın minimuma endirilməsi üzrə addımlar atandan, vergi-uçot sistemi dəqiqləşdiriləndən, vergidən kənar qalan sahələr vergiyə cəlb ediləndən, gömrük sistemi nizama salınandan sonra bugünləri gözləyirdi. Son 7 ayda minimum əməkhaqqı 1,92 dəfə (2 dəfəyə yaxın) artıb 150 dollara yaxınlaşıb, bu məsələdə MDB birinciləri Belorusla aramızda 7-8, Rusiya ilə 18 dollarlıq fərq qalır. Kim bilir, bəlkə də yayda iqtisadi sistemi daha da liberallaşdıran hökumətin bu yöndə imkanları genişlənəcək və sentyabrda prezident yeni artım haqqında fərman imzalayacaq?

Dövriyyədəki pul kütləsinin artmasının növbəti devalvasiya dalğası yaradacağı haqqında haray-həşir isə lap savadsız çığallıqdır. İqtisadçı deyiləm, amma iqtisadi biliklərinə arxayın olduğum iqtisadçılardan öyrənmişəm ki, dövriyyədəki pul kütləsinin çoxalması devalvasiya yox, inflyasiya riski yarada bilər. Bu riskin qarşısının alınması üçün hökumətin iqtisadi mexanizmləri var və onlar artımla eyni zamanda işə salınır. Bundan öncəki maaş və pensiya artımında gördük – bahalaşma olmadı. Maaşların artımı devalvasiya – yəni manatın xarici valyutaya nisbətdə ucuzlaşmasını yarada bilməz, çünki ölkənin xarici ticarət saldosu və tədiyə balansı müsbətdir. Sadə dildə desək, Azərbaycanın hələ pulu var.

Maaşların artımının nəyə səbəb olacağını proqnozlaşdırmaq üçün isə Arximed kimi vannada oturub başa almaq düşəcəyini gözləməyə gərək yoxdur. Aydındır ki, vətəndaşın cibindəki pul artıqca, o, daha keyfiyyətli yaşayacaq, daha çox xidmət alacaq, ən əsası da sosial müdafiəsi gücləndiyi üçün psixoloji durumu daha sağlam olacaq.

Ölkədə alqı-satqı çoxalması sahibkarlıq mühitinə müsbət təsir edəcək, büdcəyə vergi şəklində daxilolmalar artacaq.

Statistika deyir ki, 2019-cu ilin birincü rübündə vergi ödəmələri ötən ilin ilk rübü ilə müqayisədə yarım milyon manat çox toplanıb. Bu gün rifah düzənlərinə həsədlə baxdığımız inkişaf etmiş ölkələrin çoxu vətəndaşların sosial müdafiəsini məhz vergi sistemini təkmilləşdirərək möhkəmləndirə biliblər.

Ümid edək ki, Azərbaycan hökumətinin iqtisadiyyatın liberallaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi yönündə atdığı addımlar qısa zamanda nəticə verəcək, ən əsası proses ardıcıl xarakter daşıyaraq bütün təbəqələri əhatə edəcək.


XƏBƏR LENTİ