01:03 çərşənbə, 27 Mart 2019
KÖŞƏ

Məğlubiyyətin “Xəcalət”i

12:46, 07.01.20192892
Məğlubiyyətin “Xəcalət”i

Türkan TURAN

Yorucu günün sonu idi. Hazırlaşırdım, redaksiyadan çıxım. Birdən otağa Qol.az-ın baş redaktoru Aydın Bağırov daxil oldu. 

Tələsdiyimi görüb, hara getdiyimi soruşdu. Yarım saatdan da az vaxtım qaldığını, Akademik Milli Dram Teatrına çatmalı olduğumu dedim. Lakin "pik saat” olduğu üçün gecikəcəyimdən gileylənə-gileylənə gödəkcəmi əynimə keçirib qapıya səmt almaq istəyəndə, hansı tamaşa olduğu ilə maraqlandı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun Qarabağdan, qaçqın həyatından bəhs edən eyniadlı əsəri əsasında səhnələşdirilən "Xəcalət”dən bəhs etdim. Gözünü gözümə zilləyib bir qədər baxdı, sonra üzündə istehzalı təbəssüm yarandı və əlavə etdi: "O vaxt Ağdamdan Bakıya gələndə bizə qəribə baxırdılar. Deyirdilər ki, sizin orada eviniz var idi? Guya biz birdən-birə, torpaqdan peyda olmuşuq və ya başqa planetdən gəlib onların arasına düşmüşük. Əvvəl-əvvəl bu cür danışanlarla dalaşırdıq, sonra alışdıq”. O danışdıqca susurdum. Necə də dəhşətlidir, yurdunun bir hissəsindən didərgin düşür, digər hissəsində tənəyə məruz qalırsan. Sənə yad, soyuq, məsafəli davranırlar. Sanki suçlu sənsən! Ağac kimi kökündən kəsilib kənara atılırsan, bilmirsən doğrandığına yanasan, yoxsa baxışların, sözlərin altında rəndələnməkdən özünü qoruyasan.

Bu dialoqdan sonra tamaşa mənə daha da maraqlı gəldi. "Görəsən, Aydının dediklərini orada nə qədər hiss edəcəm” düşüncəsi ilə teatra yollandım. Adam çoxluğundan girişdə sıxlıq yaranmışdı. Sən demə, bu, aysberqin görünən hissəsi imiş. İçəridə bir anşlaq vardı, gəl görəsən! Açığı təəccübləndim, həm də sevindirici idi. Deməli, biganəlik yoxdur, deməli, Qarabağ unudulmayacaq. Son dəqiqələr olduğu üçün, zaldakı yerimizi tutduq. Bayaqdan dinməyən insan uğultusu, bir-birinə qarışan səsdən yaranan hay-küy artıq dinməyə başlayırdı. Gözlər son dərəcə dəqiq, qüsursuz hazırlanan qaçqın evinə dikilir: nəmli divar, oradan asılmış tar, uçuq tavan, çökək döşəmə, dəmirdən paslı çarpayı, pərdə ilə arakəsmələr, sınıq-salxaq əşyalar. Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədovun səhnəni necə həssaslıqla tərtib etdiyi danılmaz idi. Baxdıqca vaxtı ilə baxçalara, xəstəxanalara, yayda istidən qovuran, qışda soyuqdan donduran vaqonlara, ucu-bucağı görünməyən çadır şəhərciklərinə sığınan insanlar gəlib adamın gözü önündə dayanırdı.

Hüseynbala Mirələmovun "Xəcalət” adlı iki hissəli dramı, yazıçının şərti olaraq "Qarabağnamə” adlandırılan silsiləsinə daxil olan əsərlərindəndir. Cəmi altı obrazın iştirak etdiyi dramda baş verənlər Qarabağ müharibəsindən sonrakı hadisələrdən bəhs edir. Maraqlı, orijinal süjetə, bitkin kompozisiyaya malik olan, yarı xatirə, yarı olmuş və başa gəlmişlərin təsviri yolu ilə yazılmış bu əsəri yazıçı təxəyyülü ilə gerçəyin, bədiiliklə sənədliliyin harmoniyasından yarandığını da demək olar. Hadisələr yazıçı ustalığı və səmimiliyi ilə elə təqdim olunur ki, ürəyi, mənəviyyatı yerində olan hər bir azərbaycanlı bunlardan yalnız mütəəssir olmaqla kifayətlənmir, həm də gələcək mübarizələr üçün daxilən səfərbər olur. Bir ailənin başına gələnlərin təsviri ilə başlanan əsərdə olaylar şəxsi mənafedən uzaqlaşdırılaraq ümümxalq müstəviyə keçirilir və izləyici belə bir sualla baş-başa buraxılır: "Kimdir günahkar, özümüz, ya özgələri?”

Hadisələr Bakıda, qaçqınların yaşadıqları yataqxanalardan birində cərəyan edir. Ailənin qızı Gülyaz istəmir ki, yoldaşları onların hansı vəziyyətdə və hansı şəraitdə yaşamaqlarının şahidi olsunlar. Anası Fərqanənin öyüd-nəsihəti ona təsir etmir və o, əsəbi şəkildə anasına deyir: "Bura adam gələr, ana? Bilirsən onların necə evləri var?” Bu bir neçə cümlə məğrur qızın ailəsinin durumunu büsbütün aydınlaşdırır.

Müəllifin çılpaq şəkildə obrazların dili ilə canlandırdığı bir çox məqamlar, bir ailənin faciəsi milli faciə kimi təqdim olunur. H.Mirələmov qaçqın taleyi yaşamağa məcbur olanları da iki yerə bölür: qaçqın statusundan istifadə etməklə qaz vurub qazan dolduranlar və Vətənə qayıtmaqdan başqa arzusu olmayan, aza qane olan, "Təki torpaqlarımız azad olsun”, - ideyası ilə yaşayanlar.

Uşaqlıqdan bir yerdə böyümüş Vətən və Murad Qarabağ savaşına da birgə gedir, amma sonradan onların həyat yolları ayrılır. Atəşkəs haqqında müqavilə imzalanandan 10 il sonra dostlar yenidən görüşürlər. Amma necə? Bu on il müddətində Vətən torpaq həsrəti ilə yanıb-yaxılmış, Murad isə Qarabağ döyüşü zamanı əldə etdiyi sərmayə ilə var-dövlət qazanmışdı. Buna görə də, iki dost arasında vətənə, torpağa münasibətdə fikir ayrılığı yaranır. Vəziyyətləri ağır olduğu üçün Vətən oğlunu aparıb şəhərdəki internat məktəblərinin birinə qoyur. Qızı Gülyaz isə onlarla qalır. O da buradakı şəraitsizlikdən, rütubətdən xəstəliyə tutulur.

Əsərin konfliktini Vətən ilə Murad arasındakı mövqe və baxış fərqləri təşkil edir. Kim haqlıdır? Qarabağ savaşında canını qurban verməyə hazır olan, xəstə qızına dərman pulu tapa bilməyən Vətənmi? Yoxsa bu savaş hesabına varlanan, torpağının, yurdunun azadlığını xarici ölkələrin köməyində axtaran Muradmı?

İkinci pərdədəki hadisələr yenə də eyni məkanda baş verir. Muradın çağırdığı həkim Vətənin qızını müayinə edib dərman yazır və yenə də keçmiş xatırlanır. Kərim həkimin hər kəlmədə Muradı tərifləməsi və onun da bundan açıq şəkildə zövq alması Vətənin nəzərindən qaçmır. Öz uşağını müalicə etdirə bilməyən və bu işdə başqasının yardımını qəbul etməyə məcbur olan valideynlərin vəziyyətini ümumi bəla kimi qiymətləndirən müəllif Muradın hərəkətlərinə haqq qazandırsa da, onun yekəxanalığını göstərməyi də unutmur.

H.Mirələmovun 2003-cü ildə qələmə aldığı bu dram bir çox mətləbləri özündə ehtiva edən əsərdir. Burada "Əsl insan və vətəndaş kimdir?” sualından başlayaraq müxtəlif problemlərlə bağlı sorğulara cavab verilib, Azərbaycanın sinəsində hələ ki, sağalmaz yara olan Qarabağ problemi, məcburi köçkünlərin taleyi, qaçqınlara göstərilən münasibət və onların həyat uğrunda apardıqları mübarizənin real mənzərələri yaradılıb.

Quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Xalq artisti Səyavuş Kərimi olan tamaşada əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artist Əsgər Məmmədoğlu, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edirdi. Dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, ümidsizliyi təsirli boyalarla təsvir edə bilib. "Xəcalət” pyesi dünyada hökm sürən müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir. Pyesə dramaturqun qoyduğu "Xəcalət” adı çox doğru və yerində işlənib. Torpaqlarımızın 20%-dən çoxunun işğal olunduğu, milyonlarla insanın qaçqın düşdüyü bir vaxtda xalqımızın heç nə olmamış kimi şad-xürrəm yaşaması bizim üçün xəcalətdir. Sazaq kimi adamı kəsən cümlələrdən biri isə budur: "Vətən insanın bədəni kimidir, bir yeri ağrıyanda digər yerləri də sızıldayır. Bəs bu sızıltı Bakıda niyə hiss edilmirdi?” Hüseynbala Mirələmov bu cümlə ilə həm Qarabağ həqiqətini, həm də Bakının reallığını gözlər önünə sərir!

Ən təsirli məqamlardan biri Kürənin araq içdikdən sonra Muradın səxavətindən danışdığı, hətta Fərqanənin bu gün Muradın yanına gəlib ondan Vətənə iş düzəltməsini xahiş etdiyini dediyi səhnədir. Xəbəri eşidən Vətən böyük sarsıntı keçirir. Bu məqamda bütün zalın həyəcandan çıxardığı heyrət dolu səs, onların necə təsirləndiyini göstərirdi. Yazıçı burada həm də içib özünü itirənləri mükəmməl şəkildə anladır.

İki saatdan artıq davam edən tamaşa bitdi. Hamı ayağa qalxdı, alqış sədalarından qulaq tutulurdu.

Mən isə Bəxtiyar Vahabzadəni düşünürdüm. Onun vaxtilə "Xəcalət” povesti nə üçün yarıya qədər oxuya bildiyini, qəhərdən boğulduğunu, göz yaşlarını saxlaya bilmədiyinin səbəbini anlamışdım. Bu dərdlə qol-qola, baş-başa yaşaya bilməməyin xəcalətindən idi.

XƏBƏR LENTİ